"Rusiyada rublun məzənnəsinin dəyişməsinin iki əsas səbəbi var. Səbəblərdən biri ondan ibarətdir ki, Rusiyada, xüsusən də böyük məbləğdə dollar ödənişlərində rəsmi məzənnə ilə bazar məzənnəsi arasında fərq var”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, əvvəlllər bazar məzənnəsi arasında fərq daha böyük idi:
"Amma nəzərə alaq ki, Rusiyada həm də bazar məzənnəsi var. Bazar məzənnəsi rəsmi məzənnə ilə müqayisədə fərqlidir. Amma təbii ki, son günlər bu fərq də azalır. Valyutadəyişmə mənqətələrində rəsmi məzənnə ilə müəyyən optimal məbləğdə dollar alışı həyata keçirmək mümkün olub. Digər səbəb Rusiya qeyri-dost elan etdiyi ölkələrə mavi qaz satışının bu gündən etibarən rubldan satılması tələbidir. Rusiyanın tələbi ondan ibarətdir ki, həmin ölkələr Rusiya banklarında hesab açmalıdırlar. Ödənişlər rublla həyata keçirilməlidir. Baxmayaraq ki, böyük yeddilik rubldan ödənişlərin həyata keçirilməyəcəyini bəyan edib”.
Deputat hesab edir ki, bu, bazara psixoloji təsir göstərir:
"Bu reallaşacağı halda artıq həmin ölkələr rubla tələb yaradacaqlar. Bu da rubun məzənnəsi baxımından vacib hesab olunur. Çünki Avropa mavi qaza olan tələbinin 40%-ni Rusiya hesabına ödəyir. Bu, kifayət qədər böyük rəqəmdir. Bütövlükdə Avropanın milli istehlakı 550 milyard kub.metrdən illik olaraq artıqdır. Bu konteksdən vəsait böyükdür. Vəsait rubldan ödəniləcəksə, bununla bağlı razılıq olacaqsa, bu, təbii ki, rublun məzənnəsinin qorunub saxlanılmasına imkan yarada bilər”.
Vüqar Bayramov onu da vurğulayıb ki, hələlik Avropa Birliyi rublla mavi qaz ödənişlərinin həyata keçirilməsi məsələsində birmənalı mövqe nümayiş etdirmir:
"Təbii ki, bu qərar bazara psixoloji təsir göstərir. Və rublun rəsmi məzənnəsində də möhkəmlənmələr daha çox bu səbəbdən müşahidə olunur”.
Bahar Rüstəmli