
"15 dekabr mitinqi AXCP-nin və ya başqa bir partiyanın mitinqi deyil".
Bunu Qaynar.info-ya açıqlamasında Azərbaycan Xalq Cəphəsi Partiyasının və Milli Şuranın üzvü Seymur Həzi deyib.
Onun sözlərinə görə dekabrın 15-nə təyin olunan mitinq Milli Şuranın mitinqidir: "Milli Şura kollegial olaraq bu qərarı verib. Mitinqə icazə verilməsə də, bununla bağlı yenə yığışıb qərar verəcəyik. Ona görə də bu barədə partiyaların indidən fikir bildirməsi doğru deyil. Partiyalar yalnız kollegial iclasda öz qərarlarını açıqlayacaqlar. Biz bu məsələ ilə bağlı ayrı-ayrılıqda fikir bildirə bilmərik".
Xatırladaq ki, Müsavat Partiyası Divanının üzvü Tural Abbaslı Qaynar.info-ya açıqlamasında Müsavat Partiyasının indiki durumda icazəsiz aksiyada iştirak etməsini məqsədəuyğun hesab etməyib.
Qeyd edək ki, Milli Şura dekabrın 15-nə mitinq təyin edib. Bakı Şəhər İcra Hakimiyyəti isə hələ də müraciətə cavab verməyib.
Elkin Xəlilov
Qaynar.info