Əvvəllər Sumqayıtda yaşayan Nicat adlı bu şəxs “Mühacir və Ənsar Ordusu”nun tərkibində döyüşüb Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı döyüşlərdə çeçen Əbu Ömərin rəhbərlik etdiyi “Mühacir və Ənsar Ordusu”nun tərkibində azərbaycanlılardan ibarət dəstəyə başçılıq edən “Əbu Yəhya” ləqəbli Azərbaycan vətəndaşı öldürülüb.
APA-nın Suriyadakı cihad qruplarına məxsus saytlara istinadən verdiyi məlumata görə, sentyabrın 13-də “Əbu Yəhya əl Azəri” Suriyanın Hama şəhərində gedən döyüşlərdə hökumət qüvvələrinin 66 bölükdən ibarət hərbi bazasını mühasirə altında saxlayan zaman qırıcı təyyarələrin bombardırmanı nəticəsində ağır yaralanıb. Çoxlu qan itirən “Əbu Yəhya” ölüb. O, elə həmin gün Hama şəhərinin Artma kəndindəki “Əbu Müslim” qəbiristanlığında dəfn olunub.
“Yeni Müsavat”a daxil olan məlumatlara görə, “Əbu Yəhya əl-Azəri” “Sumqayıt Camaatı” adlanan dini cərəyanın nümayəndəsi olub. Nicat adlı bu şəxs 3-4 il əvvələ qədər Sumqayıtda yaşayıb. Yəhya onun övladının adıdır. Öldürülənə qədər o, Ömər Şuşani adlı komandirin başçılıq etdiyi “Mühacir və Ənsar Ordusu” briqadasının tərkibində azərbaycanlılardan ibarət qrupa rəhbərlik edib. Suriyada döyüşən azərbaycanlıların əksəriyyəti məhz bu qruplaşmanın tərkibindədir.
Bu qanunsuz qruplaşma bir qədər əvvəl daxili ziddiyyətlərə görə 3 yerə parçalanıb. “Seyfullah” ləqəbli çeçen əsilli səhra komandiri bir, “Əbu Banat” ləqəbi ilə tanınan avar millətindən olan komandir isə başqa bir qrupa rəhbərlik etməyə başlayıb. “Əbu Yəhya”nın bir neçə gün bundan əvvəl Hama ətrafında gedən döyüşlərdə ağır yaralandığı və iki ayağını itirdiyi barədə xəbərlər də var. Bildirilir ki, Şuşaninin briqadası əsasən Hələb ətrafında və yaxın qəsəbələrdə gedən döyüş əməliyyatlarında iştirak edib. Digər iki qruplaşma isə Hama, Humus, İdlibdə Bəşər Əsədə qarşı döyüşür.
Xatırladaq ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin ölkə ərazisində törədilməsi planlaşdırılan və törədilən terror aktlarında “Sumqayıt camaatı”nın adı “Meşə qardaşları” silahlı birləşməsinə daxil olan qrup kimi keçir. 2008-ci il avqust ayının 17-də Bakıda “Əbu-Bəkr” məscidində baş vermiş partlayışda şübhəli bilinən Samir Mehdiyev də məhz “Sumqayıt camaatı”nın rəhbərlərindən idi. 2010-cu ilin yanvar ayında Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat məlumatı əsasında Samir Mehdiyev Pakistan ərazisində saxlanılıb və Bakıya gətirilib. İndiyədək bu qrupun 31 üzvü tutularaq məhkəmə qarşısına çıxarılıb.