
Sərdar Cəlaloğlu: “Bu gün Azərbaycan siyasətində dialoqa ehtiyac var”
“İqtidarla müxalifət arasında dialoqa ehtiyac var. Azərbaycanda, doğrudan da, nəsə etmək istəyiriksə, bu prosedurları işə salmaq lazımdır. Təbii ki, iqtidarla milli maraqlar məsələsində bir araya gələ bilərik. Başqa məsələ iqtidarla bir masa araxasında necə otura bilərik?!”.
Bunu Qaynar.info-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, siyasi dialoq milli maraqlar ətrafında birliyə gəlmək deməkdir: “Seçkilərin özü də milli maraqlara aiddir. Həmçinin insan haqları, söz və fikir azadlığı da milli məsələlərdir. Konstitusiyada nəzərdə tutulmuş qanunların həyata keçirilməsində atılan istənilən addım milli məsələdir. Bu gün Azərbaycan siyasətində dialoqa ehtiyac var və bu dialoqun aparılmaması dövlət üçün təhlükədir. Mənim düşüncəm belədir. Biz 5-6 ildir, siyasi dialoqu demokratik prosedur kimi təmin edirik. Çalışırıq ki, cəmiyyət bunu qəbul etsin. Müxalifət də iqtidar da bunu qəbul edib. Sadəcə, bu məsələni reallaşdırmaq lazımdır. Görək, o da nə vaxt olacaq”.
Partiya sədri qeyd edib ki, dialoqla bağlı jurnalistlər də siyasətçilərdən tələb etməlidirlər: “Jurnalistlər də siyasi dialoq məsələsində siyasətçiləri qısnamalı, divara dırmaşdırmalıdırlar. Tutaq ki, dialoq tərəfdarısan, niyə dialoqa gəlmirsən? Xalqın tələbi iqtidarla müxalifətin bir araya gəlməklə problemləri həll etməkdir”.