Beynəlxalq Muğam Mərkəzi səsini ilk dəfə qrammofon valına yazdırmış ilk Azərbaycan qadın xanəndəsi, uzun illər unudulan Mirzə Güllər haqqında tədbir hazırlayır.
Qaynarinfo xəbər verir ki, layihənin rəhbəri Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti, professor Murad Hüseynov, koordinatoru isə filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlıdır.
Mirzə Güllərin "Mirzə Hüseyn segahı” və "Yeni dam üstə yeri” xalq mahnısını vala yazdırdığı tədqiqatçılara və geniş muğam ictimaiyyətinə bəlli idi.
Mirzə Güllərin həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masanın keçirilməsi ərəfəsində layihənin koordinatoru filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı Azərbaycanın Milli Səs Yazıları Arxivində olub, Mirzə Güllərin indiyə kimi tədqiqatçılar tərəfindən araşdırılmayan iki səs yazısını da tapıb. Bunlar Mirzə Güllərin oxuduğu, 1914-cü ildə Kiyevin "Monarx-Rekord” səsyazma studiyasında vala köçürülmüş "Kürdü-Şahnaz” muğamı və "Gəl görüm, gəl görüm kimin yarısan” xalq mahnısıdır. Bunlar Azərbaycan muğam sənətinin tədqiqi sahəsində çox mühüm tapıntılardır.