"Bu tənqid deyil, müsabiqə iştirakçısına tövsiyyədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov yazıçı Seyran Səxavətin 8-ci televiziya "Muğam” Müsabiqəsinin münsif olan Xalq artisti Mələkxanım Əyyubovaya iradlarına aydınlıq gətirərkən deyib. Xanəndə yazıçının Mələkxanım Əyyubovanın ünvanına dediyi iradlarla razılaşmadığını deyib:
"Orada uşaq tənqid də olunmayıb. Mələkxanım iştirakçıya tövsiyyələr verib, hansı ki, onu hamımız tələbələrimizə deyirik. Mələkxanım deyir ki, "çalış ifa etdiyin muğamın sözlərini bir az aydın tələffüz edəsən, sözlər aydın eşidilsin”. Burada nə var? Mən olsaydım, ondan daha betər deyərdim. Mələkxanım düz deyir. Biz görürük ki, iştirakçıların ona səs imkanları var. Sabir Ağayev Qasım müəllimin tələbəsidir və Qasım müəllim də həmin vaxt zalda idi. Uşaq muğamın sözlərini anlaşıqlı demədi. Mələkxanım musiqiçidir, muğamla yanaşı gözəl qarmon ifaçısıdır, sözlərin necə tələffüz edilməsini bizdən yaxşı duyur”.
Qeyd edək ki, yazıçı Seyran Səxavət mətbuatda "Muğam” müsabiqəsinin münsif olan Xalq artisti Mələkxanım Əyyubovaya iradlarını bildirib:
"Bilirsiniz, adam böyük şəxsiyyət ola bilər, amma ola bilər ki, ondan yaxşı münsif olmasın. Bu, bəşəriyyətin həyatının bütün sahələrində artıq çoxdan sübut olunub. Münsiflərin içində sənətini çox sevdiyim, bəyəndiyim Mələkxanım Əyyubovaya bir söz demək istəyirəm. Dünən müsabiqədə son 50-60 ildə bizim muğam ustadlarının oxumadığı "Ovşarı” muğamı oxundu və bunu da gənc balamız Sabir Ağayev oxudu. Bu böyük bir riskdir. Bu Şuşanın qayalıqlarına dırmaşan əsgərlərimiz qədər hünərdir. Mən bunu bir qarabağlı, muğamın bilicisi kimi deyirəm. Mələkxanım, xahiş edirəm, uşağı "sındırmaq” olmaz. Bu muğam yarışmasıdır, deklamasiya, şeir yarışması deyil. Onu elə yumşaq demək olar ki, o uşağın necə ki, "Ovşarı” muğamını yumşaq oxuduğu kimi. Sən onu niyə "sındırırsan?” Uşaqla ehtiyatlı ol, uşaq Allahın çox istədiyi, sevdiyi bəndəsidir. Ən azı ona görə ki, Allahın ən çox sevdiyi bir məxluq olan uşağa qarşı ehtiyatlı, diqqətli ol, Mələkxanım Əyyubova”-deyə bildirib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər