Xəbər lenti

Seçki
Siyasət08:05 24.12.2019

Seçki

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Seçkilərin elan edilmiş ilkin nəticələrinə görə, bir neçə gənc ictimai fəal bələdiyyə üzvü seçilmək üçün yetərincə səs toplayıb. Bununla yanaşı, rəsmi məlumata görə daha çox səs toplayanların böyük əksəriyyəti iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvləri və bitərəflərdir.
Mərkəzi Seçki Komissiyası səsvermənin azad və ədalətli mühitdə keçirildiyini bəyan etsə də aparıcı müxalifət qurumları və bir sıra müstəqil ekspertlər səsvermə zamanı çoxsaylı qanun pozuntularının müşahidə edildiyini bildirir. Bələdiyyə seçkilərində favorit hesab edilən bloger Mehman Hüseynovun adı isə çox səs toplayanlar siyahısında yoxdur. O, seçkilərdə qalib olduğunu bildirir.
Mehman Hüseynov seçki protokollarını təqdim edir
Mehman Hüseynov: Qəsəbə bələdiyyəsinə üzv seçilməyimdən belə qorxurlar
Mehman Hüseynov 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə üzvlüyə namizəd idi. Onun qalib gələcəyi sosial şəbəkələri zəbt etmişdi. Hətta bəzi məntəqələrdə səslərin əksəriyyətini aldığı bildirilirdi.
Buna baxmayaraq Mərkəzi Seçki Komissiyasının rəsmi internet saytında onun adı qaliblər sırasında yoxdur.
Mehman Hüseynoun səlahiyyətli nümayəndəsi Ülvi Həsənli Amerikanın Səsinə müsahibəsində deyib ki, onun qaliblər sırasında olmamasının səbəbi çoxsaylı seçki saxtakarlığının olması ilə bağlıdır.
Ülvi Həsənli: Mehman Hüseynovun səslərini qorumaq üçün qanuni prosedurlardan istifadə edəcəyik
Onun sözlərinə görə, seçki saxtakarlığı ilə bağlı çoxsaylı video faktları var.
"Biz əvvəlcə Dairə Seçki Komissiyasına, sonra Mərkəzi Seçki Komissiyasına şikayət edəcəyik. Bu instansiyalarda şikayətlərimiz təmin edilməsə, məhkəməyə və nəhayət Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik. Konstitusiyanın və qanunlarımızın imkan verdiyi səviyyədə aksiyalar da keçirməyi planlaşdırırıq,” o, Amerikanın Səsinə deyib.
Mehman Hüseynov bu gün psixi yorğunluğu ilə bağlı həkimə də müraciət edib.
O, Facebook səhifəsində yazıb ki, dekabr ayı onun üçün xüsusi bir aydır.
Çox xoşbəxtəm ki, gözəl vətəndaşlarımızla, dostlarımızla ünsiyyətdə oldum. Həm də, dostlar, düşünürəm ki, mənə böyük bir alqış da düşür. Mən bir daha bunların əsl mahiyyətini göstərdim. Niyə belə çıxılmaz vəziyətə düşüblər?
Mehman Hüseynov, bələdiyyə üzvlüyünə namizəd
"Düz bir il bundan əvvəl həbsxanada mənə qarşı haqsızlıq olunmuşdu və nəticədə Azərbaycan xalqının fəaliyyətinə, birliyinə nail olduq. Xalq 19 yanvar mitinqində öz sözünü dedi. Bu il tarix təkrarlanır, yenə mənə qarşı haqsızlıq ediblər. Bu dəfə də biz yaxşı iş gördük, Azərbaycan xalqını hərəkətə gətirə bildik. Düşünürəm ki, seçki ərəfəsi olan kampaniyamız hamını təəcübləndirdi, hamıda seçkilərə maraq oyatdıq, hamıya müsbət pozitiv enerji verdik. Bu bizim uğurumuzdur. Təəsüflənmirəm, əksinə çox xoşbəxtəm ki, gözəl vətəndaşlarımızla, dostlarımızla ünsiyyətdə oldum. Həm də, dostlar, düşünürəm ki, mənə böyük bir alqış da düşür. Mən bir daha bunların əsl mahiyyətini göstərdim. Niyə belə çıxılmaz vəziyətə düşüblər? Ay camaat, təsəvvür edin bir qəsəbə bələdiyyəsinə üzv seçilməyimdən belə qorxurlar. Bir daha təkrarlayıram, qəsəbə bələdiyyəsinə. Mən bu saxtakarlığın başında oturanları qınamıram, onlardan incimirəm, çünki onların qorxu hissini başa düşürəm. Bilirlər ki, Mehman olan yerdə haqsızlıq, özbaşınalıq, rüşvətxorluq ola bilməz. Bilirdilər ki, Mehman bələdiyyəyə seçilsə, onlar üçün daha ciddi problem olacaq, bilirdilər ki, onlar mənimlə baş-başa gələ bilməzlər, çünki rüşvətxor məmurların tərəfində yox, xalqın tərəfində olacaqdım. Dünən bizim ərazimizdə Qaraçuxur-Yeni Günəşlidə həqiqətən də bayram abu-havası idi. Seçici fəallığı möhtəşəm idi. Təsəvvür edin, bütün məntəqələrdə mən qalib olmuşdum. MSK ömür boyu belə seçki nəticəsi görməmişdi. Axırda məcbur olub biabırçı şəkildə seçkiləri saxtalaşdırdılar,” o qeyd edib.Əli Kərimli: Bələdiyyə seçkiləri parlament seçkilərinin son məşqi idi.
AXCP sədri Əli Kərimli hesab edir ki, iqtidar daha bir seçkini "oğurlayıb”.
Parlament seçkiləri də belə keçiriləcək
"Bələdiyyə seçkiləri 9 fevral parlament seçkilərinin son məşqi idi. Parlament seçkiləri də belə keçiriləcək. Rejim tərəfindən 15 min nəfər üzv təyin olunmuş bələdiyyə məclislərində 5 -10 nəfər müstəqil şəxsin də olması ümumi mənzərəni dəyişmir. 2 nəfər icra başçısının rüşvətlə həbsi korrupsiya ilə mübarizə deyil. Əvvəllər də belə hallar olub. Ancaq korrupsioner rejimin mahiyyəti dəyişməyib,” AXCP lideri qeyd edib.
Tofiq Yaqublu: Bələdiyyə seçkiləri total saxtakarlıq şəraitində keçib
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu bildirir ki, bir neçə gənc ictimai fəalın göstərdiyi fədakarlığa və əldə etdiyi nəticələrə rəğmən, bələdiyyə seçkiləri gözlənildiyi kimi total saxtakarlıq şəraitində keçib.
Ötən gün keçirilmiş bələdiyyə seçkilərində əldə edilmiş mikroskopik nəticələri əlində bayraq edərək boykot etdiyimiz növbədənkənar parlament seçkiləri ilə bağlı ibrətamiz məsləhətlər verməyə tələsməyin.
"Ölkə üzrə 15 mindən çox bələdiyyə üzvü yerindən 4-5 yer qazanılmasından bəziləri eyforiyaya qapılaraq yanlış nəticələr çıxardıblar. Dostlar, seçkilərdə qələbə müxalifətə ona görə lazımdır ki, ölkəmizin idarə olunmasına sahib olaq, bu cinayətkar rejim tərəfdən vurulmuş yaralarını sağaldaq. Bələdiyyə seçkiləri bu problemin həlli üçün hətta formal hüquqi şans da deyil. Ona görə də hakimiyyətin taleyi həll olunduğu prezident və parlament seçkilərini İlham Əliyevi qətiyyən maraqlandırmayan və ona görə də rayon icra hakimiyyətlərinin öhdəsinə buraxdığı bələdiyyə seçkiləri ilə eyniləşdirməyin. Üstəlik də, ötən gün keçirilmiş bələdiyyə seçkilərində əldə edilmiş mikroskopik nəticələri əlində bayraq edərək boykot etdiyimiz növbədənkənar parlament seçkiləri ilə bağlı ibrətamiz məsləhətlər verməyə tələsməyin. Nəzərə alın ki, biz demokratik müxalifət olaraq əvvəllər qatıldığımız prezident və parlament seçkilərində indiki bələdiyyə seçkilərində fərqlənmiş gənclərdən müqayisəyə gəlməz dərəcədə artıq təşkilati, təbliğati iş görüb və fədakarlıq edib bu rejimə qalib gələ bilmişik, lakin qələbəmizi rəsmiləşdirməyə gücümüz yetməyib. Çünki həmin qələbənin tanınması rejimin süqutu demək idi. Təsəvvür edin ki, bütün cəhdlərinizə rəğmən sizə meşədən odun gətirməyə icazə vermirlər, amma bir başqası gedib meşədən çiçək yığıb gətirir və bunu görən bəzi məsləhətbazlar deyirlər ki, bəs deyirdiniz meşəbəyi heç kəsə meşədən bir çöp çıxartmağa da imkan vermir. Fevralın 10-na bir şey qalmadı, görəcəyik...” o qeyd edib.
Qubad İbadoğlu: Saxta seçkilər üçün 65,2 milyon manat israf olunub
Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirir ki, "saxta seçkiilər üçün 65,2 milyon manat israf olunub.”
"Bu vəsait bələdiyyələrin illik büdcəsindən 2,5 dəfə, gələn il doğulan bütün uşaqlara veriləcək birdəfəlik yardımın ümumi məbləğindən 4,5 dəfə çoxdur. Yəni həmin vəsaiti xərcləməyib uşaq puluna yönəltsəydik, hər bir yeni doğulan uşağa 200 manat deyil, 900 manat ödəmək mümkün olardı.
Bu vəsait bələdiyyələrin illik büdcəsindən 2,5 dəfə, gələn il doğulan bütün uşaqlara veriləcək birdəfəlik yardımın ümumi məbləğindən 4,5 dəfə çoxdur.
Bir qrup yerli jurnalistə ilin yekunları ilə əlaqədar müsahibə verən İlham Əliyevin həmin gün keçirilən bələdiyyə seçkisinin adını belə dilinə gətirməməsi Azərbaycanda yerli seçkilərin mənasızlığının ən bariz göstəricisidir. Ötən il 36 milyon manat büdcə gəlirləri olan bələdiyyələrə bu il dövlət büdcəsində 5,7 manat dotasiya və subvensiya nəzərdə tutulduğu halda, dünənki seçkilərin keçirilməsi üçün 56,6 milyon manat Mərkəzi Seçki Komissiyasının, 8,6 milyon manat isə dairə seçki komissiyalarının və katibliyinin saxlanılmasına vəsait xərcləndi. Bir sözlə, dövlət büdcəsindən seçkinin təşkilinin maliyyələşdirilməsi adı altında 65,2 milyon manat israf olundu. Halbuki, seçki şousu ilə bələdiyyələri tamam gözdən salamaqdansa seçki pullarının onların arasında bölüşdürməyin daha çox faydası olardı,” Qubad İbadoğlu deyib.
HƏMİDLİ KAMRAN