"Teatrın əməkdaşları bu ay məvaciblərini həmişə aldıqları vaxtdan gec alıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında Sumqayıt Dövlət Dram Teatrının direktor əvəzi Vidadi Məmmədov qurum əməkdaşlarının maaşlarının 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib. Direktor əməkdaşların maaşlarının hər ayın 20-21-i arasında verildiyini bildirib:
"Əslində maaşlar hər yerdə olduğu kimi, bizim teatrda da ayın 3-5-i arasında ödənilməlidir. Ay bitməlidir. Əməkdaş ayın 30-31-i işdə olmalıdır ki, onlara tabel yazılsın. Aktyorlar isə hər ay təqaüdlərini 20-21 arasında alır. Ayın 28-i Mədəniyyət Nazirliyi bizim məvaciblərimizi hesaba köçürüb. Teatrda direktor olmadığından məsələ yubanıb. Çünki direktor sənədə imza atmalı və həmin siyahı banka təqdim olunmalıdır. Ayın 2-də direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra eləmək mənə tapşırıldı və ayın 3-də məvaciblər alındı”.
Vidadi Məmmədov deyir ki, aktyorlar bunu gecikmə kimi qələmə veriblər.
Mədəniyyət Nazirliyi isə xəbəri təkzib edib: "Sumqayıt Dövlət Dram Teatrında maaşların 8 aydır gecikməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Oktyabr ayı üçün əmək haqqının ödənilməsində 2 gün gecikmə baş verib, 3 noyabr tarixində ödənilib. Hazırda teatrda direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti olaraq teatrın direktor müavini Vidadi Məmmədov icra edir. Direktor vəzifəsinə namizədlərlə bağlı araşdırmalar davam edir, yeni namizəd təyin olunanda mətbuata məlumat veriləcək".
Bahar Rüstəmli