Martın 6-da Nizami Kino Mərkəzində "Səma ilə Görüş" filminin təqdimatı olacaq.
Qaynarinfo xəbər verir ki, filmin baş prodüseri Orxan Mərdan, rejissoru Rüfət Şahbazovdur. Filmin senarisi isə Orxan Mərdan, Vüqar Hüseynov və Talıb Əhmədov tərəfindən qələmə alınıb.
Şahmar Səfəroğlunun kamera arxası işi, Fuad Cəfərovun icraçı prodüserliyi və Amiran Babayevin prodüserliyi ilə kinoya yeni bir nəfəs gətirəcək olan bu əsər izləyicilərə unikal bir təcrübə vəd edir.
Səma və dostları dələduzluqla əldə etdikləri pulları ağır xəstəliklərdən əziyyət çəkən insanlara yardım etmək üçün xərcləyən müasir dövrün Robin Qudlarıdır. Onların həyatı bu qeyri-ənənəvi yolla xeyirxahlıq etməklərinin həm təriflənib, həm də tənqid olunduğu maraqlı hadisələrlə doludur. Amma onlar heç vaxt gözləməzdi ki, bir gün özləri də elə bu yardımın ehtiyacı içində olacaqlar. "Səma ilə Görüş" filminin qəlbi, Səma və dostlarının həyatına, onların seçimlərinin nəticələrinə və sonda onları gözləyən mənəvi dərsə toxunur. Bu macəra dostluğun, qurbanlığın və həyatın qeyri-müəyyənliyinin dərin bir təhlilini təqdim edir.
Rafael İsgəndərov, Taleh Yüzbəyov, İlkin Həsəni, Kəmalə Piriyeva, Turanə Hüseynli və Əlibəy Məmmədli kimi tanınmış simaların ifa etdiyi rollar filmin dramatik, hərəkətli və komediyalı məzmununu daha da zənginləşdirir.
"Səma ilə Görüş” 7 martdan etibarən tamaşaçılarla görüşəcək. Film həm ağladacaq, həm güldürəcək, həm də düşündürəcək səhnələrlə doludur. Bu da onu izləyicilər üçün qaçılmaz bir kino hadisəsinə çevirir.