Salam Sarvan hələ XX əsrin 90-cı illərində qeyri-səlis ədəbi nəzəriyyəyə müəlliflik edərək poeziyasında uğurla sınaqdan keçirib isbat etdi ki, işığın içərisindəki 7 rəngdən əlavə rənglər arası fərqli və oxşar rəng tonları mövcud olduğu kimi fikirlər, deyimlər arası əlaqələr də çox saylı məna çalarları ilə min illik yol bir addımla rabitələnə bilər.
Şair şeiriyatda ənənəvi mövzu və süjet arası nizam ardıcılığını, qafiyə oyunbazlığını poeziya nümunəsi olaraq oxucuya sırımaq istəyənlərə öz poetik üslubu ilə tutarlı cavab verdi. Oxucunun hər əlinə qələm alıb "mən də şeir yaza bilirəm” deyənlər tərəfindən aldanılmaması üçün mövzu şivənçiliyinə soyuqqanlılıq, süjet bəhanəçiliyinə soyuqbaşlılıq, mənasız frazalara etinasızlılıq, fəlsəfi uydurmaçılıqlara laqeydlik biganəliyi göstərmək mesajını verdi.
Salam çoxdan ustad titulunu qazanmış brend bir markadır ədəbiyyatımızda. Yorulmadan, həvəslə bir nəfəsə oxunma keyfiyyətliliyi var onun şeirlərində.
Oxucusunun zehnində yüngül və ağır təkanlı titrəyişlər yaratsa da, dağıdıcı uçqunlar törətmək xassələrinə meyilli deyil. Poetik duyğularda qəza törətmir. Zövqün poeziya və fəlsəfəyə aid olan neyronlarına şok terapiya təsiri göstərərək oyanış yaradır. İfadələrin sürtünmə qüvvəsinin çox olması səbəbindən yaddaşlarda sürüşmə əmsalı az olur. Əksinə, sürtünmə qüvvəsinin çoxluğundandır ki, misra-misra, bənd-bənd, şeir-şeir beyin divarlarına hoparaq beyinlərdə yaşamaq hüququ qazanır.
Müşahidəçi obyektlə düzbucaq altında olarsa, yəni müşahidəçi obyektdə düzbucaq istiqamətilə baxtığı təqdirdə obyekt ona görünməz olur. Müşahidəçi obyekti hərtərəfli görmək istədiyi halda müəyyən yerdəyişmə edərək görünmə bucağı yaratmalıdır. Bu mənada Salam oxucuyla dil tapmağı da bacarır. Yaradıcılığındakı dinamikliklə oxucusunu düzbucaq istiqamətində saxlamır, şeiriyyatının hərəkətliliyilə şeir və oxucu arasında görünmə bucağı əmələ gətirərək baxış traektoriasını genişləndirir. Ən qabarıq misralarında belə qəribə bir həzinlik, ən sakit deyimlərində hayqırtı, ilkin olaraq səthi görünə bilən ifadələrində isə dərin mənalar gizlənir. Düşüncə, daxili axtarış, gedişat qanunları, ölçü və həqiqət qarşısında oxucusunu aciz qoymur. Bəzi kütbeyin qələm adamlarının nihilizm kimi dəyərləndirdikləri fikirlərə cavab olaraq bildirim ki, Salam yaradcılığında həyatın fanilik mahiyyəti yaşam prinsipinə çevrilmir. S.Sarvanın şeiriyyatı olduqca təkrarolunmaz dərəcədə mükəmməldir. Təfəkkürünün çoxqütblülüyü və idrakının hüdudsuz olma şansından kifayət qədər məharətlə yararlana bilir.
Salam ədəbiyyat meydanına maraqlı, yeni üslubla, fərqli qəliblə atılaraq Azərbaycan poeziyasında istisnasız söz huququna sahib oldu. Yeni bir yol açdı arxadan gələnlər üçün. Bu gün o yolda kifayət qədər qələmə, sözə iddialılar yürüşü görünür. Müəllimlik mahiyyətinin əsil mənası ondadır ki, arxasınca gələnlərə yol göstərib ardınca yürütməyi bacarsın. Bu mənada Salam müəllimlikdə də bəxti gətirmiş şairdir.
"Heykəl tənhalığı” şairin ən son çap olunmuş şeirlər kitabının adıdır. Şair iki sözlük ifadəyə tək müəlliflik eləmir, həm də müdriklik səlahiyyəti həkk edir. Ömrünə, yaşamına ad verir, məna verir.
Özləri yazıb, özləri biri–birini oxuyan, oxucu möhtaclığından əziyyət çəkən, amma "mənim də oxucularım var” deyən şivənçi qələmçilər xisləti Salama yaddır. Salam oxucusunun qabağına qaçmır, digərlərindən fərqli olaraq qələminin gücü ilə oxucusunu yanına gətirməyi bacarır. Zəhlətökən, mənasız, məntiqsiz yazıları ilə günaşırı çap olunan ədəbi postlara iddialı boşboğazlara ironik gülüşlə mövqe bildirir. Şeirlərində misralar bəzən qoşalaşıb mühafizəkarlaşırlar, öz mənalarının uğurunu digər bəndlərlə, misralarla bölüşmək istəmirlər. Bəzən də səxavətlilik nümayiş etdirərək biri–biriləriylə barter münasibəti qururlar. Gözlənilməz halda araqarışdıran, katalizator mövqeli misralarla qarşılaşmağın da ayrı bir ləzzəti olur şairin şeirlərində. Şeirinin başına müsübətlər açıb oxucusuna zövq-səfa verməsini hələ demirəm. Salam təfəkkürünün qüdrəti ilə sözü istənilən formaya sala bilir, sanki illüzyonist, sehirbaz fəndlərlə davaranış nümayiş etdirir. Hiss və duyğularına həyatilik verərək şeirinin istənilən yerində misralaya bilir. Şərti bənzətmələr Salamın əlində su içim kimi sadə bir şeyə çevrilir. Salam bir misrayla da şeir yaza bilmək qüdrətinə malikdir. Ən maraqlı məqamlarından biri də budur ki, bəzən bəndləri, misraları təhlilə tabe olmaq xassəliyini unudub dirəniş göstərirlər, inadçılıq xarakterilə qəribə xoş təsirli ərköyünlülük nümayiş etdirirlər.
Sonda olmuş bir əhvalatı xatırlamağım lap yerinə düşdü.
Mötəbər məclislərin birində dostlardan biri mənə dedi ki, çoxdan oxuduğum bir şeirin bu bəndi yadımda qalıb:
İndi iş işdən keçib,
Olan olub, deyirlər.
Sən məni öldürəndə
Görən olub, deyirlər
Və fikrinə davam edərək məndən soruşdu ki, bilmirsiniz, bu şeirin müəllifi kimdir? Mənsə tərəddüd etmədən dedim: - Salam Sarvan.
Açığı deyim ki, bu şeir ilə tanış deyildim, ilk dəfə idi eşidirdim. Doğrudan da yanılmamışdım. Bax budur bayaqdan Salam şeiriyyatı barədə demək istədyim dəsti-xətt, üslub və tanınma nişanı...
Üzeyir Əlizadə
