
Müğənni Şəbnəm Əsədovanın prodüseri ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) energetika və nəqliyyat sahələrində təhlükəsizlik baş idarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun tapşırığıyla, ifaçını qadın alveri ittihamı ilə MTN-ə aparılması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Musavat.com saytına açıqlama verən prodüser sözügedən hadisənin uzun müddət əvvəl baş verdiyini bildirib: “Hazırda Şəbnəm xanım orucdur, yatıb. Suallarınıza ancaq bir saat sonra cavab verə biləcək. Onu deyə bilərəm ki, bu hadisə çoxdan olub, indi MTN söhbəti yoxdur. Bilmirik ki, hazırda niyə gündəmə gətirilib. Yəqin kimsə özünə reytinq qazanmaq istəyir. Söhbət olub, keçib, bağlanıb. Bu haqda danışmağa dəyməz”.
Prodüser xəbərlərdə adı çəkilən Famil bəyin kimliyi barədə isə danışmaq istəməyib: “ Famil bəy haqda danışmaq istəmirəm. O Şəbnəmin ailə məsələsidir, şəxsi işidir. Şəbnəm xanım ailə söhbətini gündəmə gətirmir, ona görə bu barədə heç nə deyə bilmərəm”.
Qeyd edək ki, Musavat.com saytına daxil olan məlumata görə, məşhur xanım müğənni qadın alveri ittihamı ilə MTN-ə aparılıb. Oradakı çək-çevirdən sonra məlum olub ki, xanım müğənninin MTN-ə aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxs xahiş edib. Müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı mənzili geri qaytarsın. Bundan sonra “Qafqaz MTK”nın Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binasının 3-cü blokunun 2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin adına keçirilib. Müğənniyə deyiblər ki, onu MTN-dən buraxılması üçün Familin dostu xahiş edib. Buna görə də azad ediləndən sonra “Edem” restoranına gedərək orada həmin şəxsin ayağına düşüb onlardan üzr istəməlidir. Deməlidir ki, münasibətlərinin korlanmasına görə özünü suçlu bilir. Xanım müğənni şərti qəbul edəndən sonra azad ediblər və birbaşa “Edem”restoranına aparıb diz çökdürüblər.
Famil adlı şəxs A.Çovdarovun setində olan iş adamı kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri A.Çovdarovun “krışa”lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər. Bakıda tikinti biznesi ilə məşğul olan digər iş adamlarının barəsində generala məlumatlar ötürüb onları sıradan çıxarıblar.
Hadisədə adı hallanan məşhur müğənninin Şəbnəm Əsədova olması barədə xəbəri Qafqazinfo.az saytı yayıb
Qaynarinfo.az