
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AzNews.az-a müsahibəsində Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının ünvanına sərt sözlər işlədib.
O bildirib ki, Müsavatla AXCP-nin tutduğu mövqe Azərbaycan müxalifətini məhv edib: “Nə qədər ki, bu iki partiya var, ölkədə müxalifətin gücü, potensialı ilə nəsə etmək mümkün olmayacaq”.
İttihamlara qarşı tərəfin də cavabı gecişməyib. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı AzNews.az-a açıqlamasında S. Cəlaloğlunu cəsarətsizlikdə qınayıb: “Azərbaycanda vəziyyətin dəyişməməsinin səbəbi nə Xalq Cəbhəsidir, nə də digər partiyalar.
Ölkədə bu vəziyyətin davam etməsinin səbəbi ancaq hakimiyyətdir. Sərdar Cəlaloğluna üzümü tutub deyirəm ki, əgər özündə cəsarət tapıb hakimiyyəti tənqid edə bilmirsənsə, bu nə AXCP-nin, nə də Müsavatın problemidir. Sərdar Cəlaloğlu, hakimiyyəti tənqid etmək əvəzinə, iqtidarla mübarizə aparanlara qarşı çıxış edir. Bu isə nəticədə onun iç üzünü ortaya qoyur”.
F.Qəhrəmanlı onu da bildirib ki, S.Cəlaloğlu kimiləri öz yolunu müəyyənləşdirə bilməyincə, müxalifət qələbədən kənarda qalacaq.
Qaynar.info