Xəbər lenti

"Siz səfehsiniz?" - Günel Natiqin oxucularla dördüncü görüşü
Sənət08:05 31.07.2022

"Siz səfehsiniz?" - Günel Natiqin oxucularla dördüncü görüşü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Siz səfehsiniz?" kitabı Günel Natiqin oxucularla dördüncü görüşüdür. 
Kitab Qanun nəşriyyatında işıq üzü görüb. Redaktoru Pərviz Axund, ön söz müəllifi Oğuz Ayvazdır. 
Kitab yaxın vaxtlarda Qanun nəşriyyatının təşkil etdiyi yarmarkada satışa çıxarılacaq. Satışda müəllif şəxsən özü iştirak edəcək. Oxucular müəlliflə həmsöhbət olmaq və imzalı kitabını əldə etmək imkanı qazanacaqlar. 
Qeyd edək ki, Günel Natiq digər kitablarından fərqli olaraq, bu dəfə cəmiyyəti narahat edən ictimai-sosial mövzulara toxunub. Kitabın adından da göründüyü kimi, yazıçı qələmini oxa çevirərək birbaşa hədəfə tuşlayıb.
Bu yazılarda daha çox qadın hüquqlarından, cəhalətin törətdiyi fəsadlardan, əzilmiş, hüququ tapdalanmış insanların dramından bəhs edilir.
Kitabdakı yazıları konspektləşdirmək, onu vahid bir janrla təqdim etmək çətindir. Günel Natiqin publisistik yazılarındakı bədii toxunuşlar – bu toxunuşları pianonun dillərinə toxunan musiqiçiyə bənzətmək olar - o yazıları bir roman dadında oxumağa imkan verir. Xüsusən, bu yazıların "Molla Nəsrəddin” jurnalındakı bizə tanış felyetonlara bənzədiyini demək olar. İstər üslub, istər yanaşma baxımından keçən əsrin felyetonlarını indiki modern dilin süzgəcindən keçirən Günel Natiq ortaya çox dadlı bir "yemək” çıxarır. İkinci bir tərəfdən, onun sosial motivli yazıları dövrün estetik ruhu ilə bağlıdır. Günel Natiqin televiziya, radio təcrübəsi, hazırladığı ədəbi, tarixi proqramlar onun yazılarına peşəkar bir not da əlavə edir. Bu peşəkarlıq yazıların sanbalından, onun naşılıqdan uzaq olmasından irəli gəlir. 
Müəllifi qadın kimi də narahat edən bəşəri səbəblər var. Azərbaycan qadınının faciəsi ona olmazın əzablar, sarsıntılar yaşadır, eyni zamanda dərin düşüncələrə  vadar edir.
Nə zaman qadın tam mənasilə azad olacaq? 
Qadınlar nə zaman cəmiyyətin kölgəsindən uzaq və tənəsiz yaşayacaq?
Günel Natiqin bütün yazılarında ortaq bir sual var: insan kimdir? O, əlində məşəl "insan kimdir” sualına cavab axtarır. İnsanı tanımaq qorxulu və ürküdücüdür. Müəllif isə bu çətin yola rahat, əlini-qolunu sallaya-sallaya daxil olur.