Xəbər lenti

Sülhəddin Əkbər yeni partiyasından danışdı - MÜSAHİBƏ
Siyasət07:37 12.04.2014

Sülhəddin Əkbər yeni partiyasından danışdı - MÜSAHİBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sülhəddin Əkbər: "Yəqin ki, rəsmi Bakı Ərdoğanın qaldırdığı məsələlərə baxacaq"

"Gülən hərəkatının üzvləri Azərbaycan hakimiyyətində o qədər də yüksək səviyyəyə malik deyil"

Politoloq, Azad Demokratlar Birliyi (ADB) Partiyasının Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbərin Qaynar.info-ya müsahibəsi

- Sülhəddin bəy, yaxın vaxtlarda rəsmi şəkildə elan olunacaq yeni siyasi təşkilatın formalaşdırılması prosesi necə gedir?

- Hazırda Azad Demokratlar Partiyasının Təşkilat Komitəsi hazırda qurultaya hazırlaşırıq. Ötən il Açıq Cəmiyyət Partiyasının bütün strukturları buraxıldığından qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. Biz yeni adla yeni bir partiya qururuq.

- Bəs təsis qurultayı nə vaxt keçiriləcək?

- Əgər təşkilati işləri çatdıra bilsək, hər hansı problemlər ortaya çıxmasa, qurultayı mayın sonu - iyunun əvvəllərində keçirmək niyyətindəyik.  

- Vaxtilə ACP-də təmsil olunmuş şəxslərdən yeni partiyada kimlər təmsil olunacaq?

- Orada onlarla adam var, hansı birini deyim?

- Söhbət buraxılmış partiyanın üzdə olan tanınmış şəxslərindən – Rəsul Quliyevin müşavirlərindən, sədrin müavinlərdən gedir.
- Bu, bir az qəliz sual oldu. Gələrsiniz, Təşkilat Komitəsi üzvlərinin siyahısını göstərərəm və görəcəksiniz ki, orada kimlər var.

- ACP uzun illər idi fəaliyyət göstərirdi. Siyasi səhnədə bir qədər oturuşmuş siyasi təşkilat idi. Partiyanın buraxılması hansı zərurətdən irəli gəldi?

- Biz artıq həmin mərhələni keçmişik. Ona görə də bu barədə danışmağa lüzum görmürəm.

- Rəsul Quliyevlə əlaqə saxlayırsınızmı?

- Xeyr, hər hansı əlaqəmiz yoxdur. O, altı ay bundan əvvəl partiyadan istefa verdi. Bundan sonra isə ACP-nin strukturları buraxıldı.

- Təmsil olunduğunuz Milli Şuranın fəaliyyəti nə yerdədir?

- Mən Milli Şurada təmsil olunuram, amma Koordinasiya Şurasının üzvü deyiləm.

- Niyə?

- Çünki biz yeni partiyanın quruculuğu ilə məşğul oluruq. Təşkilat Komitəsinin sədri kimi vaxtımın çox hissəsini partiya quruculuğuna həsr edirəm. Milli Şuranın işində yaxından iştirak etməyə fiziki cəhətdən imkanım yoxdur.

- Son vaxtlar qurumun toplantıları sönük keçirilir. Xüsusən də Müsavat Partiyası Milli Şuranı tərk edəndən sonra qurumun fəaliyyətində əvvəlki dövrlə müqayisədə passivlik müşahidə olunur.

- Seçkilərdən sonra qurumun fəaliyyətində müəyyən problemlər yaranıb. Amma düşünürəm ki, Milli Şuranın fəaliyyətində yeni mərhələ başlayır. Çətindir, ölkədə ictimai-siyasi passivliyin olduğu bir dövrdə bütün fəaliyyətlər demək olar, zəifləyib. Bu baxımdan həmin zəiflik təbii ki, Milli Şuranın işində də hiss olunur. Qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir. Yəqin ki, seçkilər yaxınlaşdıqca, ictimai-siyasi fəallıq artdıqca Milli Şuranın da fəaliyyəti aktivləşəcək.

- Yeri gəlmişkən, bələdiyyə seçkilərində iştirakla bağlı Milli Şurada fərqli mövqelər mövcuddur. Qurumun bəzi təmsilçiləri hesab edir ki, hazırkı şərtlərlə, mövcud şəraitdə seçkiyə qatılmaq məqsədəuyğun deyil.

- Hələlik bu məsələ Milli Şurada müzakirə olunmayıb. Şəxsi mövqeyim belədir ki, istənilən halda seçki kampaniyasında iştirak etmək lazımdır.

- Nəyə görə?


- Bu, bir tərəfdən cəmiyyətin ictimai-siyasi aktivliyini artırmaq, digər tərəfdən partiyaların fəaliyyətini gücləndirmək, eyni zamanda qarşıya qoyulmuş məqsədlər uğrunda legitim mübarizə aparmaq şəraitindən istifadə etmək baxımından seçkilərdə iştirak faydalıdır. Seçkilərdə aktiv iştirak etmədən, siyasi islahatlar, o cümlədən Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi uğrunda mübarizə aparmadan hakimiyyət öz razılığı ilə yuxarıdan aşağı hər hansı islahat aparmayacaq. Kim elə düşünürsə, bu, çox sadəlövh yanaşmadır.

- Əgər Milli Şura üzvləri seçkidə iştirakdan imtina etsələr, necə olacaq, marafonda iştirak edəcəksiniz?


- Hələ bizim partiyamız rəsmi şəkildə təsis olunmayıb. Nizamnamə qəbul olunmalı, qurultay keçirilməli, partiya strukturlaşmalıdır. Ondan sonra partiyanın müvafiq strukturları bu barədə qərar verəcək. Bu baxımdan mən hələlik şəxsi fikirlərimi deyirəm.

- Krım hadisələri göstərdi ki, Rusiya xarici siyasətini, o cümlədən ayrı-ayrı regionlarda nüfuzunu gücləndirmək istəklərini ən son mərhələ hesab olunan hərbi sferaya keçirib. Ukraynaya qarşı hərbi əməliyyatlar, habelə Cənubi Qafqaz ölkələrinin açıq təhdidir. Proseslərin mövcud gedişi nə vəd edir?


- Bu, indi bütün dünyanı narahat edən məsələdir. Əslində, Rusiya həmin siyasətə 2008-ci ildən başladı. Həmin ilin avqustunda onun Gürcüstana təcavüzü, Osetiya və Abxaziya kimi oyuncaq dövlətlər yaratması, onların ərazilərində hərbi bazalar qurması dünyaya siqnal olmalı idi. Amma təəssüf ki, nə ABŞ, Avropa Birliyi, nə də NATO-nun buna reaksiyaları adekvat oldu. Sanki bununla Rusiyanın imperialist siyasətini həyata keçirməsinə yaşıq işıq yandırıldı. Rəsmi Moskva hazırda həmin siyasətini davam etdirir və düşünürəm ki, yaxın gələcəkdə hərbi cavab alana qədər belə davranışlarını davam etdirəcək. Düşünürəm ki, bu ölkənin ayrı-ayrı siyasətçilərinə qarşı həyata keçirilən tədbirlər, hətta gələcəkdə reallaşdırıla biləcək hər hansı iqtisadi sanksiyalar Rusiyanın imperialist siyasətinə xitam verməsinə səbəb olmayacaq. Bunlar hamısı qeyri-adekvat reaksiyalardır. Sadəcə olaraq indi görünən budur ki, tərəflərdən hər biri öz marağına uyğun hərəkət edir. Amerika Birləşmiş Ştatları NATO-nun gücləndirilməsinə çalışır ki, «soyuq» müharibədən sonra Avropadakı bəzi müttəfiqlərinin hərbi xərclərini artırmalarına nail olsun. Həmin ölkələr rus təhlükəsi olmadığına görə hərbi xərcləri, silahlı qüvvələrin sayını azaldır, ixtisar edirdilər. ABŞ-la münasibətlərdə soyuqlaşma müşahidə olunurdu. Özü bəyan etməsə də, əslində Ağ Ev rus təhlükəsinin artmasında özü maraqlıdır. Çünki rus təhlükəsi artdıqca ABŞ bu ölkəyə qarşı daha geniş və güclü koalisiya qura bilmir. Diqqət edin: - Avropa Birliyində də, NATO-da da ABŞ-ın Avropadakı hərbi iştirakını gücləndirmək istəkləri var. Eyni zamanda hərbi xərcləri artırmaq niyyətləri mövcuddur. Bunlar da rəsmi Vaşinqtonun illərdir avropalı müttəfiqlərindən tələb etdiyi məsələlərdir.

- Amma ortada Avropa Birliyi faktoru da var.

- Avropa Birliyi özünün genişləndirmə siyasətini davam etdirir. Rusiyanın təcavüzüna baxmayaraq, iyunda Ukrayna, Moldova və Gürcüstanın öz təsir dairəsinə qatmaq niyyətindədir. İyunda AB hər üç ölkəylə assosiativ saziş və «Azad ticarət zonası» haqqında müqavilə imzalayacaq. Bu, o deməkdir ki, həmin ölkələr Rusiyanın təsirindən çıxacaqlar. Göründüyü kimi, Rusiya, NATO, AB və ABŞ geopolitik maraqlarını təmin etməyə çalışır. Hərə bu sahədən nə qədər bacarırsa, o qədər qoparmağa çalışır. ABŞ və NATO postsovet məkanında Rusiya ilə hərbi qarşıdurmaya getməsə də, Şərqi Avropada möhkəmlənmək və tədricən həm NATO-nu, həm də AB-i dəyişdirmək siyasətlərini davam etdirəcəklər. Rusiya ola bisin, yaxın perspektivdə postsovet məkanında nələrsə qazana bilsin. Amma orta və uzaq perspektivdə bu ölkənin potensialı ABŞ, NATO və AB-lə rəqabətə girməyə imkan vermir. SSRİ savaşında olduğu kimi indi də uduzacağı göz önündədir. Putin tarixin təkərini geri fırlatmaq istəyir. Amma bu, hələ heç kimə müyəssər olmayıb.

- Türkiyədə baş verən proseslər, Ərdoğan-Gülən savaşının açıq müstəviyə çıxması AKP iqtidarı üçün nələr vəd edir?

- Mən əvvəllər də Ərdoğanın 30 mart bələdiyyə seçkilərindən qalib çıxacağını düşünürdüm. Belə də oldu. Nəticələr onu deməyə əsas verir ki, əgər Ərdoğan öz partiyası daxilində birliyi qoruyub saxlaya, xüsusən də hazırkı prezident Abdullah Güllə dil tapa bilsə, bu mübarizədən qalib çıxacaq. Fətullah Gülənin ona ciddi müqavimət göstərəcəyini düşünmürəm. Bu mübarizə onu göstərdi ki, Fətullah Gülən hərəkatının gücü həddindən artıq şişirdilmişdi.

- Bələdiyyə seçkilərindən əvvəlki balkon çıxışında Ərdoğan avqustda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi haqda suala ikibaşlı cavab verməklə əslində prezidentlik uğrunda mübarizə aparacağına eyham vurdu. İndi isə AKP daxilində Ərdoğan-Gül mübarizəsinin getdiyi müşahidə olunur.

- Mənə elə gəlir, onlar ikisi də prezident seçkilərində namizədliklərini irəli sürmək istəyirlər. Zənnimcə, Ərdoğanın şansı daha böyükdür. Yəqin ki, Gülü razı salmağa çalışacaq. Hər iki liderin açıq şəkildə mübarizəyə keçəcəklərini düşünmürəm. Hər halda bunun AKP daxilində həll olunacağını proqnozlaşdırıram.
 
- Ərdoğan-Gülən mübarizəsinin Azərbaycanla əlaqəli hissəsi ilə bağlı hansı variantlar mümkündür? Mətbuat son günlər bir sıra vəzifəli şəxslərin cəzalandırılmasını Gülənin rəhbəri olduğu hərəkatla əlaqələndirdi. Sizcə, Azərbaycana sonuncu səfəri çərçivəsində Ərdoğanın portfelində bu məsələnin çəkisi nə qədər idi?

- Ərdoğan Azərbaycan səfərindən qayıtdıqdan sonra AKP-nin qrup toplantısında bunu açıq şəkildə bildirdi ki, toxunduğunuz məsələni Bakıda müzakirə edib. Yəqin ki, Azərbaycanda da Ərdoğanın qaldırdığı məsələlərə baxılacaq. Gülən hərəkatı üzvlərinin Azərbaycan hakimiyyətində deyildiyi kimi, o qədər də yüksək səviyyəyə malik olduğunu düşünmürəm.

Cavid Əlisoy
Qaynar.info