
Bu gün Çempionlar Liqasında "play-off" mərhələsinə start veriləcək. Tarixdə bu mərhələyə vəsiqə qazanan Azərbaycan klubu olan "Qarabağ" doğma meydanda Danimarkanın "Kopenhagen" klubunu qəbul edəcək.
Oyuna maraq həddən artıq böyükdür. Bunun nəticəsidir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın biletləri çoxdan satılıb qurtarıb.
"Qarabağ"ın oyunu bütün təbəqələrinin marağına səbəb olub. Bunu sosial mediada yazılan şərhlərdən, statuslardan da görmək mümkündür.
Bəs şou-biznes nümayəndələru "Qarabağ"dan nə gözləyir? Bu sualla onlara müraciət etdik.
Rejissor Kənan M.M oyunda iştirak edə bilməyəcəyini təəssüflə vurğulayır: “Mənim arzularımdan biri əslində oyunda iştirak edib “qoool” sözünü qışqırmaqdı. Amma sənətimlə əlaqəlidi, yoxsa xarakterimlə bilmirəm, kütlə arasına çıxa bilmirəm. Kompleksim var. Buna görə də bir dənizə, bir də belə kütləvi tədbirlərə qatıla bilmirəm. Bu kompleksə qalib gəlmək üçün özümlə mübarizə aparıram. Görək haçan bacaracam. Hesaba gəldikdə isə düşünürəm ki, 1:0 “Qarabağ”ın xeyrinə yekunlaşacaq”.

Əməkdar artist Elza Seyidcahan da oyunda iştirak etmək istəyib gedə bilməyənlər arasındadır: “Mən futbolu həddindən artıq sevirəm. Hətta oğlan olsam, futbolçu olardım. Onu da deyim ki, gedə bilsəydim, emosional olduğumdan özümü saxlaya bilməyib qışqırardım. Sadəcə təəssüf ki, işlərim olduğundan gedə bilməyəcəm. Hesaba gəldikdə ümid edirəm ki, “Qarabağ” qalib olacaq. "Qarabağ"ın üzvlərindən biri Mahir Mədətov bizim sənətçi dostlarımızdan olan Anar Mədətov və Elmira Mədətovanın övladıdır. Burdan Mahirə səslənib deyirəm ki, “Sənə ümidimiz böyükdür. Qol gözləyirik”. Və məncə oyun 2:2 hesabı ilə bitəcək. Adətən proqnozlarım öznü doğruldur”.

Baloğlan Əşrəfov isə oyunun nəticəsi ilə bağlı çox da ümidverici sözlər söyləmədi: “Əvvəla onu deyim ki, “Qarabağ” son vaxtlar çox gözəl oyun nümayiş etdirir. Sadəcə rəqib komanda bir balaca güclüdü. Amma inanıram ki, fanatların dəstəyi oyunu qazanmağa kömək edəcək. Bu dəfə konkret hesab deməyəcəm. Əgər bu oyun qalibiyyətlə bitərsə, söz verirəm ki, gələn oyunlarda dəqiq proqnozlar verəcəm”.

Xatirə İslam isə həmkarlarından fərqli olaraq oyunda iştirak edəcək. Sənətçi “Oyunun nəticəsi necə olacaq?” sualımıza “Əvvəlcədən heç nə demək istəmirəm. Amma ümid edirəm ki, qələbə bizim olacaq”, cavabını verdi.

Əməkdar artist Ədalət Şükürov futbola marağının olmadığını, lakin “Qarabağ”a xüsusi sevgi bəslədiyini bildirdi: “Ümid edirəm ki, “Qarabağ” qalib olacaq. Dəqiq bir şey söyləmək çətin olsa da, düşünürəm ki, oyun 1:0 bizim xeyrimizə bitəcək. Çünki “Qarabağ” son zamanlar çox yaxşı oyun göstərir. "Qarabağ"ın heyətində güclü futbolçular var. Onlardan biri də Mahir Mədətovdur ki, o uşaq gözmün qabağında böyüyüb. Həm nümunəvi oyunçu, həm də nümunəvi gəncdir. Bütün bunlara görə də bu günki oyuna ümidlərimiz sonsuzdur ”.

Nərmin Həsənli
Qaynarinfo.Az