"Bu açıqlama onu göstərir ki, Moskva Qərbin vasitəçiliyilə aparılan danışıqlardan narahat olub”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev erməni ekspert Ayk Xalatyanın son bəyanatına münasibət bildirərkən deyib.
"Səsləndirilən açıqlama onu deməyə əsas verir ki, erməni ekspert Ermənistandakı Rusiya "5-ci kolonu”nun təmsilçisidir. Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında vasitəçiliyi yalnız Rusiyanın etməli olduğunu önə çəkməklə bu istiqamətdə digərlərinə məhdudiyyət qoyula bilməz. Düzdür, Moskva 44 günlük müharibənin 10 noyabr gecəsində atəkəslə yekunlaşmasında öz vasitəçilik missiyasını təsdiq edib. Amma ondan sonra dəfələrlə Brüssel və Vaşinqtonun vasitəçiliyilə görüşlər keçirilib və danışıqlar aparılıb.
Prosesdən bu qədər zaman keçdikdən sonra istər Rusiya XİN-in sözçüsü, istərsə də erməni "ekspertin” açıqlaması onu göstərir ki, Moskva Qərbin vasitəçiliyilə aparılan danışıqlarda sülhə daha yaxın addımların atılmasından narahatdır. Sülhün əldə edilməsi ilə isə Qarabağ bölgəsindəki rus sülhməramlıları və ardınca Ermənistandakı Rusiya ordusunun, bütövlükdə isə Cənubi Qafqazda Kremlin geopolitik varlığına son qoyulacaq. M.Zaxarova tərəfindən belə bir bəyanat verilibsə, bu, tək İrəvana deyil, həm də Bakıya təzyiqdir”.
Qeyd edək ki, Ermənistanın "Verelk” Analitik Mərkəzinin eksperti Ayk Xalatyan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın verdiyi bəyanatı İrəvanın üçtərəfli formatda prosesdən geri çəkilməməsinə yönəlik çağırış kimi dəyərləndirib. Erməni ekspert hazırda İrəvan və Bakının Qərblə Rusiyaya qarşı vahid oyun oynadığını iddia edib. Xalatyanın fikrincə, Zaxarovanın mesajı təkcə Bakı və İrəvana deyil, həm də Qarabağa - artıq Paşinyanla ortaq oyun oynayan Arayik Arutyunyana ünvanlayıb. Bütün bunlar onu birdən-birə Rusiyanın mövqelərinin zəifləməsinə səbəb olacaq addımlar atmaqdan çəkindirmək üçündür. Xatırladaq ki, bir müddət əvvəl Zaxarova verdiyi bəyanatda Ermənistanla Azərbaycanı Qərbin vasitəçiliyilə danışıqlar prosesinə bel bağlamamağa çağırmışdı.
Rüfət Sultan