Müstəqil Şah Mat Teatrı və C.Məmmədquluzadə ev-muzeyinin təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Şah Mat Teatrının səhnəsində baş tutan tədbirdən öncə soyqırım nəticəsində həyatlarını itirən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən C.Məmmədquluzadənin ev-muzeyinin direktoru Yeganə Məhərrəmova bildirib ki, erməni faşistlərinin Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlər, kütləvi soyqırım xalqımızın tarixindəki ən dəhşətli faciələrdən biridir. Qeyd olunub ki, mənfur ermənilər beynəlxalq humanitar hüquqda yol verilməz sayılan soyqırım cinayətinə şüurlu, məqsədli şəkildə əl ataraq misli görülməmiş qətliam törədiblər.
Daha sonra ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov, Milli Tribuna saytının rəhbəri Elnur Fərzəliyev Xocalı qətliamında Ermənistan hərbi birləşmələrinin və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə soydaşlarımıza qarşı törətdikləri vandalizm aktından geniş məlumat veriliblər.
Çıxışlardan sonra Şah Mat Teatrı kollektivinin yüksək vətənpərvərlik ruhunda qələmə alınaraq xalqımızın başına gətirilən müsibətləri əks etdirən "Biz Qayıdırıq Xocalım!” ədəbi-bədii kompozisiyası nümayiş olunub. Mir Qabil Əkbərovun hazırladığı, səhnə işində teatrın aktyorları Fərid Vəliyev,Səid Abbasov,Mir Qabil Əkbərov,Anar İbrahimov və Ülvi Qasımov çıxış ediblər.
Anım tədbirində Xocalı faciəsinə həsr olunmuş foto sərgi və slayd nümayiş olunub.