"Məsələnin həll yolu birdir, Rusiya üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Azərbaycan Müdafiə Nazirliyinin aprelin 21-də ermənilərin Qarabağa təminat vasitələrini daşıyan hərbi avtomobil texnikasının Rusiya sülhməramlılarının müşayiəti altında növbəti hərəkətini müşahidə etməsi barədə açıqlamasını şərh edərkən deyib.
"Ermənilər yenə də Qarabağa qanunsuz olaraq silah-sursat daşımaqda davam edir. Hansı ki, həmin silahlardan sabah Ordumuza, mülki əhalimizə qarşı istifadə edəcəklər. Nə qədər ki, bu məsələdə ünvanı düzgün göstərməyəcəyik mövcud vəziyyət davam edəcək”, deyə hərbi ekspert qeyd edib.
Həmsöhbətimiz bildirib ki, ermənilərin qabağına keçib həmin silah-sursatları Qarabağa daşıyan rus sülhməramlılarıdır:
"Azərbaycan Müdafiə Nazirliyi üzərinə düşəni edir. Amma erməninin qabağına düşüb, ona havadarlıq edən olmasa, düşmən ölkə bunu edə bilməz. Ermənistan öz oyununu oynayır, öz istədiyini həyata keçirməyə çalışır. Azərbaycan isə bəyanatlar verməklə kifayətlənir. Rusiyadan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsi tələb olunmalıdır. Yerinə yetirmirsə, məsələni Azərbaycan Ordusu həll edəcək. Rus sülhməramlıları ermənilərə taksi fəaliyyəti göstərməklə bizneslə məşğuldur".
Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələrinin Laçın yolunun şimalındakı torpaq yolları nəzarətə götürməsindən sonra Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasına və bu məqsədlə yeni keçid yollarının müəyyən edilməsinə cəhdlər göstərilir.
Belə ki, aprelin 21-i səhər saatlarında qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinə təminat vasitələrini daşıyan hərbi avtomobil texnikasının növbəti dəfə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkəti texniki vasitələrlə müşahidə olunub.
Rüfət Sultan