
“Milli Şuranın daxilində çəkişmə oldu-olmadı, qurum seçkilərdə uğur qazanmayacaq. Birincisi, Milli Şuranın seçki hazırlığı qaneedici deyil, ikincisi də, bir qurumda ki olanların ağızbirliyi yoxdursa, kim zəmanət verə bilər, bu kampaniyanı normal qaydada, şərəflə, ləyaqətlə başa çıxaracaq?!”.
Bunu Qaynar.info-ya Açıq Cəmiyyət Partiyasının (ACP) ali məclisinin sədri, Milli Şuranın üzvü Zəminə Dünyamalıyeva son dövrlər Milli Şurada baş verənlərdən danışarkən deyib.
ACP funksioneri qeyd edib ki, Milli Şurada toplananlara xalqın münasibəti sıfır dərəcədədir: “Bu baxımdan Milli Şuranın seçkidə uğur qazanması qeyri-mümkündür. Milli Şuranın ilkin yaranışında ortaya qoyulan layihə başqa cür idi. Heç kəs bilmirdi ki, Milli Şura yaranandan sonra İsa Qəmbərin və başqalarının necə münasibəti olacaq. Ona görə də hər kəs Milli Şurada demokratik qüvvələrin bir araya gəlməsinin tərəfində oldu. Hətta biz təşəbbüskar da olduq. Amma sonradan müəyyən məsələlər ortaya çıxdı. İlkin olaraq, Milli Şuranın vahid namizədi kimi Rüstəm İbrahimbəyovun namizədliyi irəli sürüləndə İsa Qəmbər əmmanı qoydu. Dedi ki, Müsavat Partiyasının namizədi var, Rüstəm bəy gəlməsə, namizədliyini irəli sürəcək. Bunu dəfələrlə sessiyalarda, mətbuatda dedi. Bilirsiz, siyasət elə bir şeydir ki, deyilən sözlərlə, fikirlərlə formalaşır. Bu cür kampaniyanın getməsi adamlar arasında şübhə toxumu səpdi”.
Z.Dünyamalıyeva Milli Şura sədri Rüstəm İbrahimbəyovun vahid namizəd məsələsində səhvə yol verdiyini bildirib: “Rüstəm bəyin səhvi ondan ibarətdir ki, özü bilirdisə, ikili vətəndaşlığı var, gərək o addımı atmayaydı. Əvvəlcədən deyəydi ki, ikili vətəndaşlığı var”.