
Salyan Su və Kanalizasiya İstismarı İdarəsini məhv edən İlqar Xəlilov qazandıqlarını himayədarları ilə bölüşdürdüyünü deyir
Salyanda dəyəri milyonlarla manatla ölçülən obeykt 10 il ərzində talan edilib. JAM.AZ xəbər verir ki, Salyan Su və Kanalizasiya İstismarı İdarəsindən və onun rəhbəri İlqar Xəlilovdan gedir. O idarədən ki, çirkab suların təmizlənməsini həyata keçirir.
Qeyd edək ki, müəssisə Sovet dövründə- 1980-ci ildən Salyan rayonunun Kürqaraqaşlı kəndində 10 hektarlıq ərazidə istifadəyə verilib. Məlumat üçün bildirək ki, vaxtıyla sözügedən qurumun funksiyası Salyan şəhərində kanalizasiya sisteminə daxil olan çirkab suları müxtəlif qurğular vasitəsi ilə təmizləmək, xlorlamaq və digər ötürücü kollektora axıtmaq olub. Lakin 1995-ci ildən müəssisənin fəaliyyəti naməlum səbəbdən dayandırılıb. 2000-ci ilin ortalarına qədər isə müəssisə xüsusi nəzarətçilər tərəfindən müahfizə olunub.
Verilən məlumatlara görə, həmin dönəmlərdə İlqar Xəlilova Neft Şirkətiylə əlaqəli olan şəxslərdən biri tərəfindən «yağlı» təklif gəlir. Həmin təklif isə müəssisədəki avadanlıqların satılaraq pula çevrilməsindən ibarət olub. Xəlilov da böyük məbləğlərdən söhbət getdiyi üçün təkliflə razılaşır. Və ardından müəssisəyə aid yüzlərlə iri həcmli motor, transformator, ötürükü kran, dəmir boru, beton panellər və daha digər şeylər satılaraq, talan edilib.
Həmin dönəmdən üzü bəri həyata keçirilən prosesin yekun nəticəsi satmağa bir şeyin qalmamasından ibarət olub. İlqar Xəlilov da pul qazanmağa davam etmək üçün başqa bir vasitəyə əl atıb. Bu dəfə o, quyulardakı süzgəc funksiyasını həyata keçirən şeben anbarını yeraltı və iri diametrli çuqun-dəmir boruları qazdıraraq, çıxarmağa başlayıb.
JAM.AZ-a verilən məlumatlarda o da vurğulanır ki, müəssisənin işləməməsi 5 min nəfər əhalisi olan bir əraziyə infeksion xəstəliyin yayılması risqini artırıb. Elə bunun nəticəsidir ki, hazırda Salyan rayonunda 2300 hektar əkin sahəsi tamamilə şoranlaşmaq üzrədir.
Nəzərinizə çatdıraq ki, bütün şəhər əhalisinin, üstəlik istehsal müəssisələrinirn çirkab suları 20 ilə yaxındır ki, gündə 2 dəfə (gecə saat 12-də, bir də səhər saat 6-da) olmaqla birbaşa Kürqaraqaşlı yaşayış massivinə- əhalinin yaşadığı ərazinin 500 metrliyindəki kollektora axıdılır. Nəticədə, kənd əhalisi üfunət iyindən bayıra çıxa bilmir. Eyni zamanda, ərazidəki əkin sahələrində olan kollektorlar da çıradan çıxıb.
Maraqlıdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələdən xəbərdar olsa da, hər hansı bir tədbir görmür. Görünür, nazirliyin məsələ ilə bağlı hələlik hər hansı bir təsirli addım atmaq fikri də yoxdur.
Məsələ ilə bağlı İlqar Xəlilovla əlaqə saxladıq. İdarənin rəhbəri bizimlə söhbəti zamanı suallara cavab vermək əvəzinə, daha çox təhdid diliylə danışmağa üstünlük verdi. «Siz kimsiniz ki, məndən haqq-hesab soruşursuz? Talan etmişəm, satmışam, yemişəm, lap əccəb eləmişəm. Heç bilirsiz arxamda kimlər var?»
İlqar Xəlilovun diqqətinə çatdırmaq istəyirik ki, mətbuatın vəzifəsi əldə olunan məlumatları dəqiqləşdirmək, qarşı tərəfin mövqeyini öyrənərək yaymaqdır. Amma idarə müdiri kimə arxalandığını, niyə arxalandığını deməklə əsas mətləbdən yayınmaqla bu işlərdə birmənalı olaraq əlinin olduğunu təsdiqləyib.
Qaynar.info