
Ölkə mətbuatında cənubi koreyalı məşqçi Sun-Mi Parkın taekvondo üzrə qadın millimizdən kənarlaşdırılmasının səbəbi yazılıb. Onun gedişi taekvondo millimizin üzvü Fəridə Əzizova ilə girdiyi münaqişə ilə əlaqələndirilib. İddiaya görə, 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunları ərəfəsində Azərbaycanda "Sona" kimi tanınan koreyalı mütəxəssis Fəridəyə məşqlərin birində şillə vurub.
Sport7.Az bu məsələni federasiya rəsmisinin dilindən eşitmək qərarına gəlib. Bunun üçün Azərbaycan Taekvondo Federasiyasının milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayevin fikirlərini öyrəndik.
O bu iddianı təkzib etməyə çalışdı: "Belə bir şey olmayıb. Olsaydı, mənim xəbərim olardı. Fəridənin özündən də soruşmuşam. O da belə bir şeyin olmadığını dedi. Sadəcə aralarında müəyyən narazılıq olub. Bu narazılıq da Fəridənin belindəki zədə ilə bağlı olub. Sona xanım zədəsinə görə onu Olimpiadaya aparmaq istəmirdi. Ümumiyyətlə, Fəridən çıxış etdiyi 67 kq çəki əvəzinə 57 kq (bu çəkidə Günay Ağakişiyeva mübarizə aparır - red.) çəki dərəcəsinə üstünlük verilməsini istəyirdi. Lakin Fəridə şəxsi məşqçisi Səbuhi Zülfüqarovun hazırlıqları sayəsində Olimpiadaya lisenziya qazana bildi.
Ümumiyyətlə, bunu bu qədər şişirtmək lazım deyil. Hazırda bu iddianın hardan qaynaqlandığını, kim tərəfindən ortaya atıldığını tapmağa çalışıram. Sadəcə olaraq taekvondo üzrə Azərbaycan çempionatına başım qarışıqdır deyə, buna vaxt ayıra bilmirəm. Sona xanımın millidən ayrılmasının bu səbəblə heç bir əlaqəsi yoxdur".
Keçmiş taekvondoçumuz saytımıza Sun-Mi Parkın gedişinin əsl səbəblərindən də danışıb: "O bizə yeni müqavilə bağlanılması üçün əlavə şərtlər qoydu. Bunu mətbuata açıqlaya bilmərik... İsrar edirsinizsə, deyim. Şərtlərdən biri o idi ki, o, Tokio Olimpiadasında nəticə qazanmaq üçün indiki heyətin gənclərlə əvəzlənilməsini bizdən tələb etdi. Lakin biz bu şərti qəbul etmədik. Ümumiyyətlə, Sona xanımdan nəticə olmadığı üçün ayrılmamışıq. Onun rəhbərliyi vaxtında Fəridə Əzizova Avropa Oyunlarında gümüş, Patimat Abakarova Avropa Oyunlarında bürünc, Avropa çempionatında gümüş, Rio Olimpiadasında isə bürünc medal qazanıb".
Qaynarinfo.Az