Qaynarinfo Sevil Gültənin tərcüməsində Gi de Mopasanın "Dilənçi” hekayəsini təqdim edir:
İndi əzab-əziyyət çəksə də, onun da bir vaxtlar yaxşı günləri olmuşdu.
Ancaq on beş yaşı olanda Varville şose yolunda maşın qəzası vaxtı hər iki ayağı şikəst oldu. Həmin vaxtdan başlayaraq o, qoltuqağaclarına söykənə-söykənə yeriyib yollarda, fermalarda dilənməyə başladı. Qoltuqağaclarına söykənəndə az qala çiyinləri qulaqlarına çatırdı. Bu vaxt onun başı iki dağ arasında sıxılırmış kimi görünürdü.
Bu atılımış uşağı qəzadan sonra Les Billettes kilsəsinin keşişi arxın içindən tapdı, onu xaç suyuna saldı. Ondan sonra Nikolas Toussaint adamların verdiyi sədəqə ilə yaşadı, təhsil almadan. Hərdən çörəkçinin ona verdiyi konyakdan içib sərxoş olardı. Həyatı boyu öyrəndiyi yeganə şey əl açıb sədəqə istəmək idi.
Sonralar bir dul Baronessa (baron arvadı) ona malikanəsinin yanındakı toyuq fermasına bitişik kiçik, qaranlıq bir yerdə, saman üstə yatmağa icazə verdi. O, tam arxayın idi ki, ona bir stəkan alma şərabı və çörək qırıntıları verəcəklər. Bundan başqa, qoca ledi hərdən ona pəncərədən qəpik-quruş da tullayırdı. Ancaq indi bu ledi ölmüşdü.
Kəndlərdə adamlar ona demək olar ki, heç nə vermirdilər - o bu ətrafda məşhur idi. Qırx il idi ki, camaat bu şikəst, cır-cındır geymiş, taxta qoltuqağaclarına söykənib qapı-qapı dilənən bu kişini görməkdən bezmişdi.
Buna baxmayaraq, başqa bir yerə getmək heç onun ağlına gəlmirdi. Çünki o bu dünyada ömrünü keçirdiyi bu üç-dörd kənddən başqa bir yer tanımır, dilənmə "əməliyyatlarını” yalnız bu kəndlərdə keçirirdi.
Hətta bilmirdi ki, bu meşələrdən o tərəfdə həyat var, yoxsa yox. O heç vaxt özünə bu sualı vermirdi. O tarlalara, əkin sahələrinə gedib dilənərkən kənd camaatı ona "Axsaya-axsaya bura gəlməkdənsə sən nə üçün başqa kəndlərə getmirsən?” deyəndə onlara cavab verməzdi, sakitcə uzaqlaşardı. O, minlərlə şeydən qorxurdu - təzə insan üzlərindən, onların acı sözlərindən, təhqirlərdən, onu tanımayan adamların baxışlarından, yol kənarında cüt-cüt gəzən polislərdən və sair. Axırıncıların - polislərin gözünə görünmək istəməzdi, onların gəldiyini görən kimi ya kolluğa girər, ya da iri daşların arxasında gizlənərdi. Elə ki aralıdan uniformaları günəş şüaları altında parlayan polisləri görürdü, elə bil ona qəribə güc gəlirdi, öz yuvasına tərəf qaçan vəhşi heyvan gücü. O bu vaxt qoltuqağaclarını tullayıb cındır xalça kimi yerə sərilir, bacardığı qədər büzüşüb kiçik görünməyə çalışırdı.
Düzdür, onun heç vaxt polislə problemi olmamışdı, ancaq onlardan uzaq durmaq instinkti onun qanındaydı. Görünür, polislərdən uzaq durmaq instinki heç vaxt üzünü görmədiyi valideynlərindən ona "miras” qalmışdı.
Onun sığınmağa bir yeri, başının üstə damı yox idi. Yay vaxtı o evlərin qapısı ağzında yatardı, qışda isə anbarlara, tövlələrə sivişib girmək bacarığı vardı. Həmişə çalışırdı ki, ev sahibləri onu görməzdən qabaq ordan çıxsın. Demək olar ki, anbarlara girmək üçün bütün dəlmə-deşikləri tanıyırdı. Özünə lazım olanları toplayanda bəzən samanlıqda da yatırdı.Vaxt olurdu ki, o dörd, beş gün orda qalırdı.
O meşədəki vəhşi heyvanlar kimi yaşayırdı. Düzdür, insanlar arasında yaşayırdı, ancaq onların heç birini tanımırdı. Heç kimi sevmirdi, insanların ona yalnız nifrəti vardı, ona "Bell” (Bell ingiliscə zəng deməkdir) ləqəbi vermişdilər. Çünki iki qoltuqağacı arasında sallana qalanda kilsə zənginə oxşayırdı.
İki gün idi ki, heç nə yeməmişdi. Artıq heç kim ona sədəqə vermirdi. Adamların səbri tükənmişdi. Qadınlar aralıdan onun gəldiyini görən kimi elə astanadan çığırırdılar:
– Rədd ol! Rədd ol get, avara! Yenə nəyə görə gılmisən, mən ki üç gün əvvəl sənə çörək vermişdim.
O, qadının sözlərini eşidib o biri evə sarı gedirdi, orada da onu belə qarşılayırdılar.
Qadınlar bir-biri ilə danışanda deyırdilər:
– Biz il uzunu bu tənbəl heyvanı yedizdirməyə borclu deyilik!
Ancaq bu "tənbəl heyvanın” hər gün yeməyə ehtiyacı vardı.
O bütün günü Saint-Hilaire, Varville, Les Billettes kəndlərini dolaşıb yorulmuşdu. Heç kim ona bir qara qəpik, ya bir tikə quru çörək verməmişdi. Onun yeganə ümidi Tournolles kəndinə idi. Ancaq bu kəndə çatmaq üçün o, beş kilometrdən çox yol getməliydi, di gəl o qədər yorğun idi ki, qoltuqağaclarına da gücü çatmırdı. Onun həm cibi, həm də qarnı bomboşdu, bununla belə, birtəhər yola düzəldi.
Dekabr ayı idi. Meşədən soyuq külək əsir, ağacların budaqları arasında vıyıdayırdı. Göyün üzü qara buludlarla örtülmüşdü. Yazıq şikəst qoltuqağacına söykənə-söykənə güclə irəliləyirdi.
Hərdənbir o arx qırağında oturub dincini alırdı. Aclıq bütün gücünü gəmirirdi, onun çaşmış, yavaş işləyən beynində yalnız bir fikir vardı: Yemək! Amma buna necə nail olmağın yolunu bilmirdi. Onun əzablı, ağrılı səyahəti düz üç saat davam etdi. Aralıdan kəndin ağaclarını görəndə ona yeni güc gəldi.
Qarşılaşdığı birinci kəndlidən sədəqə istəyəndə adam dedi:
– Bu sənsən? Qoca avara! Mən səndən canımı heç vaxt qurtarmayacam?
"Bell” yoluna davam etdi. Hər qapı ağzında o acı sözlərdən başqa heç nə "almadı”. Bütün kəndi dolaşdı, bu qədər əzabı müqabilində bir qara quruş yiyəsi olmadı.
Daha sonra palçığa bata-bata kəndin kənarındakı fermalara sarı getdi. Elə yorğun idi ki, qoltuqağacını yerdən güclə qaldırırdı. Hər yerdə onu eyni cür qarşıladılar. Hava getdikcə daha da soyuyurdu. Elə bil adamların da ürəyi donmuş, daha sərtləşmişdi, heç kimin əlləri pul ya ərzaq vermək üçün açılmırdı.
"Bell” tanıdığı bütün evlərin qapısından qovuludan sonra o Çiquetin fermasının yanındakı arxın içində oturdu. Qoltuqağacları sürüşüb qoltuğundan yerə düşdü, bir müddət acından heyi çəkilib hərəkətsiz dayandı, ancaq ağlı hələ də öz miskin həyatını dərk edə bilirdi.
İnsan ürəyində heç nəyə məhəl qoymadan yaşaya bilən bir ümidlə gözlədi. Fermanın həyətində, dekabr küləyi üzünü qamçılaya–qamçılaya ümid etdi. Allahdan, ya insanlardan mözücəli sədəqə gözlədi. Ancaq heç inanmırdı bu sədəqə ona verilər.
Yanında qara toyuqlar ora-bura qaçır, dən axtarır, hərdən də dimdikləri ilə torpağın üstündən ya buğda, ya da kiçik həşərat qapırdılar. Toyuqlar beləcə özlərinə qida axtara–axtara ora-bura qaçışırdı.
Əvvəlcə "Bell” heç nə fikirləşmədən onlara tamaşa edirdi. Sonra onun beyninə, yox, bəlkə də qarnına "bir fikir” gəldi ki, o bu toyuqlardan birini tutub quru budaqlardan qaladığı ocağın üstündə bişirib yeyə bilər.
O özünü oğurluq edən adam kimi aparmırdı. Əli çatan bir daşı götürdü, bacarığı olduğundan elə o an ona ən yaxın olan toyuğu öldürdü. Toyuq torpağın üstünə düşüb qanad çaldı. O biri toyuqlar tez dağılışdılar. "Bell” də birtəhər ayağa durub, qoltuqağaclarını götürdü və özünün "qurbanına" tərəf getdi.
O başı qana boyanmış qara toyuğa çatanda arxasına elə güclü təpik dəydi ki, qoltuqağacları özündən on addım qabağa düşdü. Fermer Çiquet qəzəblə onun yanında dayanmış, müdafiəsiz çapovulçunu təpikləyirdi.
Fermanın o biri işçiləri də gəlib yazıq dilənçini döyməyə başladılar. Döyməkdən yorulanda aparıb onu odun damına tulladılar, özləri isə polis gətirməyə getdilər.
Döyülməkdən, aclıqdan yarımcan olmuş, qanına bələnmiş "Bell” yerə sərəli qaldı. Axşam düşdü, sonra gecə oldu, səhər açıldı. O isə hələ heç nə yeməmişdi.
Günortaya yaxın polislər gəldi. Onlar odun damının qapısını ehtiyatla açdılar, qorxurdular ki, dilənçi müqavimət göstərər. Çünki fermer Çiquet polisə məlumat vermişdi ki, dilənçi ona zərbə endirib, o özünü güclə müdafiə edib.
Serjant qışqırdı:
– Dur bura gəl!
Ancaq "Bell” hərəkət edə bilmirdi. O, var gücünü toplayıb qoltuqağaclarına söykənmək istədi, ancaq bacarmadı. Polis isə elə fikirləşirdi ki, o özünü yalandan zəif göstərir, onu dartıb qoltuqağacları arasına " yerləşdirdi” .
Dilənçini qorxu bürüdü – polis uniformasından olan qorxu. Siçanın pişikdən qorxusu kimi.
– İrəli! – serjant əmr etdi.
Dilənçi yeridi.
O, odun damından çıxanda bütün ferma camaatı ona baxırdı. Qadınlar yumruqlarını düyünlədilər. Kişilər onu ələ salıb, təhqir etdilər. Axır ki onu apardılar! Canları ondan qurtardı! "Bell” iki mühafizəçinin arasında gedirdi. Axşama qədər dözməyə kifayət edəcək qədər enerji- ümidsizlik enerjisi - topladı ki, ən azı nələr baş verdiyini görsün.
Yolda onu görən kənd camaatı dayanıb ona baxır, deyinirdilər:
– Yəqin ki, oğrudur!
Axşama yaxın əyalət mərkəzinə çatdılar. İndiyə kimi bu qədər uzaq yerlərə getməmişdi. Dərk edə bilmirdi ki, onu bura niyə gətiriblər, onun başına nə gələcək. Son iki günün ağır, əzablı, gözlənilməz hadisələrindən sonra bütün bu tanış olmayan sifətlər onun ürəyini təlaşla doldururdu.
O, heç nə demədi, deməyə sözü yox idi, çünki heç nə başa düşmürdü. Bundan başqa, neçə illər idi ki, heç kimlə danışmamışdı, az qala dilini necə "işlətməyi” də unutmuşdu. Onun fikirləri o qədər qeyri-müəyyən idi ki, sözə çevrilə bilmirdi.
Onu şəhər həbsxanasına salıb qapını bağadılar. Polisin ağlına da gəlmədi ki, onun yeməyə ehtiyacı ola bilər. O biri günə qədər kamerada təkcə qaldı.
Səhər polislər qapını açıb kameraya girəndə döşəmə üstdə onun ölüsünü gördülər.
Belə bir təəccüblü hadisə!