Xəbər lenti

Sevinc Çılğın: "Bir dodaq boyası əvəzinə iki kitab almaq olar" — FOTOLAR
Ölkə09:10 05.06.2015

Sevinc Çılğın: "Bir dodaq boyası əvəzinə iki kitab almaq olar" — FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Danışıq dilində yazdığı bütün statusları sevərək oxuduğum keçmiş "Facebook" dostum, tanınmış yazar Zahir Əzəmətin xanımı, gənc və istedadlı yazar, istedadlı olduğu qədər də eqolu xanım Sevinc Çılğın adı mənimçün məhz bu özəllikləri özündə ehtiva edir.

Yaxın günlərdə, bir qədər də dəqiqləşdirsək, iyunun 18-də xanım yazarın rəhbərlik etdiyi "Alokitab" xidmətinin yaradılmasının bir ili tamam olur. Sevinc xanımla həm ölkəmiz üçün yenilik olan bu xidmətin özəllikləri, həm də son aylarda sosial şəbəkələrdən perik düşməsiylə bağlı maraqlı söhbətimiz oldu.

- Sevinc xanım, "Alokitab" layihə olaraq bir il ərzində özünü doğrultdumu?

- Biz bu xidməti bir il ərzində öz maliyyə gücümüzə saxlamışıq. Daha doğrusu, "Alokitab" qismən öz xərclərini ödəyib. Heç kəsə sirr deyil ki, bizim ölkədə kitabı biznes kimi görmək, bu işdən pul götürəcəyini güman etmək absurddur.

- Onda bu sizin üçün hobbidir...

- Kitab, ədəbiyyat bizim həyat tərzimizdir. "Alokitab" Zahir bəyin layihəsidir, arzusudur. İş çoxluğundan kitabdan, ədəbiyyatdan uzaqlaşdığını hiss edirdi. Və bu ehtiyac, bu boşluq "Alokitab"ı yaratdı. Bu, alverdən, kitab biznesindən daha çox bir xidmətdir.

- Bu xidmət hansı zərurətdən yarandı?

- Kitab dükanı olmayan bölgələr, işdən çıxa bilməyən insanlar var. Kitab almağa zaman xərcləməsinlər. "Alokitab" kitabı qapınıza gətirəcək. Necə deyərlər, dağ Məhəmmədə gəlməsə də, Məhəmməd dağa gələr.

- Çatdırılma haqqı kimi kitabın qiymətinə nə qədər əlavə olunur?

- Məsələn, bir günə çatdırılma üç manatdırsa, iki günə çatdırılma iki manatdır. Qiymətlər bölgələrə görə dəyişir. Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkənin istənilən bölgəsinə poçt vasitəsilə kitab çatdırırıq. Elə ən çox alış-verişi bölgələr edir. Çünki bölgələrdə kitab mağazaları yoxdu. Elə kitaba marağı olanların çoxu da bölgələrdə yaşayır. Adamlara "Alokitab"a bircə zənglə istədikləri kitabı əldə etmək imkanı yaratmışıq.

- Bu, Azərbaycanda yeganə belə xidmətdir?

- Yeganə olmasa da, ən yaxşısıdır.

- Bu məqam özüm üçün də maraqlıdır. Bəlkə qeyri-ciddi bir adam maraq naminə zəng vurub sifariş edir. Bəs onda necə olur?

- Bu, əgər paltar və ayaqqabı sifarişi olsaydı, dediyinizi düşünmək olardı. Amma kitab oxuyan adamlar bir az ciddi olurlar (mənim kimi istisnalar da var) (gülür). Saytımızda olmayan kitabları da tapmaqda insanlara kömək edirik. Saytın (alokitab.az) sağ hissəsində bir köşə var. Orada saytda olmayan, amma oxucuya lazım olan kitabın adını yazıb, sifariş verə bilirlər. Bizim başqa bir vəzifəmiz də həmin kitabı tapmaqdır.

- Ancaq yeni nəşrləri tapmaqda kömək edirsiniz?

- İstənilən kitabı tapa bilərik.

- Yəqin ki, çətin tapılan kitabların qiyməti baha olur...

- Biz o kitabı neçəyə əldə ediriksə, çox cüzi fərqlə müştəriyə çatdırırıq.

- Bir il ərzində nə qədər kitab çatdırmısınız?

- Statistikasını aparmamışıq. Amma bu rəqəm minlərlə ölçülür. Çünki bizdə təkcə ədəbiyyat deyil, istənilən sahəyə aid kitablar var.

- Ən çox hansı kitablara tələbat var?

- Türk dillində olan kitablara.

- Bəs ən çox tələbat olan yazar, əsər hansıdır?

- Ahmet Batman, Kahraman Tazeoğlu, Orhan Pamuk...

- Ən fəal bölgə hansıdır?

- Qəbələ və Naxçıvanı xüsusi fərqləndirərdim.

- Bəs ən qeyri-fəal?

- Belə bölgələr çoxdur.

- Bu sahədə çətinliklər nədən ibarətdir?

- Məsələn, bizim insanımız kitaba meyilli deyil. Başa düşürəm ki, biz keçid dövrünün adamlarıyıq, sosial problemlərimiz həddən artıq çoxdur. Kontura, kosmetikaya, siqaretə artıqlamasıyla pul xərcləyən adamlar kitaba beş manat sərf etməməkçün min cür bəhanə tapırlar. Ayda bir dodaq boyası az alıb əvəzinə iki kitab almaq olar. Yəni arqumentləri mənasızdır, səbəb deyil.

- Yalnız kitab çardırırsınız, yoxsa jurnal və qəzet də olur?

- "National Geographic Azerbaijan" jurnalıyla əməkdaşlığımız var. Amma qəzet yayımı ilə məşğul olmuruq.

- Problemlərdən danışırdıq...

- Dediyim kimi, bizdə kitaba meyil azdır. Amma kitab oxuyan adam bunu istənilən şəraitdə edir. Məsələn, mən hər səhər özümlə kitab götürürəm. Anam deyir ki, maşında oxumursan, yolda oxumursan, niyə yük edirsən? Deyirəm, işdə boş vaxt tapan kimi oxuyuram. Maşında kimisə on dəqiqə gözləyirəmsə, kitab oxuyuram. Çünki artıq sosial şəbəkələrdə də yoxam. Vaxtı dəyərləndirmək lazımdır. İtən vaxt heyifdir.

- Elə bu sualı verəcəkdim, məni qabaqladınız. Çox fəal sosial şəbəkə istifadəçisi idiniz və qəfil yoxa çıxdınız. Səbəb?

- "Facebook" profilimi dondurmuşam. Artıq 6 ay olacaq. Bezdim virtual adam olmaqdan. Günün biri orda hər şey saxta və mənasız gəldi mənə.

- Amma məncə "Yumurta" kitabından sonra oxucuya bir qədər əlçatmaz görünmək istəyi də var.

- Bəli, o səbəb də var. Məsələn, ədəbiyyat mənim bildiyim sahədir, ən yüksək qiymətlərlə magistr məzunu olmuşam. Amma məsələn ömründə bir kitab oxumayan adam və ya ədəbiyyat bilgisindən ən son oxuduğu kitab “9-11-ci siniflər üçün Ədəbiyyat nəzəriyyəsi” olan biri qəfil ortaya atılıb, ədəbiyyat davası edə bilir adamla. Yəni sosial şəbəkə adamlara eyni ranqda olduğunu hiss etmək imkanı yaradıb. Əslində bu yaxşı bir şey deyil. Bilən adamın yanında susmaq və öyrənmək lazımdır. Özündən yuxarıdakını da, aşağıda duranı da (təbii ki, intellekt, ağıl, savad mənasında) görmək, tanımaq, qəbul etmək gərəkir. Hamıyla eyni dildə danışmaq mümkün deyil. Hərəni öz dilində, öz səviyyəsində dindirməlisən. Mənim daha ora sərf edəcək enerjim, gücüm qalmadı. Yoruldum, hədsiz diqqətdən, maraqdan. Saxta adamlardan, mənasız təriflərdən, yaltaqlıqlardan, boşboğazlıqdan. Öz payıma deyirəm, heç kəs inciməsin, mənə görə facebook bekar adamlarçundur. Vaxtımın çox dəyərli olduğunu anladım. Nə zaman öləcəyimi bilmirəm. Bu, hər an ola bilər. Sükan arxasındayam. Hər gün onlarla qəza baş verir. Bu mənim də payıma düşə bilər. Mənimsə insanlara demək istədiyim şeylər var. Yazmaq istədiyim kitablar var. Deyir, ölməmək istəyirsizsə, özünüzdən sonra ölməz əsərlər qoyub gedin. Mənim də eqom güclüdür. Ən azından cəhd edirəm. Vaxtım qızıldır, qədrini bilməyə çalışıram.

- Bəzən də sosial şəbəkədəki xanımlara müəyyən "təkliflər" olur və çoxları məhz buna görə oranı məcburən tərk edirlər...

- Adamlar mənimlə hədlərini bilirlər. Çünki mənim obrazım ortadaydı. Bilirdilər ki, artıq-əskik nəsə yazsalar, çəkinmədən rüsvay edə bilərəm (gülür).

- Deyəsən bir dəfə belə bir şey olmuşdu.

- Bəzən kimlərsə ehtiyatı əldən verməmək üçün ikibaşlı danışırlar. Yəni tutdu qatıq, tutmadı ayran məsələsi. Amma bu, əsas səbəb ola bilməz mənimçün. Çünki elələrini uzaqbaşı bloklayırsan.

- Yenidən qayıdaq kitab məsələsinə. İstehsalçılardan aldığınız faiz qaneedicidirmi?

- Xeyr, qane etmir. Çünki onlar bəzən kitabı maya dəyərindən on dəfə baha təklif edirlər. Biz "Zero" nəşriyyatı olaraq bir çox kitablar buraxmışıq. Yəni kitabın maya dəyərindən xəbərim var. Məsələn, maya dəyəri 50 qəpiyə olan kitab 5 manata bizə təklif olunur. Təbii ki, dövlətin bir az dəstəyi olsa, aşağı faizli kreditlər versə, yaxşı olar. Çünki dövlət məsələyə müdaxilə edəndə özümüz də məsələyə daha ciddi yanaşırıq, oxucular da.

- Düşünürsünüz ki, dövlət müdaxilə etsə, insanlara kitab oxutdurmaq mümkün olacaq?

- Bu işi hansısa formada böyütmək olar. Məsələn, reklamına bir az pul xərcləyərəm. Bizim bazamız hər gün genişlənir. Bu mənada daha çox kitab alaram.

- Qadağan olunmuş kitabları çatdırırsınız?

- Əslində, dini, irqi ayrı-seçkiliklə əlaqələndirilən bir çox kitablarla bağlı tez-tez sifarişlər daxil olsa da, biz həm sifarişdən imtina edir, həm də imtinamızın səbəbibni izah edirik. Dövlətim qadağa qoyubsa, ona birmənalı olaraq əməl edirəm.

- Məsələn, hansı kitablar?

- Hitlerin "Mənim savaşım" kitabını istəyənlərin sayı çox olur.

- Bildiyimə görə əməkdaşlarınızın əksəriyyəti tələbələrdi...

- İnzibatçımız, kuryerlərimiz tələbələrdir. Bəzi könüllülərimiz də tələbələr olur.

- Yaşı 40-ı keçmiş insanlar tez-tez "bizim vaxtımızda kitaba maraq daha çox idi" tipli iradlar səsləndirirlər. Sizcə, hazırda kitaba marağın az olmasının əsas səbəbi internet ola bilərmi?

- Əsas səbəblərdən biridir.

- Avropada olmamışam, amma oradakı dostlar deyirlər ki, burada kitab mağazalarında növbədir. Halbuki bizdə internet "süründüyü" halda, orada "uçur". Yəni arqument kimi internet o qədər də tutarlı görünmür.

- Hələ ki, bizdə bu sənaye formalaşmayıb. Zahir deyir ki, 10 il əvvəl Rusiyadan, Türkiyədən bu qədər kitab axını yox idi, bu qədər kitab çap olunmurdu, imza günü keçirilmirdi. Məsələn, ilk imza günü edənlərdən biri mənəm.

- Son vaxtlar keçirilən imza günləriylə bağlı bir təəssüratım var...

- (sözümü kəsir İ.V.) Xeyir-şər məclislərinə çevrildiyini deyirsiniz? (Gülür)

- Bəli.

- Altı il əvvəl "Alaçarpa" kitabıma tədimat etdim. Mənə insanların münasibəti maraqlıydı. Üstəlik ilk dəfə idi deyə insanları dəvət etdim. Amma "Yumurta" kitabının təqdimatına heç kimi dəvət etmədim. Yalnız kitabı əldə etmək istəyənlər gəldilər. Sadəcə elan verilmişdi, şəxsən dəvət etməmişdim. Bu, daha xoşdur.

- "Yumurta" sayca ikinci kitabınızdır?

- Bəli. Bu dəfə mənim oxucum daha çox idi. Məsələn, yüz kitabımın səksənini oxucularım almışdı. “Alaçarpa”nın ikinci imza günündə alıcıların əksəriyyəti hamilələr idi. Çünki səhər efirdə qızım Yavruma yazdığım şeiri oxudum və dedim ki, bu, hamilə qadınların şeiridir. Bu söz bəs elədi. Özü gələ bilməyənlər belə, kitab almaq üçün analarını göndərmişdilər. Həvəsim olanda, kitabımın reklamını qura bilirəm.

-Yenidən sosial şəbəkədən uzaqlaşmağınızın səbəblərinə qayıdaq...

- Sosial şəbəkədə dostluğumda qadınlar daha çox idi. Tükəzban da var idi, Fatmanisə də, Ancelina da. Nəsimi Nəbizadə mənim profilimə "qızlar şənlənən yer" deyirdi. Məsələn, belə bir detala diqqət çəkim. Deyək ki, ölkədə nəsə ciddi bir hadisə baş verib. Tükəzban gəlir status olaraq münasibətini bildirir (belə baxanda Tükəzbanın münasibəti nə ölkə, nə dövlət, nə də cəmiyyət üçün maraqlıdır). Amma sosial şəbəkə hər kəsə fikrini ifadə etmək şansı yaradıb. Ancaq ciddi məsələləri belə lağlağı obyektinə çevirmək qeyri-ciddilikdir və insanlarda çaşqınlıq yaradır. Ən ciddi mövzular belə lağlağıya çevrilib, unudula bilirdi. Özümü bu lağlağının içində hiss etdim. Sosial şəbəkə insanlarda həm də kompleks yaradır. Bəyənənlər, bəyənməyənlər, bəyənənlərə lağ edənlər, bəyənməyənlərlə məzələnib status yazanlar və s. Bir də ki, adamlar hər şeyə münasibət bildirmək məcburiyyətində hiss edirlər özlərinə. Əslində sən paylaşım etmisənsə, buna münasibət bildirmələri də normaldır. Ancaq təkrar edirəm, mən öz yerimə danışıram, öz payıma deyirəm, virtual adam olmaq çox mənasızdır. Facebook sosial şəbəkə adlansa da, əslində insanları bir-birindən soyudur. İstər-istəməz çox şeyi paylaşırsan, hamının nə etdiyindən, necəliyindən xəbərdar olursan deyə, kiminləsə real olaraq görüşmək, danışmaq istəmirsən. Və bu soyuqluq, uzaqlıq insanları təkləşdirir, tənhalaşdırır. Özünəqapalı edir, depressiyaya salır. Küçədə belə insanlar başı aşağı, telefonla qurdala-qurdalana gəzirlər. Guya dostlarıyla hava almağa çıxıblar. Nə bilim, bəlkə də mən yanılıram. Amma mənə elə gəlir ki, bir gün çox adam bu qənaətə gələcək və oranı bir-bir tərk edəcəklər. Real həyat bizim üçün darıxıb. Şəxsən mən belə daha rahat, daha sərbəstəm. İndi enerjimi paltarımın qiymətini, pamadamın, tonal kremimin rəngini, necə arıqladığımı və s. kimi mənasız sualları cavablamağa sərf etmirəm. Vaxtımı tükəzbanların lağlağısına xərcləmirəm. Onların münasibətini oxumaqdansa, Remarkın fikirlərini oxumağım daha faydalıdır. Həyatım facebook mərhələsini keçdi, aşdı. Narkotiki tərgizmiş kimiyəm hazırda. İndi həyat mavi-bəyaz facebookdan ibarət deyil. Rəngarəng və gözəldir.

- Neçə ildir sosial şəbəkə istifadəçisiydiniz?

- Altı il.

- Həmin tükəzbanlar sosial şəbəkədə altı il əvvəl yox idi, qəfil peyda oldular?

- Yox, həmişə olublar. Bəlkə elə mən özüm də nə vaxtsa tükəzban olmuşam. Bəlkə indi böyümüşəm? Bilmirəm. Bilirsiz, bu yaxınlarda bir məsələ ilə bağlı facebooku bir neçə saatlıq açmalı oldum və "xoş gəldin"lər başlandı. Elə bildim ayaqlarımdan tutub başımı iyrənc quyuya salırlar. Kitab çıxanda təbliğat məqsədiylə 15 günlük açdım. Kitabın üz qabığının şəkli mindən yuxarı "like" yığdı. Orada yazdım ki, bu bəyənənlərin yarısı gəlib kitabımı alsa, bəsimdir. Kitabın xərci də çıxır, həm də yazıçı kimi özümü təsdiqləmiş hiss edərəm. İmza günümə 150 nəfər gəldi ki, onların da yarısı dost-tanış . Bəs hanı o adamlar, hanı o səmimiyyət? Doğum günümdə 2000-dən yuxarı təbrik aldım. Səhəri gün Facebooku bağladım və növbəti dəfəyədək maksimum on nəfər məni itirib axtardı. Yəni virtuallıq mənə çox saxta və iyrənc gəldi. Təbii ki, orada xüsusi hörmət etdiyim, sevdiyim insanlar var. Fikirlərini bilməyə, oxumağa ehtiyac duyuram. Əlbəttə, mən başa düşürəm ki, qızıl gülü iyləməkçün ayaqaltda olan ot-ələfə də rast gələcəksən, ancaq yalnız onlara görə də qala bilməzdim. Həm də ki, elə bir mərhələyə gəlib çatdım ki, oradakı bütün müzakirələr, söhbətlər, ən ciddi məqamlarda belə “hə, nə olsun?” sualını verdim özümə. Cavab isə yox idi… Boş və mənasız…

- Sosial şəbəkəsiz çətin deyil?

- Qətiyyən. Əksinə, daha rahatdır…

- Bəzən də çox komplekssiz fotolarınız olurdu. Buna görə sizi qınayırdılar?

- Əlbəttə. Bəzən üzümə gülüb kənarda müzakirə edirdilər. Adamların mənfi enerjisindən, qeyri-səmimiyyətindən iyrənirdim. Boşuna vaxtım gedirdi. İki ay bağladım, yarımçıq hekayələrimi tamamladım, kitabımı çıxartdım. Hazırda eyni vaxtda iki roman yazıram. Oxu tərzim də belədir, eyni vaxtda 2-3 əsər oxuyuram. Yazdıqlarımdan biri "Doğma bataqlıq" adlı sənədli roman olacaq. Kubinka, onun tarixi, insanları, ordakı həyat haqdadır. Bu barədə yazdığım silsilə yazıları sənədli romana çevirirəm. Düşünürəm ki, bunu ancaq mən yaza bilərəm. Bu mənim mövzumdur. Bakını, Bakının köhnə məhəllələrini, bakılıları, o adamları, o həyatı mənim qədər hiss edən, duyan ola bilməz. Çünki mən özüm də o həyatın bir parçasıyam. O kobud həyatdan çıxmışam. Və hər şeyi görə-görə, yaşaya-yaşaya böyümüşəm. Mən təkcə Bakıda yaşamıram, həm də Bakını yaşayıram. Mən Bakının damarlarından axan qan kimi bir şeyəm. Hazırda arxivlərdə bu əsərlə bağlı ciddi araşdırmalar edirəm. İkinci romanda isə yaşamadıqlarımdır. Hekayələrimdə də belədir, yaşamadıqlarımı yazıram.

- Sizcə, öz yaşadıqlarını yazmaq yazıçının zəifliyidir?

- Yazıçı bir dəfə özünü yazar. Bircə avtobioqrafik əsəri olar. Şeirdə özünü istədiyin qədər yaza bilərsən. Amma nəsrdə maraqsız olacaq. "Doğma bataqlıqda" mən varam. Başıma gələn hadisəni hekayə kimi sırımaq mənlik deyil. Mən tanımadığım adamlardan, amma həyatda gördüyüm hadisələrdən yazıram. Yəni fantastika deyil. "Yüz faiz qadın" hekayəsindəki qadının əlli faizi anamdır. Heç anamın belə yüz faizi mənə maraqlı deyil. Çünki heç kəs dibinə qədər görünmür, həm də görünməsə daha yaxşıdır. Məsələn kiminsə əlləri, kiminsə dabanındakı çatlar maraqlı görünər və mən o əllərlə o çatlamış dabanları bir sahibdə birləşdirərəm.

- Yetərincə eqosu olan xanım təəssüratı bağışlayırsınız...

- Bu artıq isbat olunmuş bir şeydir (Gülür). Evin yeganə övladı oldunsa, eqoistlik canında olacaq. Mən ancaq məni ərköyünləşdirən adamlara - atama, anama, Zahirə qarşı eqoistlik edərəm. Nə qədər ki onlar var, bu ərköyünlük də olacaq. Əgər atan, anan hələ də əyilib sənin ayaqqabılarının ipini bağlayırsa, sən balacasan, böyüməmisən. Böyüməksə böyük ağrılardan sonra olur. Özümə böyümədən ölməyi arzu edirəm.

- Və son olaraq istərdim ki, gənc yazar Qan Turalı ilə "Əli və Nino"nun rəhbəri Nigar Köçərli arasında baş verənlərdən danışaq. Çünki həm qələm adamısınız, həm də kitab. Yəni hər iki tərəfin yaşantıları sizə müəyyən qədər yaxındır. Sizcə, indiki durumda kim daha haqlı görünür?

- Buna iki cür cavab verə bilərəm. Tural müasir Azərbaycan yazarıdır, kitab çap etdirib, yoldan keçən yazar deyil. Onun kitabı ölkədəki bütün kitab mağazalarında satılmalı, təbliğ olunmalıdır. Ən azından dəstək üçün. Amma "Əli və Nino" özəl biznes strukturudur, görünür öz inkişaf stratigiyasını bu cür seçib. Bu strategiyanın nə qədər uğurlu olub-olmadığını zaman göstərəcək.

- Eynisi sizə qarşı olsaydı, Qan Turalı kimi etiraz edərdinizmi?

- Əlbəttə, edərdim. O yanlışlıqlarla mən də qarşılaşmışam. İmza günümdə oxucum kitabımı istəyir, satıcı məni tanımır, kitabın böyük stendinə belə məhəl qoymayıb deyir ki, bizdə belə kitab yoxdur. Təbii ki, kitabdan bixəbər adamın orada işləməsi normal deyil. Ancaq istənilən halda, söhbət kitabdan gedirsə, kitabı sevən, yazan və təbliğ edən biri kimi, heç bir məqam kitab mağazasını, kitab layihəsini boykot etməyə mənim üçün səbəb ola bilməz.

- Çox sağ olun maraqlı söhbət üçün...

- Siz də sağ olun.

İntiqam VALEHOĞLU

Foto: Nurlan Gülməmmədov

Ölkə.az