"Azərbaycanda keçirilən seçkilərdə iştirak etməyən partiylar ləvğ oluna bilər”.
Bunu Qaynarinfo açıqlamasında Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev yeni hazırlanan"Siyasi Partiyalar Haqqında” qanundan danışarkən deyib.
Deputat 1990-ci ildə qəbul olunan "Siyasi Partiyalar Haqqında” qanunun tələblərə cavab vermədiyini vurğulayıb:
"Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hələ hazırlanma mərhələsindədir. Burada bəri başdan nəsə demək doğru olmaz, çaşqınlıq yarada bilər. Onu deyə bilərəm ki, köhnə qanun 90-ci illərin əvvəllərinə qəbul olunub və günün tələblərinə cavab vermir. Qanun çox ciddi narazılıqlar yaradır. Təşkilatlar "Siyasi partiyalar haqqında” qanuna əsaslanaraq bu və ya digər formada nazarılıqlarını bildirirlər. Qanun çox köhnəlib. Əlavə olaraq, Azərbaycanda 2018-ci ildən başlayan yeni bir siyasi konfiqurasiya da gündəmdədir. Artıq Prezident Aparatında siyasi partiyalarla işləyən bir şöbə də var. Bu baxımdan bu reallıqları, partiyaların fikir narazılıqlarını həll etmək üçün Milli Məclisin özündə siyası partiyaların iştirakı ilə qanun hazırlanacaq və qanunvericiliklə bağlı müzakirələr aparılacaq”.
ARAYIŞ:
Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədri Sahibə Qafarovaya müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanır.
Milli Məclisin sədri Sahibə Qafarova artıq yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və sənədin hazırlanması üzrə işə başlanılıb.
Bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan Respublikası Milli Məclisinə təqdim etmələri xahiş olunub.
Deputat hesab edir ki, hər kəsi razı salacaq bir qanun qəbul olunacaq:
"Yəqin ki, bundan sonra ciddi bir debatlar da olacaq. Çünki qanunda müəyyən bir sərtləşdirmə də nəzərdə tutulur. Hələ ki, bunlar razılaşdırılmayıb, sadəcə olaraq, siyasi partiyaların irəli sürdüyü təkliflər verilib. Məsələn, biz partiya olaraq təkliflər irəli sürmüşük. Onlardan biri partiyaların maliyyələşməsidir. Dünyada belə bir proses var, ancaq parlamentdə təmsil olunan partiyalar maliyyələşir. Başqa bir sistem də mövcuddur. Əgər partiyalar parlament seçkilərində iştirak edirsə, seçicilərin müəyyən bir faiz səsini alırsa, onların da maliyyələşməsi hüququ ola bilər. Partiyalar fəaliyyət göstətir, amma heç bir seçkidə iştirak etmir. İki dəfə bir-birinin ardınca keçirilən seçkilərdə iştirak etməyən partiyaların nəinki maliyyə almaq, hətta partiya olaraq ləğvi də zənnimcə nəzərdə tutulmalıdır”.
Partiya sədri siyasi partiyaların ölkədə keçirilən seçkilərdə iştirakının vacibliyini diqqətə çatdırıb:
"Əgər siyasi partiya seçkilərdə iştirak etmirsə, partiya olaraq ləğv edilməlidir. Bu, bəzi nüanslardır. Ümumilikdə isə düşünürəm ki, "Siyasi Partiyalar Haqqında” qanun ciddi müzakirə olunacaq. Ümid edirəm ki, müxtəlif siyasi partiylar tərəfindən verilən təkliflər nəticəsində müəkkəmməl bir qanun layihəsi ortaya qoya biləcəyik”.
Bahar Rüstəmli