"Sahibkar istehsal etdiyi məhsulu, məsələn, göyərtini 1 milyon manata bazara çıxarda bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bazarlarda süni qiymət artımına aydınlıq gətirərkən deyib. Rəşad Həsənov bildirib ki, süni qiymət artımı deyilən bir anlayış yoxdur:
"Bazar iqtisadiyyatına keçmişiksə, süni qiymət artımından danışa bilmərik. Sahibkar istədiyi qiymətə məhsulu təklif edə bilər, heç kim buna qarşı çıxa bilməz. Hətta ən ali dövlət belə buna qarışa bilməz. Dedim ki, sahibkar göyərtini 1 milyon manata sata bilər. Onu bazar tənzimləməlidir. Bazarda heç kim o göyərtini almayanda qiymət müvafiq səviyyəyə qədər oprtimallaşır. Yəni, biz belə görmüşük, nəzəriyyədə də, real praktikada da belədir".
Rəşad Həsənov Azərbaycanda vəziyyətin nisbətən fərqli olduğunu deyir:
"Çünki bazar inhisarçıdır. Bazarda inhisarçılıq meyilləri çox güclüdür, rəqabət mühiti zəifdir. Buna görə də çox rahat şəkildə müvafiq qərarları bazara transformasiya edirlər. Əslində burada başa düşülməyən heç nə yoxdur. Qəbul edilmiş qərar bütün məhsuların maya dəyərində hansısa formada öz əksini tapır. Təbii ki, sahibkar da qiyməti artırmalıdır. Bunu qeyri-adi qarşılamaq lazım deyil. Bu istiqamətdə hökümətin hansısa tənzimləməsindən söhbət gedə, diqtə edə bilməz. Diqtə edərsə, bazar iqtisadiyyatı çökər, istehsal olmaz. Burada hökumətin əlində kifayət qədər alətlər var. Rüsum, gömrük, təşviq mexanizmlərinin yaradılması və s. aləti var. Hökümət yalnız bu alətlərdən istifadə edərək bazarda qiymətlərin əlçatanlığını təmin etmək istiqamətində siyasət həyata keçirməlidir. Amma biz onu görməyəcəyik".
Bahar Rüstəmli