
"Erməni mənbələri ayrı-ayrı iki video yayıblar. Bu videolar Qarabağda əsir götürülmüş suriyalı adlandırılan adamlarla müsahibələrdir. Dünyanın düz vaxtlarında cənab Steynar Gil həmin müsahibələri də suriyalı muzdluların döyüşməsinə aid fakt kimi oz FB səhifəsində yayımlaya bilərdi, ancaq artıq həmin vaxt deyil”.
Qaynarinfoxəbər verir ki, bu sözləri Avropada yaşayan tanımış jurnalist, media ekspertiRövşən Əliyev Norveçin Azərbaycandakı keçmiş səfiri, "azərbaycanlıların dostu” kimi tanınan Steynar Gilin son zamanlar aktiv şəkildə Azərbaycanı ittiham etməsiylə bağlı məsələyə münasibət bildirdiyi qeydlərində yazıb. Rövşən Əliyev məsələdən xəbərsiz olanlara bir az aydınlıq gətirməklə davam edib:
"Söhbətə fransız qalanlar üçün bu Norveç əhvalatını danışım, ancaq əsas mövzum tam bu deyil.
Neçə gündür Norveçin keçmiş səfiri cənab Gil Qərb mediasındakı iddiaları öz FB səhifəsində fakt kimi payaşaraq keçmiş azərbaycanlı dostları ilə qırğına çıxır. "Der Spiegel" jurnalından sübut gətirmək istəyir, azərbaycanlılar ortaya fakt qoyurlar ki, burda muzdluların iştirakına sübut kimi göstərilən foto az qala 5 ay qabaq Liviyada çəkilib. Bunu Google-da bir neçə saniyəyə dəqiqləşdirmək olur. (Şəkillərə baxın.) Cənab Gil cavabında deyir ki, "Der Spiegel" mötəbər mənbədir. (Diskussiyada belə səfsətəyə qaçmağın adına "argumentum ad verecundiam" deyirlər.) "Der Spiegel"i azərbaycanlılar tam ifşa edəndən sonra cənab Gil yenə başqa qəzetin yazdığını "sübut" göstərir. "Independent" qəzetinin ondan da mötəbər olduğunu bidirir.
Gələk mövzuya. Fakt nədir? Sübut nədir?
Xəbər mediası təyinatına görə sübut toplaya bilməz. Günün xəbərini toplayıb operativ vermək üçün buna vaxt olmur. Üstəlik, sübut toplama işi kriminalistikaya aiddir, istintaq orqanlarına aiddir, komissiyalara aiddir. Bunun üçün xüsusi hazırlığa, avadanlığa, aparata sahib olmalısan və gəlib öz versiyanı məhkəmədə keçirməlisən ki, buna sübut deyilsin.Bir insidentə aid sübutları toplamaq bəzən illər çəkir. Xəbər mediası faktları verir. İddiaları, arqumentləri, fikirləri, təkzibləri, analizləri verir - vəssalam. Sübutları yox.
Bir adamı kamera qarşısında oturdub danışdıranda, bu, sadəcə onun danışması faktıdır. Müsahibədən görsənən fikrin sübutu deyil. Sonra bunun ətrafında daha çox faktlar meydana çıxa bilər. Suriyalının ərəb yox, kürd olması faktı, yaxud heç suriyalı olmaması faktı, döyüşdə tutulması və İrəvandan gətirilməsi faktı... Xəbər mediası da bu faktlar üzə çıxdıqca verir, bu barədə şərhlər, rəylər, təkziblər toplayır... Vəssalam. Yəni bir iddianın sübutu üçün çoxlu faktlar, dəlillər və başqa prosedurlar lazımdır. Bir tərəfə qarşı istifadə oluna biləcək videolar, fotolar, iddialar bir qayda olaraq, "video of purported...", "alleged" (İddia edilən video, iddiya görə. - Qaynarinfo. ) sözlərinin müşayiəti ilə verilməlidir ki, sübut kimi səslənməsin. Bunu yəqin diplomat da bilməlidir, jurnalist də.
Ancaq gördüyümüz kimi, bir çox Qərb jurnalistləri və diplomatları bunu bilmirlər və ya "bilmirlər".
Bunları mən Qərb jurnalistikası standartlarına əsaslanıb deyirəm. Bilmirəm Steynar Gil nəyə əsaslanıb mübahisə edir. "Der Spiegel" Qərb mediasının standartlarını pozursa, bu, azərbaycanlının günahı deyil. Hazırda münaqişəni işıqlandıranlar arasında oc-media.org bu standartlara hamıdan çox əməl edir. Nüfuzlu deyil, qədim deyil, klassik deyil, ancaq standartlara uyğun çalışır.
Steynar Gilin uzunmüddətli fəaliyyətinin motivlərini anlamaq olar, müharibəyə qarşıdır, istəmir qan tökülsün, sülh olsun. Humanist bir ideyadır, elə deyilmi? İlk baxışdan elədir. İşğal faktını, 600 min köçkün faktını aradan qaldırmadan necə sülh yaratmaq olar? Sülhsevər erməni dostlarla mən də çox rastlaşmışam. Onlar istəyirdilər ki, Dağlıq Qarabağın çevrəsində daş-üstündə daş qalmayan geniş bir ərazi və onun keçmiş sakinlərinin haqları unudulsun, sülh olsun, daha qan tökülməsin. Yəni, təxminən Gilin dediyi kimi. Bu, ədalətsizlik deyilmi? Ədalətsizliyə reaksiya bütün başqa pisliklərə reaksiyadan daha güclü olur. Steynar Gil kimi diplomatların bir neçə siyasi məhbusun hüquqlarını əsas problem kimi qabartması, bir neçə yüz min sıravi vətəndaşın hüquqlarını unutdurmağa çalışması onu və yetirmələrini marginallaşdırdı. Həm də ölkədə Universal dəyərləri gözdən saldı. Azərbacanlılar belə Qərb liberallarını görməsəydilər, liberalizmə daha çox hörmətləri olardı. Yəni azərbaycanlıların liberalizm müəlliminə ehtiyacları yoxdur. Ümumiyyətlə, Azərbaycanda liberalizmin böyük dayaqları var, onu marginallaşdıranlar belə qərblilər oldu.
Nizami Gəncəvi hələ 12-ci əsrdə deyirdi ki, afrikalı qaranın rənginə baxma, onun ürəyi dişləri kimi ağdır. Amerika bunu neçənci əsrdə dedi?..”