"Əslində bu məsələdə bərabərlik prinsipi təmin olunmalıdır. Hər bir vətəndaşın istifadəsində olan torpaq mülkiyyətə çevrilməli və həmin torpaqla bağlı rəsmi sənədlər təqdim edilməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov sənədsiz evlərin sənədləşmə prosedurları ilə bağlı danışarkən deyib.
Ekspertin sözlərinə görə, ölkədə sənədsiz evlərlə bağlı müxtəlif rəqəmlər səsləndirilir:
"Təxminən Bakı-Abşeron-Sumqayıt-Xırdalan ərazisində 500 min civarında sənədsiz ev var. Əlavə olaraq, regionlarda 200-300 min arasında sənədsiz tikili mövcuddur. Xüsusilə kənd ərazilərində evlərin 90 faizində çıxarış yoxdur. Çünki bu tikililər kənd təsərrüfatı torpaqlarında salınıb və bu səbəbdən də qanunsuz hesab olunurlar. Bu baxımdan, ölkədə şəhərsalma və planlaşdırma məsələlərinə yenidən baxılmalıdır".
Elnur Azadov qeyd edib ki, digər bir mühüm məsələ vətəndaşların istifadəsində olan qanunsuz tikililərin leqallaşdırılmasıdır:
"Bu, olduqca mürəkkəb prosesdir. Hazırda bu istiqamətdə qanunvericilikdə hər hansı konkret tənzimləmə yoxdur. Nəticədə proses illərlə uzanır. 2015-ci ildə Prezidentin imzaladığı fərmana əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti müəyyən tikililərin qeydiyyatına icazə verir. Lakin bu, yalnız ilkin sənədləri olan əmlaklara aiddir. Tamamilə qanunsuz və ilkin sənədi olmayan tikililərin sayı isə kifayət qədər çoxdur. Bu problemin həlli üçün ilk növbədə müvafiq qanunlarda ciddi dəyişikliklər edilməlidir".
Sığorta məsələsinə gəlincə, ekspert bildirib ki, hər bir vətəndaşın əmlakını sığortalamaq hüququ var:
"Mülkiyyəti tanınan şəxslər əmlaklarını sığortalaya bilir, digərləri isə bu hüquqdan məhrumdur. Bununla yanaşı, qeydiyyat və mülkiyyətin tanınması məsələləri də böyük əhəmiyyət daşıyır. Çıxarış olmadığı halda vətəndaş qeydiyyata düşə bilmir. Bu isə onu bir çox hüquqlardan, o cümlədən səsvermə, yaşayış yeri seçimi, övladların məktəbə qəbul olunması və tibbi xidmətlərdən istifadədən məhrum edir".
Ekspert bildirib ki, bələdiyyə torpaqlarında aparılan sənədləşmə prosesi hələ də tamamlanmayıb:
"Bu prosesin ləngiməsinin əsas səbəblərindən biri də bələdiyyələr arasında sərhədlərin hələ də tam müəyyənləşməməsidir".
Elnur Azadov islahatların vacibliyini xüsusi vurğulayıb:
"Yalnız bu sahədə qanunvericilikdə dəyişiklər edildikdən sonra hüquqi normativ baza formalaşacaq və sənədləşmə prosesi tədricən həyata keçiriləcək. Bunun üçün isə kifayət qədər vaxt tələb olunur".
Qeyd edək ki, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Arzuxan Əlizadə də bu gün keçirilən komitə iclasında sənədsiz evlər mövzusuna toxunub. Deputat qeyd edib ki, bu tip evlər sığorta oluna bilmir: "Ona görə də sənədsiz evlərlə bağlı məsələ öz həllini tapmalıdır. Belə evlərə sahib olan vətəndaşların hüquqlarının təmin olunması vacibdir".
Bahar Rüstəmli
Şərhlər