"Bu gün Azərbaycan Milli Məclisində olan deputatların sayının ölkə əhalisini əhatə etmək imkanı yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Sədr bildirib ki, parlamentin say tərkibinin artırılması üçün ilk növbədə Konstitusiya dəyişiklikləri olmalıdır:
"Bu dəyişikliklər referendum vasitəsi ilə həyata keçirilir. Bununla əlaqədar olaraq partiyamız 4 il bundan əvvəl təkliflər verib. Biz həmişə demişik ki, proposional seçki sisteminin ləğvi ölkədə partiyalaşma institutuna çox ciddi zərbə oldu. Bu təsirləri gördük. Əslində, siyasi partiyalar uzun müddət ərzində faktiki olaraq sıradan çıxarılıb. Partiyaların ölkə siyasi gündəminə təsir etmək imkanları kifayət qədər azaldılıb”.
Arzuxan Əlizadə son 3 illik dövrdə siyasi partiyaların yenidən dirçəlməsi prosesinin başladığını vurğulayıb:
"Buna yeni siyasi konfiqurasiya da deyilir. Nə deyilməsindən asılı olmayaraq, istəlinən halda Prezident Administrasiyasında yeni siyasi partiyalarla əlaqələr şöbəsi yaranmasından sonra siyasi partiyaların ölkə gündəminə fərqli ampulada daxil olması, dirçəlməsi dövrü başlayıb. Hesab edirəm ki, bu proses müsbət sonluqla nəticələnməlidir. Bu da ondan xəbər verir ki, ölkədə referendum keçirilməli, parlamentin say tərkibi artırılmalıdır. 1995-ci ilin Konstitusiyasında 125 deputat nəzərdə tutulduğu dövrdə Azərbaycan əhalisi təxminən 7 milyona yaxın idi. Hazırda isə 10 milyondan çox əhali var. 125 deputatın tam olaraq ölkə əhalisini əhatə eləmək imkanı yoxdur. Əgər müqayisə etsək, qonşu Gürcüstan və Ermənistanda əhalinin sayı Azərbaycandan 3 dəfə azdır, amma hər iki ölkədə deputatların sayı Azərbaycan deputatlarının sayından artıqdır”.
AMİP sədri həmçinin bildirib ki, idarəetmə sistemində də köklü dəyişikliklər olmalıdır:
"Digər bir məsələ odur ki, idarəetmə sistemində icra hakimiyyətləri ləğv olmalıdır. Yeni müxtəlif formatlar ola bilər. Məsələn, Türkiyə formatı, prezidentin yerlərdə səlahiyyətli nümayəndələri və s. olması ilə yanaşı, yerli özünüidarəetmə orqanlarına yeni səlahiyyətlər verilməlidir. Bələdiyyələrə səlahiyyətlər verilməlidir və yerli özünüidarəetmə sistemi bütövlükdə bələdiyyələrə məxsus olmalıdır. Bu təkliflər də bizim partiya tərəfindən yazılı olaraq təqdim olunub”.
Sədr yeni parlament seçkilərinin keçirilməsi ilə bağlı məsələnin 2020-ci ilin fevralın 9-da növbədənkənar parlament seçkilərinin keçirilməsindən dərhal sonra gündəmə gəldiyini xatırladıb:
"Xüsusi ilə ikinci Qarabağ müharibəsindən sonra biz bu məsələ gündəmə gətirmişik. Özünü vaxtında buraxmış deputatların əksəriyyəti yenidən parlamentdə oturub. Bunların böyük əksəriyyəti də tam fəaliyyətsizdirlər. Müharibə dövründə də biz bunu gördük. Həmin vaxt onların böyük əksəriyyəti nə mətbuatda görsəndilər, nə də hakimiyyətin mövqeyini lazımi qədər dəstəklədilər. Mövqeyi olmayan deputat necə parlamentdə otura bilər? Parlament dəyişilməli, yeni qüvvələr gəlməlidir. Yalnız bundan sonra demək olar ki, ciddi islahatlar başlayıb”.
Bahar Rüstəmli