Xəbər lenti

“Tehran anlaşması”na görə Qərb İrana yeni sanksiyalara tətbiq etməyəcək - Ekspert
Siyasət10:33 27.07.2022

“Tehran anlaşması”na görə Qərb İrana yeni sanksiyalara tətbiq etməyəcək - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Tehranla Moskva arasında Rusiyaya təyyarə hissələri və avadanlıqlarının ixracı, habelə bu ölkənin təyyarələrinə texniki xidmət haqqında saziş imzalanıb. Sazişə əsasən, İran Rusiyaya təyyarə avadanlığı göndərəcək, təyyarələrini təmir edəcək. 
İranın Mülki Aviasiya Administrasiyasının (MİA) nümayəndəsi Mirəkbər Rəzəvi bildirir ki, sənəddə təyyarələr üçün İran avadanlığının tədarükü mexanizmi, bu ölkənin təmir mərkəzləri tərəfindən Rusiya təyyarələrinə təmir və texniki xidmət göstərilməsi və texniki dəstək nəzərdə tutulur.  Həmçinin anlaşma memorandumu imzalanıb, ona əsasən, ölkələr arasında sərnişin reyslərinin sayı həftədə 35-ə çatdırılacaq. 
Qeyd edək ki, sanksiyalar fonunda Rusiya təyyarələr üçün Qərbdən müxtəlif avadanlıq və hissələr almaq imkanından məhrum olub. Avtomobillər, yük maşınları, təyyarələr və onların hissələrindən ibarət nəqliyyat kateqoriyası Rusiyanın ikinci ən böyük idxal xəttidir. Aviasiya sənayesinin ən böyük aktorları "Boeing" və "Airbus" şirkətləri Rusiya ilə əlaqələri dondurub. Nəticədə Rusiya "Boeing" və "Airbus"dan daha  ehtiyyat hissələri və xidmətlər ala bilmir. 
Yaranmış problemi Rusiya İranın köməyilə həll etməyə çalışır. İran isə bu addımı ilə dünyaya meydan oxuduğunu, Rusiyaya qarşı sanksiyaları saymadığını göstərmək istəyir. Bu isə o deməkdir ki, belə olan halda Tehran yenidən özünü çətin vəziyyətə salacaq. 
Sözügedən sazişin İrana olacaq təsirləri barədə Qaynarinfo-ya danışan politoloq Əlimusa İbrahimov düşünür ki, ABŞ və müttəfiqlərinin Tehrana qarşı tətbiq etməyə əllərində artıq təzyiq mexanizmi qalmayıb:
"Nə ABŞ-ın, nə də digərlərinin əlində İrana sanksiyalar müstəvisində tətbiq ediləcək yeni bir senari yoxdur. İran da bunu başa düşdüyündən, Rusiya ilə sözügedən müqaviləni imzalayıb. İslanmışın artıq yağışdan qorxusu yoxdur. İrana onsuz da lazım olan səviyyədə sanksiyalar tətbiq olunub. Digər tərəfdən, İranın Rusiya təyyarələrini təmir etməsi və onu ehtiyyat hissələri göndərməsi bir qədər qəribə səslənir. Ona görə ki, İranın özü bu sahədə ciddi problemlərlə üz-üzədir. Çünki 30 ildən çoxdur ki, sanksiyalarla yaşayır. İranın özünün mövcud şəraitdə bu istiqamətdə ciddi imkanları yoxdur”. 
İndiki halda İranın həmin sazişlə dünyaya meydan oxuması fonunda belə həmsöhbətimizə görə, bu ölkəni heç nə gözləməyəcək:
"Düzdür, ona münasibətdə sanksiyalar daha da gücləndirilə bilər. Rusiyaya qarşı tətbiq olunan sanksiyaları pozan ölkələrin Qərb tərəfindən cəzalandırılması gündəmdədir. ABŞ-ın Maliyyə Nazirliyi həmin ölkələrdə mövcud olan şirkətləri cəzalandırır, onları dünya bazarlarına buraxmır, lisenziyalarını alır. Lakin İranda ABŞ-ın sanksiyalarının tətbiq olunmadığı dünya səviyyəsinə çıxmağa qadir hər hansı bir şirkət yoxdur”. 
Ekspert qeyd edir ki, İrana onsuz da mövcud olan bütün sanksiyalar artıq tətbiq olunur:
"Ona görə də bu ölkəyə artıq tətbiq olunacaq elə bir sahə qalmayıb. Digər tərəfdən, İran sanksiyalarla yaşamağı, onu keçməyi, aşmağı, sanksiya tətbiq edilən malları əvəzləməyi artıq öyrənib. Rusiya ilə təyyarələrin təmiri və avadanlıqla təchizatı ilə bağlı saziş imzalayarkən İran böyük ehtimalla bütün bu məqamları göz önünə almaqla həmin addımı atıb”. 
Ekspertin fikrincə, sadəcə Tehranın bu hərəkəti nüvə sazişinə geri qayıtmaqla bağlı danışıqlar prosesini bir qədər uzadacaq və bununla da İrana tətbiq olunan sanksiyalar da yerində qalacaq. 
Politoloq Cümşüd Nuriyev isə bildirir ki, İran bu addımla Rusiya təyyarələrinin avadanlıq və hissələrə olan tələbatının tam olmasa da, müəyyən hissəsini ödəyə biləcək:
"İranın təyyarə istehsalı üzrə sənaye strukturunu vaxtilə ABŞ qurub. ABŞ 1955-ci ildən 1978-ci ilə qədər İranın bütün sənaye strukturunu yaradıb. Nəticədə İran bu və ya digər formada həmin istiqamətdə özünü təmin etməyi bacarıb. Ona görə də İran təyyarə üçün lazım olan kifayət qədər resurslara malikdir. Bu mənada İran Rusiya aviasiyasına lazım olan ehtiyat hissələrini istehsal edə bilər. Əldə edilən sazişlə İran müəyyən dərəcədə Rusiya aviasiyasının avadanlıq və hissələrlə təmin edilməsi baxımından böhrandan çıxmasına kömək edə bilər. Bu sazişlə onlar bir-birini müəyyən dərəcədə gücləndirəcək. Əslində Rusiyanın buna elə də ehtiyacı yoxdur. Sadəcə, bu addımla həm dünyaya meydan oxuyur, həm də İranla yaxınlığını əlində saxlamaq üçün buna gedir. Düşünürəm ki, Rusiya İrandan ancaq Ukraynaya istifadə etdiyi aviasiyası üçün lazım olan avadanlıq və hissələri alacaq”.
Rüfət Sultan