"ABŞ və Aİ Ermənistan və Azərbaycana kömək etmək planı ilə Rusiya Federasiyasının regiondakı maraqlarını sıxışdırmaq istəyir”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Təəssüf ki, ABŞ-ın, Avropa İttifaqının indi gördüyü işlərdə artıq razılığa gəlməyə kömək etmək istəyi deyil, regiona nüfuz etmək, Rusiya Federasiyasının qanuni maraqlarına təzyiq göstərmək və sıxışdırmaq istəyi görürük. Onlar burada, az qala, həlledici rol oynayan qüvvə kimi təsdiqləmək istəyirlər. Bu, Qərbin - NATO və Aİ üzvlərinin sərhədlərindən uzaqda yerləşən regionlara genişlənmək istəyini əks etdirir. Bunun vəziyyəti sabitləşdirməyə kömək etmək üçün səmimi istəklə heç bir əlaqəsi yoxdur”, - deyə S.Lavrov bəyan edib.
S.Lavrovun bu açıqlaması ondan xəbər verir ki, Kreml Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsində Qərbin aktivliyindən narahat olub. Belə ki, son zamanlar İrəvanla Bakı arasında danışıqlarda Brüssel və Vaşinqton aktivləşib. Bu isə danışıqlarda vasitəçi qismində aparıcı rolun Qərbin əlinə keçdiyinə işarədir. Yaranmış vəziyyət isə Cənubi Qafqazda təkbaşına hegemonluq etmək eşqində olan Rusiyanı istər-istəməz qane etmir. Ona görə də özlərinə sırf edən şəkildə həyəcan təbili çalırlar. Aydın məsələdir ki, hazırda Qərblə Rusiya arasında bir çox cəbhələrdə nüfuz savaşı gedir. Cənubi Qafqaz regionu da həmin məkanlardan biridir. Birmənalı şəkildə bəllidir ki, Bakı ilə İrəvan arasında danışıqlarda Qərb həlledici vasitəçi qismində çıxış edəcəksə, deməli bölgədə onun da təsir dairəsi artacaq. Yox əgər, prosesdə Moskva həlledici söz sahibi olaraq qalacaqsa, əksinə, Cənubi Qafqaz Rusiyanın nüfuz dairəsində qalmaqda davam edəcək. Qərblə Moskva arasında indiki mübarizə də məhz bunun üstündədir. Həm Rusiya, həm Qərb çalışır ki, region ölkələrini öz diktələrinə tabe etdirsinlər. Ona görə də Moskva bölgədə Qərbin, ikincisi isə birincinin olmasında maraqlı deyil. Hər iki güc mərkəzi çalışır ki, sözügedən regiondan bir-birini sıxışdırıb çıxarsın. Bu mənada Rusiya xarici işlər nazirinin həyəcanı Kremlin mövqeyi baxımından başa düşüləndir. Bölgədə buna qədər nüfuz sahibi olan tərəf indi onun itirilməsi təhlükəsilə barışmaq istəmir.
Lavrovun səsləndirdiyi fikirlər həm də o anlama gəlir ki, Rusiya Qərbin Azərbaycanla Ermənistanı sülhə gətirmək cəhdlərini heç bir vəclə həzm etməyəcək və bütün vasitələrdən istifadə etməklə bu cəhdlərin reallaşmasına maneə olacaq. Onun nəticəsidir ki, son zamanlar Qərb vasitəçiliyilə danışıqlar istiqamətində canlanma baş verən kimi erməni terrorçuları tərəfindən təxribatlar, atəşkəsin pozulması halları da artıb. Bu da belə düşünməyə əsas verir ki, Kreml sülhün əldə edilməsinə əngəl olmağa çalışır.
Rüfət Sultan