Xəbər lenti

“Sənin daxilində nə olduğunu insanlar sadəcə ehtimal etməlidir” - Kristian Beyl
Sənət12:35 07.02.2017

“Sənin daxilində nə olduğunu insanlar sadəcə ehtimal etməlidir” - Kristian Beyl

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaynarinfo.Az müasir dövrün ən istedadlı və parlaq aktyorlarından biri olan Kristian Beylin seçmə fikirlərini oxucularımıza təqdim edirik.

Kristian Beylin həyat qaydaları

Ən dahi aktyorlar sırasında axırdan üçüncü olmağı istəyərdim.

Dostlar ona görə qiymətlidirlər ki, mənə hər zaman 16 yaşımda məktəbi atdığımı və hansısa axmaq qiymət cədvəlimin olmadığını yadıma salırlar. 

Sərt tənqidi sevirəm. İnsanlar çəkildiyim filmə baxıb "Kül başına, sən ölü balıqdan biraz daha yaxşı rol oynamısan", yaxud "Həmin rola çəkilən o dəxlisiz aktyordur", - deyəndə həvəslənirəm.

10, ya 11 yaşım olarkən iştirak etdiyim YMCA-dakı (gənc könüllülərin xristian birliyi - Esquire) bir neçə məşğələni saymasaq, aktyorluq dərsi almamışam. Mən orda qızardılmış yumurtanı təsvir edirdim. 

Anam rəqqasə, atamsa pilot idi. Ancaq bunun karyerama təsir etdiyini desəm, gərək psixoterapevtə müraciət edim. 

Məsuliyyət başlayanda uşaqlıq başa çatır. 13 yaşımda mən "Günəş imperiyası" (Stiven Spilberqin 1987-ci ildə çəkdiyi film - Esquire) filmində rol almışam, bununla da mənim uşaqlığım başa çatdı, çünki atam xəstəliyinə görə işsiz qaldı və qəfildən mən evi dolandırmalı oldum. 

Uşaqlığımda yaşadığım evin böyründə böyük meşə vardı. O birbaşa hasardan başlayırdı. Mənim onda 8 yaşım vardı, o vaxtlar ən çox sevdiyim məşğuliyyət qaranlıq düşəndən sonra o meşədə tək gəzmək idi. Gecə 11-də, gecənin yarısında, ondan da gec saatlarda mən cəngəllikdə veyllənirdim. Çox qorxulu idi, amma mən özümə qəti icazə vermirdim ki, çönüb arxaya baxım, vacib deyildi, hətta səslər kürəyiməcən gəlib çatsa belə. Məsələnin bütün məğzi də bundaydı: gedikcə daha da dərinə baş vurduğun bu qorxu, bu qaranlıq quyu nəsə əlamətdar bir şey idi. Beləcə, mən ilk dəfə özüm haqqında da nəsə öyrəndim. 

Alın yazısı-filan yoxdur. Nə edirsənsə, o var, bir də səhnəyə çıxıb özünü göstərmək qorxun. 

Mən həmişə və hər şeydə gizli yerlər axtarıram - kölgəlikdə bitən və şirəli qalın zir-zibildən qidalanan göbələk kimiyəm. Ancaq mənə görə, göbələk olmaqda qəbahət yoxdur. 

Əgər mənə bir daha doğulmaq və başqa bir adam olmaq şansı verilsəydi, mən ümumiyyətlə konkret insan - Mark Markes (məşhur ispan motosikletçisi - Esquire) olmaq istərdim. O qaqaş moto yarışa gələn kimi çempion oldu. 

Mənim motosikletçi günlərim arxada qaldı. Özünüz baxın: mənim poladdan biləyim, titandan körpücük sümüyüm var, mənim əlimi 25 vintlə bağlayırlar, bir dəfə də mən sükandan uçdum və barmağımın bir parçasını üzdüm. Ancaq hər halda onu tapıb mənə gətirdilər. 

Bu gün keçə bilmədiyim yeganə bir məsələ var - yuxu. Bu hər kəsin özünə rəva görəcəyi böyük məmnuniyyətdir. 

Müsahibədə həmişə müsahibi gördüyü işin dahiyanə ustadına çevirirlər. Öz nəslimin ən yaxşı aktyoru adlandırılmaqdan zəhləm gedir, çünki onlar üçün bir nəslin bütün aktyorları ən yaxşılardır. 

Başqa aktyorların həyatı mənə qətiyyən maraqlı deyil, mənim həyatımla maraqlanan adamları da başa düşmürəm. Əgər ekranda gördüyün insan barədə çox şey bilirsənsə, bu, ona obyektiv gözlə baxa, yaratdığı personajla onu qarışdırmaya bilməzsən. 

Mənə Betmen rolunu canlandırmaq üçün dəvətlə gələndə, elə bildim zarafat eləyirlər. 

Super qəhrəmanlar barədə komiksləri yalnız o zaman sevməyə başladım ki, onlara müasir dövrün mifologiyası kimi yanaşmaq lazım olduğunu başa düşdüm. Qədim yunan əsatirlərini hər zaman sevmişəm, qəfildən dərk elədim ki, super qəhrəmanlar da tanrıdırlar, sadəcə onlar müasirdirlər, gələcəkdə onları qədim amerikan mifologiyası kimi öyrənəcəklər. 

Təəssüf ki, Betmen ingilis ləhcəsində danışa bilmir. Bir ingilis kimi mənə bu barədə dərhal xəbərdarlıq eləmişdilər. 

Kinoda qəribə bir qanunauyğunluq var, rolun nə qədər asandırsa, o qədər çox pul verirlər. 

Belə bir fikir var ki, kinoda ancaq azbüdcəli müstəqil filmlərə ciddi yanaşma ola bilər. Ancaq mənim bu snobizmdən zəhləm gedir. 

Bəzən səhnədə kimləsə döyüşürsən və qəfildən sənə var gücüylə səhvən vururlar, sən ağrıdan diz çökürsən. Sonra sən bu ana baxırsan, zərbə o anda sənə dostca sığallamaya bənzəyir. Yeni dubl çəkiləndə, bu zərbə sənə xüsusilə zəif dəyir, demək olar ki, heç toxunmur. Sonra sən bütün bunları ekranda görürsən və fikirləşirsən: "Lənət şeytana, axı bu çox ağrılı olmalıydı".

Hazırda karyeramda xüsusi dövrdür - yəhudi obrazlarını canlandırıram. 

"Sürgün: Tanrılar və Krallar" filmindən sonra (Ridli Skottun Musa haqda baş rolda Beyli çəkdiyi film) deyə bilərəm ki, səmavi kitabları kilsəyə gedənlərin əksəriyyətindən yaxşı bilirəm. Tövrat, Zəbur, Yeşaya, Əhdi-Cədid və Çıxış kitabını bir neçə dəfə oxumuşam və bu kitablarda elə məqamlara rast gəlmişəm ki, ilahiyyatçılar bu barədə heç vəchlə danışmazlar. Məsələn, siz bilirsizmi ki, Musa özünün 3 min adamını öldürməkdən sadistcə zövq alıb, yeri gəlmişkən, onların əksəriyyətini o, qızıl yeməyə məcbur edib. Bu Əhdi-Ətiqdə 31-ci bölümün 13-cü şeirindədir (Musanın ordusunun midyanlıları məhv etdiyi hissə - Esquire). Bu məsələ indi ancaq Haaqa tirbunalında həll olunardı! O əmr verirdi: haydı, hamını öldürək. Ancaq bir dayanın. Hamını, ancaq bakirələr istisna olmaqla. Əsgərlər, onlar sizin üçündür. 

İncil çox qəddar kitabdır. Orda bəhs edilən zorakılıq qan dondurur. "Qətiyyən uşaqlar üçün deyil" - onun üzərinə bax bunu yazmaq lazımdır. 

Əgər bu gün Musa Misir imperiyasıyla mübarizə aparsaydı, o, yüz faiz beynəlxalq terrorçu adlandırılardı. 

Tarixi filmi ancaq bir idiot qeyri-dəqiqlikdə günahlandıra bilər. Əvvəl-axır biz orda ingiliscə danışırıq. 

Rejissorlar həmişə səni inandırmağa çalışırlar ki, əgər bu rolu qəbul eləməsən, filmi çəkməyəcəm, sonrasa başqa aktyorun yanına gedib deyirlər: "Qulaq as, bunu mən xüsusilə sənin üçün yazmışam". 

Mən kino biznesindən olan adamların arasında olmağı xoşlamıram, baxmayaraq ki, onlar başqalarından heç nələriylə fərqlənmirlər. Sadəcə daha çox jestikulyasiya edirlər. 

Ətrafdakıların daim mənə dediyi bir şey var. Guya, bilirsənmi biz nəyi tutmuşuq? Ki sənin qaliblər arasında olmaqdan zəhlən gedir. Ki sən uğursuzları sevirsən, ki qarşındakı nə qədər uğursuzdursa, sən onu bir o qədər çox sevirsən. Neyləmək olar, uğurlu insanlar doğrudan da hər dəqiqələrini planlaşdırır və heç vaxt vaxtlarını havayı yerə sərf etmirlər, uğursuzların vaxt nə vecinə, ona görə də onlarla vaxt keçirmək mənimçün maraqlıdır. 

Atam həmişə mənə deyərdi: boş dayanmaq günahdır. Bunu nəzərə alıb yaşa. 

Arvadım bir dəfə dedi ki, kökəlməyim onun vecinə deyil. Dedi ki, onda sənin yanında mən qamətli görünəcəm. 

Fotomun çəkilməsindən zəhləm gedir. Sadəcə olaraq dözəmmirəm. Yəqin buna görə də əksər şəkillərdə elə görsənirəm, elə bil lom udmuşam. 

Mən yalnız yanımda ssenarist olan zaman ağıllı və maraqlı görünürəm. 

Bir müddət əvvəl mən düşündüm: "Lənət şeytana, mənim artıq 40 yaşım var, amma hələ də yetkin adam deyiləm". Sonra mənə bir filmdə rol almağı təklif etdilər, dedilər ki, bu film atayla oğulun münasibətləri haqdadır. Mən qayıdıb soruşdum ki, ata rolunu kim oynayacaq? Sonra da dərhal özümə dedim: "Lənət şeytana, axı mən çoxdandır artıq atayam". 

Bildiyim bütün anekdotları mənə qızım danışıb. Buddist hot-doq satıcısına adətən nə deyir bilirsizmi: "Mənə içində hər şey olan birini ver". 

Betmenlə ayrılandan sonra onun üçün darıxacam. Üzümdə o tərli, isti rezinin kəskin çatışmazlığını hiss edirəm. 

Sənin daxilində nə olduğunu insanlar sadəcə ehtimal etməlidirlər. 

Mənbə: Esquire.ru

Tərcümə: Cavid Ramazanlı

Qaynarinfo.Az