İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeytin müqavilə müddəti uzadılıb.
Qaynarinfo xəbər verir ki, mütəxəssis 2024-cü ilin dekabr ayına qədər İngiltərə millisinin başında olacaq. Bu haqda İngiltərə Futbol Assosasiyası məlumat yayıb. 55 yaşlı məşqçi bu ayın sonunda yığmanın məşqçisi kimi 5 illiyini qeyd edəcək. Sautqeytin rəhbərlik etdiyi İngiltərə yığması ötən DÇ-nin yarımfinalına qədər irəliləyib, UEFA Millətlər Liqasında 3-cü yeri tutub və Avro-2020-nn finalında oynayıb. Bu üzdən onunla müqavilənin uzadılması məqsədəuyğun sayılıb.
Soutqeytin yeni müqaviləsi 2023-cü ilin martında başlayacaq. Bu da o anlama gəlir ki, İngiltərə millisi DÇ-2022-nin final mərhələsində məhz bu mütəxəssisin rəhbərliyi altında iştirak edəcək.
Soutqeytlə birlikdə onun köməkçisi Stiv Hollandla da eyni şəkildə yeni müqavilə imzalanıb. Vaxtilə futbolçu kimi formasını geyindiyi İngiltərə millisi ilə yeni müqavilə haqda danışan mütəxəssis bunları söyləyib:
"Mən və Stiv yeni müqavilə imzaladığımız üçün çox şadıq. Bu komandaya rəhbərlik etmək inanılmaz bir imtiyazdır. Fürsətdən istifadə edərək idarə heyətinə və əlbəttə ki, oyunçulara dəstəyə görə təşəkkür etmək istərdim. Qarşımızda böyük bir fürsət var. Düşünürəm ki, onlar və azarkeşlər bu komandanın gələcəkdə nəyə nail ola biləcəyi haqda həyəcanlıdırlar".
Səbuhi Həsənov