Xəbər lenti

"Sülhməramlılar bəyanatın ruhundan irəli gələn məqamlardan kənara çıxsa..." - Deputat
Siyasət10:54 02.02.2022

"Sülhməramlılar bəyanatın ruhundan irəli gələn məqamlardan kənara çıxsa..." - Deputat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu əslində yanlış addım olar. Çünki erməniləri dəstəkləyən qüvvələrin, Fransa və ABŞ-ın Qarabağda beynəlxalq monitorinq keçirməsinin ölkəmizə heç bir xeyri olmayacaq”. 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Rusiya sülhməramlılarının Qarabağda Azərbaycan qanunlarına zidd olaraq sərgilədiyi davranışlarla bağlı beynəlxalq monitorinqin təşkili barədə səslənən təkliflərə münasibət bildirərkən deyib. 
Deputat düşünür ki, rus sülhməramlıları ilə münasibətləri tədricən hüquqi çərçivədə yoluna qoymaqla prosesi özümüzün monitorinq etməyimiz daha yaxşıdır: "Başqası ora niyə girməlidir ki?”
Bununla belə, deputat qeyd edir ki, 10 noyabrdan sonrakı situasiyanın dinc müstəvidə inkişafında maraqlı olduğumuzdan indiki vəziyyətdə belə məsələlərdə kəskin, konkret və qəti addımlar atılmır:
"Çünki məsələ tədricən çözülməlidir. Problemlərin savaş olmadan çözülməsinin tərəfdarıyıq. Amma bununla yanaşı, fəaliyyətimizi, bölgədə məskunlaşma prosesini də dayandırmırıq. Ona görə də həmin məsələdə atacağımız addımları ölçüb-biçməli və həmin çərçivəni özümüz təklif etməliyik. Rusiya sülhməramlıları da Azərbaycan qanunlarına zidd addımlar atmaqda maraqlı olmamalıdır. Çünki belə vəziyyət onların statusunu şübhə altına alacaq. Sülhməramlılar bəyanatın ruhundan irəli gələn məqamlardan kənara çıxsa, Azərbaycan onların oradan çəkilməsini tələb edə bilər”. 
Belədə, Fazil Mustafa bu məsələdə tələsməməyi lazım bilir:
"Rus sülhməramlılarından asılı olmayan müəyyən məqamlar da var. Çünki oradakı kontingent ərazidə hamıya nəzarət etmək imkanına sahib deyil. Bunu Azərbaycanın köməyilə birlikdə etməlidirlər. Lakin hələlik bu sistem qurulmayıb. Bütün hallarda çalışmalıyıq ki, Laçın dəhlizinə nəzarəti Azərbaycan tam şəkildə ələ keçirsin. Görünür, indi haqqında danışılan yolun çəkilişindən sonra məhz belə də olacaq”.
Rüfət Sultan