Qədim Misirin kral ailəsinə mənsub qadınların həyatının dəbdəbə və hərəm həyatı ilə məhdudlaşdığı barədə geniş yayılmış təsəvvür yeni araşdırma ilə şübhə altına alınıb.
Qaynarinfo xəbər verir ki, "The Independent" nəşrinin yazdığına görə, alimlər onların peşəkar oxatan olduqlarını və ehtimal ki, xəncər və toppuzdan istifadə üzrə də təlim keçdiklərini müəyyən ediblər.
Əvvəllər hesab olunurdu ki, Qədim Misirin kral ailəsinin qadınları əsasən hərəmxanalarda yaşayır, ailə qayğıları ilə məşğul olur və passiv həyat tərzi sürürdülər.
Lakin arxeoloq Zeynəb Haşeş bildirib ki, yeni tədqiqatlar onların müstəqil liderlər olduqlarını, diplomatik və dini vəzifələr yerinə yetirdiklərini göstərir. Alimin fikrincə, bu qadınlar uşaqlıq və ya erkən yeniyetməlik dövründən başlayaraq silahla davranmağı öyrənmək üçün ciddi və intizamlı hazırlıq keçiblər.
Mumiyalar yeni faktları üzə çıxarıb
Araşdırma təxminən 4 min il əvvəl yaşamış beş Misir şahzadəsinin mumiyaları üzərində aparılıb. Nəticələr onların intensiv hərbi hazırlıq keçdiklərini və hətta həyatları üçün təhlükəli ola biləcək xəsarətlər aldıqlarını göstərib.
Xenmet, İtaveret, İta, Satatormerit və Nub-Hotep adlı şahzadələrin mumiyaları ilk dəfə 1890-cı illərdə Dahşur nekropolunda aşkar edilsə də, uzun illər sonra – 2020-ci ildə Misir Muzeyində həyata keçirilən kurator layihəsi çərçivəsində yenidən tədqiq olunub.
Onların məzarlarında oxlar, yaylar və xəncərlər aşkarlansa da, alimlər uzun müddət bu silahların mərasim məqsədilə qoyulduğunu, yoxsa həqiqətən istifadə edildiyini müəyyən edə bilməmişdilər.
Yeni araşdırma zamanı sümüklərdə əzələlərin yapışma nöqtələrində güclü fiziki yüklənməyə uyğun dəyişikliklər və sağalmış travmalar aşkar edilib.
Tədqiqatın müəllifi Zeynəb Haşeşin sözlərinə görə, skeletlərdə müşahidə olunan dəyişikliklər həmin qadınların məzarlarda tapılmış silahlardan istifadə etmək üçün zəruri fiziki hazırlığa malik olduqlarını göstərir.
Güclü fiziki hazırlıq keçiblər
Alimlər qeyd edirlər ki, yüksək intensivlikli fiziki məşqlər zamanı sümüklər əzələ və vətərlərin birləşdiyi hissələrdə möhkəmlənir və xüsusi quruluş qazanır. Şahzadələrin skeletlərində də məhz belə dəyişikliklər aşkar edilib ki, bu da oturaq həyat tərzi keçirən insanlarda müşahidə olunmur.
Tədqiqatçılar hesab edirlər ki, onlar elit ov mərasimlərində iştirak edir, hakimiyyətin nümayiş etdirildiyi rəsmi tədbirlərdə çıxış edir və sarayda dini-siyasi nizamın qorunmasına xidmət edən funksiyalar yerinə yetirirdilər.
Araşdırmaya əsasən, ağır yaydan istifadə uzun illər davam edən xüsusi məşq tələb etdiyindən şahzadələrin qollarının sümüklərində daimi struktur dəyişiklikləri yaranıb.
Xəncər və toppuzdan da istifadə ediblər
Tədqiqatın nəticələrinə görə, kral ailəsinin qadınları oxatma ilə yanaşı, xəncər və toppuzdan istifadə üzrə də hazırlıq keçiblər.
Məsələn, 28–34 yaşlarında vəfat etmiş şahzadə İtanın yuxarı ətraflarında müşahidə olunan güclü əzələ izləri onun bu silahlardan müntəzəm istifadə etdiyini göstərir.
20–34 yaşlarında olduğu ehtimal edilən şahzadə İtaveretin qabırğa və ayaq sınıqları keçirdiyi, eyni zamanda bacarıqlı oxatan olduğu müəyyən edilib.
Alimlər həmçinin bildirirlər ki, həmin dövrdə tibbi yardımın səviyyəsi indiyədək güman ediləndən daha yüksək olub. Şahzadələrdə aşkar edilən sınıqların infeksiya və ya yanlış bitişmə əlamətləri olmadan sağalması, onların fikrincə, o dövrün həkimlərinin sınıqların yerinə salınması, şin qoyulması və yaraların müalicəsi sahəsində yüksək bacarıqlara malik olduqlarını göstərir.
Aydın
Şərhlər