"Bu tip komitələrin yaranması dövlətlərarası gərginliyə birdəfəlik son qoymayacaq, amma münasibətlərin sağlam rəqabət mühitinə düşməsinə töhfə verə bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Bakı ilə Tehran arasında münasibətlərin inkişafı və anlaşılmazlıqların aradan qaldırılması kontekstində ictimai rəy və media məkanının daha yaxşı idarə olunması üçün birgə komitənin yaradılması barədə razılığı dəyərləndirərkən deyib:
"Hər hansı səviyyədə belə bir birgə komitənin yaradılması və məsləhətləşmələrin aparılması Tehran Bakı münasibətlərinin tam normallaşmasına xidmət etməyəcək. Lakin tərəflər, xüsusən də Tehran sağlam mövqe nümayiş etdirərsə, baş verən gərginliklər dövlətlərarası münasibətlərin daha da kəskinləşməsilə deyil, sağlam rəqabət əsasında davam etdirilə də bilər. İrandan Azərbaycanla təhdid dilində danışmasını deyil, məhz bunu gözləyirik. İranın ölkəmizlə sərt dildə danışması bumeranq effekti verə bilər. İran əhalisinin yarıdan çoxu Azərbaycan türkləridir. Bir sözlə, düşünmürəm ki, bu tip komitələrin yaranması dövlətlərarası gərginliyə birdəfəlik son qoyacaq. Amma münasibətlər sağlam rəqabət prinsiplərinə söykənməklə davam etdirilməlidir”.
Həmsöhbətimizin fikrincə, Azərbaycanla İran arasında yaranan gərginlik heç də anlaşılmazlıqdan irəli gələn gərginlik deyil:
"Dövlətlərin siyasətlərində kifayət qədər fundamental fərqliliklər var. Uzun illər Azərbaycan ərazisini işğlda saxlayan Ermənistanın ayaqda durmasında İranın "müstəsna xidmətləri” olub. Tehranın son hərəkətlərilə müharibədə məğlubiyyət nəticəsində çökmüş, iflasa uğramış İrəvan rejimini dirçəltmək cəhdi də Azərbaycanla İran arasında növbəti gərginliyə səbəb oldu. Sonradan, düzdür, gərginlik müəyyən dərəcədə aradan qaldırıldı”.
Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafı və anlaşılmazlıqların aradan qaldırılması üçün müsbət əlaqələri və məsləhətləşmələri davam etdirəcəyini bildirərək, bu kontekstdə ictimai rəy və media məkanının daha yaxşı idarə olunması üçün ikitərəfli əməkdaşlığın artırılması və birgə komitənin formalaşdırılması barədə razılığa gəldiklərini bildirib.
Rüfət Sultan