
“İrandakı müəyyən kəsim insanlar işin mahiyyətini bilir və Qarabağ məsələsində Azərbaycanda dəstək olurlar. Amma bütövlükdə İran Ermənistanı dəstəkləyir”.
Bunu Qaynar.info-ya Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı iranlı diplomatın “İran Qarabağ müharibəsi zamanı Qarabağda döyüşən erməni silahlı qruplaşmalarına yardım edib” fikrinə münasibət bildirərkən deyib. S.Rüstəmxanlının sözlərinə görə, İran Ermənistanı qazla, yanacaqla təmin edir: “İranın Azərbaycan problemi var. Cənub qonşumuz Şimalda Azərbaycan kimi müstəqil dövlətin yaranmasını qəbul etmir. Çünki İranın əsarət altında saxladığı 35 milyon azərbaycanlı var”.
S.Rüstəmxanlı İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) sabiq komandanı Möhsün Rzayinin “İran müharibə zamanı Azərbaycana kömək edib” fikirlərinə də münasibət bildirib: “ İranın Azərbaycana köməyi ondan ibarət olub ki, Zəngəzur qaçqınları ölkəyə İran üzərindən gəliblər. Bir də İran tərəfindən qaçqınlar üçün çadırlar qurulmuşdı. Həmin humanitar yardım “Qızıl Aypara” cəmiyyətinin xətti ilə həyata keçirilirdi. Bu da normal haldı, çünki münasibətlərdən asılı olmayaraq ölkələr bir-birlərinə yardım edirlər. Bu o demək deyil ki, İran Azərbaycana dəstək olub. İranın keçmiş Xarici İşlər Naziri deyirdi ki, ermənilər iranlıların qan qardaşıdır. Buna görə də, Ermənistana yardım edilməlidir. Yenə də deyirəm, İran həmişə Ermənistana dəstək olub”.
İlkin
Qaynar.info