Dünya 11:44 14.01.2024

Tayvan seçkiləri: Azərbaycan vahid Çin prinsipini dəstəkləyir

Çin Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Tayvanda keçirilən seçkilərin nəticələrini şərh edərək, adanın statusu məsələsini əvvəllər olduğu kimi Pekinin daxili işi adlandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.

"Tayvan məsələsi Çinin daxili işidir. Tayvanda hansı dəyişikliklər baş verirsə versin, dünyada tək Çinin olması və Tayvanın Çinin bir hissəsi olması əsas faktı dəyişməyəcək", deyə XİN rəsmisi bildirib.

Nümayəndə həmçinin əmin edib ki, Çin hökumətinin vahid Çin prinsipinin dəstəklənməsinə dair mövqeyi dəyişməyəcək. Xarici İşlər Nazirliyi əlavə edib ki, Pekin Tayvanın müstəqilliyinə və "bir Çin, bir Tayvan" prinsipinin pozulmasına qarşı çıxmağa davam edəcək:

"Vahid Çin prinsipi Tayvan boğazında sülh və sabitliyin möhkəm dayağıdır. İnanırıq ki, beynəlxalq ictimaiyyət bundan sonra da vahid Çin prinsipinə sadiq qalacaq".

Çin Yaponiyanın xarici işlər naziri Yoko Kamikavanın Tayvanın seçilmiş baş qərargah rəisi Lai Qingdenin seçkilərdə qələbəsi münasibətilə təbrik etməsinə də kəskin etirazını bildirib. Bbu barədə Çinin Yaponiyadakı səfirliyi məlumat yayıb.

Diplomatik nümayəndəlik Yaponiya tərəfinin bəyanatını Çinin daxili siyasətinə ciddi müdaxilə, həmçinin vahid Çin prinsipinin pozulması adlandırıb.

"Çin buna qarşı kəskin narazılığını və kəskin etirazını bildirir", deyə səfirlik qeud edib.

Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Penqyu isə bildirib ki, Çin ABŞ Konqresinin nümayəndə heyətinin Tayvana səfərinə qarşıdır: 

"Tayvan Çinin ayrılmaz hissəsidir. Çin ABŞ-ın Tayvanla hər hansı rəsmi əlaqə saxlamasına qəti şəkildə qarşıdır".

Bundan əvvəl Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirmişdi ki, ABŞ Nümayəndələr Palatasının nümayəndə heyəti may ayında Tayvana səfər edə bilər. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Konqresin təhlükəsizlik və demokratiyaya sadiqliyini vurğulamalıdır. Siyasətçiqeyd edib ki, bunun üçün o, Nümayəndələr Palatasının müvafiq komitələrinin sədrlərindən Tayvan administrasiyasının yeni rəhbəri Lai Qinqdenin inaqurasiya mərasimindən sonra Taybeyə nümayəndə heyətinə rəhbərlik etməyi xahiş edəcək. O, həmçinin ABŞ və Tayvanın Hind-Sakit okean regionunda "bütün azadlıqsevər" xalqlar və onların tərəfdaşları üçün azadlıq, imkan və təhlükəsizlik prinsiplərini birgə irəli sürməyə davam edəcəklərinə ümid etdiyini bildirib.

Amerikanın "Wall Street Journal” qəzeti yazıb ki, müstəqillik tərəfdarı Lai Qinqdenin qələbə qazandığı Tayvan seçkilərinin nəticəsi Çin lideri Si Szinpin üçün müəmma yaradır və ehtimal ki, Çinin Tayvana davamlı təzyiqi ABŞ-Çin münasibətlərində sakitliyi təhdid edəcək.

"Nəticə Tayvanı materikə ilhaq etmək səylərini artıran Çin lideri Si Szinpin üçün müəmma yaradır... Tayvana qarşı yeni ritorika və güc nümayişləri regional gərginliyi artıracaq və ABŞ-Çin münasibətlərində çətin, lakin ilkin sakitliyi təhdid edəcək", deyə nəşr qeyd edib.

Qəzet hesab edir ki, Çinin Tayvana qarşı ikitərəfli ticarət və mədəni mübadilələri genişləndirmək kimi tədbirləri boş görünür, çünki onlar Tayvan kimliyinin yüksəlişini dayandırmaq üçün çox az iş görüblər.

"Çin seçilmiş prezident Lai Qinqdenin andiçmə mərasimi zamanı Tayvana iqtisadi təzyiqi artıra bilər, eyni zamanda hərbi təzyiqin intensivliyi də artacaq". Bunu isə "Bloomberg"in köşə yazarı Karişma Vasvami yazıb.

"Çox güman ki, Tayvan üzərində dənizlərə və səmaya gündəlik hücumların intensivliyi artacaq və mayın 20-də prezidentin andiçmə mərasimi ərəfəsində iqtisadi təzyiqlər güclənəcək", deyə yazar qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyi də Tayvandakı seçkilərlə bağlı bəyanat yayıb. Nazirlikdən bildirilib ki, Azərbaycan Respublikası vahid Çin siyasətini dəstəkləyir.

Qeyd edilib ki, Azərbaycan Tayvanın müstəqilliyini tanımır və keçirilən seçkiləri pisləyir. "Azərbaycan Çinin daxili işlərinə müdaxilənin əleyhinədir", deyə XİN-in məlumatında vurğulanıb.

Qeyd edək ki, Tayvanda müstəqillik tərəfdarı olan 64 yaşlı Lai Qinqdeni yeni prezident seçilib. Səsvermə yekunlaşandan sonra çıxış edən siyasətçi deyib ki, onun qələbəsi "Tayvanı dünya xəritəsində saxlamağa" kömək edəcək. Çində seçilmiş liderin mövqeyi "son dərəcə təhlükəli" hesab olunur.

Aydın