
“1 saylı Tibbi Klinik Mərkəzdə xəstələrə laqeyd münasibət göstərilir. Həkim xəsətəyə diaqnoz qoymadan müalicə aparır”.
Bunu virtualaz.org saytına ünvanlanan müraciətdə xəstə Şəhriyar Əmrahlının yaxınları bildiriblər.
Müraciətdə deyilir: “Bizim xəstəmiz Şəhriyar Əmrahlı alın nahiyəsində şiddətli ağrılarla 1 saylı Tibbi Klinik Mərkəzin IV korpusuna aparıldı. Burada onu üz-çənə cərrahiyəsi şöbəsinin növbətçi həkimi qəbul etdi. Həkim isə dəqiq müayinə aparılması üçün onu kompüter tomoqrafiyası müayinəsinə göndərdi”.
Şikayətçilərin sözlərinə görə, xəstəxananın şüa diaqnostika şöbəsinin müdiri xəstənin kompüter tomoqrafiyasından keçməsinə imkan verməyib: “Xəstəni rentgen müayinəsi etdilər. Guya ki, diaqnoz üçün kompüter tomoqrafiyasına ehtiyac yox imiş. Həkim isə rentgenin keyfiyyətsiz çəkildiyini, buna görə də diaqnoz qoymağın mümkünsüzlüyünü dedi. Nəticədə xəstəyə heç bir diaqnoz qoyulmadan ona müalicə yazıldı. Bu necə ola bilər axı?”.
Müalicədən sonra Ş.Əmrahlının vəziyyəti yaxşılaşmayıb. Həkim isə bunda onun deyil, şüa diaqnostika şöbəsini günahlandırıb, yəni ötür-ötür oyunu başlayıb: “Xəstələrə belə məsuliyyətsiz yanaşmaq olmaz. Diaqnoz qoyulmadan təyin edilən müalicə xəstənin səhhətinin daha da pisləşməsinə səbəb oldu. Şüa diaqnostika şöbəsində həkimlərin göndərişinə riayət edilmir, öz bildiklərini eləyirlər”.
Xəstə yaxınları onu digər həkimə aparmağa məcbur olublar: “Səhiyyə Nazirliyinin yaxınlığında yerləşən xəstəxanada baş verənlərə nəzarət edilmir. Həkim məsuliyyətsizliyinə “dur” deyən yoxdur”.
1 saylı Tibbi Klinik Mərkəzdən (keçmiş Semaşko-red.) isə virtualaz.org saytına məsələ ilə bağlı açıqlama vermək istəmədilər. Xəstəxananın qəbul şöbəsindən yalnız bunu dedilər: “Bizi bəyənməyənlər başqa xəstəxanaya getsinlər. Lap elə xaricə getsinlər...”
Qısa, anlaşıqlı, əsəbi cavab... Amma bəziləri başqa xəstəxanaya yox, mətbuata üz tuturlar ki, bu rüsvayçı durum heç olmasa ictimailəşsin və “Semaşko”nun arzusu yerinə yetsin. Ora getməkdən imtina edənlərin sayı da artsın. Nə deyirik?! Mətbuatın da əlindən gələn budur. Reklamın iyisi-kötüsü olmaz - türkün sözü...
Amma bu məsələ ilə bağlı Səhiyyə Nazirliyinin də mövqeyini işıqlandırmağa çalışacağıq. Görək, nazirlik nə məsləhət verir: burada bəyəniləsi xəstəxana var, yoxsa üzümüzü-çənəmizi müayinə etdirmək üçün üzümüzü İrana-Turana tutmaqda davam edək?!



