
Bu gün bir qrup silahlı şəxs Ermənistanın paytaxtı İrəvan yaxınlığındakı Erebuni rayonunda polis idarəsini zəbt edib.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, silahlı şəxslər Qarabağ müharibəsinin iştirakçısı, “Yeni Ermənistan” İctimai Xilas Fondunun lideri Jirayr Sefilyanın azad edilməsini tələb edirlər.
J. Sefilyan qanunsuz silah əldə etməkdə və saxlamaqda ittiham olunur. Polis idarəsi ordu birlikləri tərəfindən mühasirəyə alınıb.
* * *
Ermənistan Milli Təhlükəsizlik Xidməti bu gün səhər İrəvanda Ermənistan Polisinin Patrul-mühafizə polkuna hücum olduğu və polkun ərazisində girovlar olduğu barədə məlumat yayıb.
News.am saytının məlumatına görə, hücum edənlər sosial şəbəkələr vasitəsi ilə qiyam qalxdığı barədə məlumat yayırlar.
Ermənistan Milli Təhlükəsizlik Xidməti əhalini bu məlumatlara inanmamağa çağırıb. Məlumatda silahlı şəxslərin silahları dinc yolla təhvil verməsi üçün danışıqlar aparıldığı bildirilib.
* * *
İrəvanda silahlı qiyam başladıqlarını elan edən silahlı qrupun üzvlərindən Tatul Tamrazyan yaralanıb və xəstəxanaya yerləşdirilib.
Lragir.am saytının məlumatına görə, hazırda Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasının ətrafındakı evlərin damlarına snayperlər yerləşdirilib.
Hər iki tərəfdən yaralılar var. İrəvan Polisinin rəis müavini Valeriy Osipyan və Ermənistan Polisinin rəis müavini qiyamçılarla danışıqlar aparılması üçün göndərilib. “Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvləri təşkilatın lideri və Təsis parlamentinin koordinatoru Jirayr Sefilyanın azad edilməsini və yalnız onun əmrlərini yerinə yetirəcəklərini bəyan ediblər.
* * *
"Silahlı şəxslər İrəvanda Ermənistan polisinin yeddi əməkdaşını girovluqda saxlayır". "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu erməni parlamentinin müxalifətdən olan deputatı, qiyamçıların ələ keçirdiyi post-patrul xidmətinə baş çəkmiş Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eqiazaryan da var. Qiyamçılar daha bir polisi səhhətində problemin olması səbəbilə girovluqdan buraxıblar.
"Silahlı dəstə Jirayr Sefilyanın azadlığa buraxılmasını, Ermənistan prezidenti Serj Sarkisyanın istefaya getməsini və hakimiyyəti xalqa təhvil verlməsini tələb edir", - deyə deputat qeyd edib.
Deputat vurğulayıb ki, qiyamçılar onlara qarşı hər hansı hücum əməliyyatına sonadək mübarizə aparmağa kökləniblər.
Qaynarinfo.Az