Ölkə 17:27 11.07.2023

Sabiq sədr azadlığa buraxılmadı

Goranboy rayonunun Düzqışlaq bələdiyyəsinin həbs edilən sabiq sədri azadlığa buraxılmayıb.

Qaynarinfo-nun məlumatına görə, sabiq bələdiyyə sədri Elyar Cəfərovun Gəncə Apellyasiya Məhkəməsində şikayətinə baxılıb. 

Elyar Cəfərovun vəkili məhkəmədən müdafiə etdiyi şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edib. Vəkil bunu təqsirləndirilən şəxsin daim xeyriyyə işləri ilə məşğul olması, kənd qəbiristanlığını abadlaşdırması və kəndə yol çəkdirməsi ilə əlaqəlandirib: "İmkansız ailələrə yardım edib, sovqatlar verib. Düzqışlaq kənd sakinləri Elyar Cəfərovu ziyalı və xeyirxah insan kimi tanıyır”. 

Elyar Cəfərov da apellyasiya şikayətini onunla əsaslandırıb ki, hökmü qanunsuz və ədalətsiz hesab edir, heç vaxt rüşvət almayıb. 

Məhkəmədə məhkum və müdafiə tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyib. 1 dekabr 2022-ci il tarixli Gəncə Ağır Cinayətlər Məhkəməsinin Elyar Cəfərova təyin edilmiş 8 illik azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılıb. 

Qeyd edək ki, ittihama görə, Elyar Cəfərov Goranboy rayonunun Düzqışlaq bələdiyyəsinin sədri vəzifəsində çalışarkən 2020-ci ilin iyununda 33 ha torpaq sahəsinin icarəyə verilməsi üçün Qalib adlı şəxsdən 7 min manat rüşvət alıb, lakin verdiyi vədə əməl etməyib. Daha sonra vətəndaş Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib və Elyar Cəfərov həbs olunub.

Əhməd