Xəbər lenti

“Tehran Bakı ilə barışmağa məcburdur” - Politoloq
Siyasət09:08 07.10.2023

“Tehran Bakı ilə barışmağa məcburdur” - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İran anladı ki, indiki vəziyyətdə Ermənistana güvənmək doğru deyil. Tehran üçün regionun strateji ölkəsi olan Azərbaycanla normal münasibət yaratmaq vazkeçilməz məsələyə çevrildi”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri İranın yol və şəhərsalma naziri Mehrdada Bəzrpaşın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə üzv dövlətlərin iclasında Azərbaycanın da iştirak edəcəyi barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib.
Politoloq qeyd edib ki, tərəflər arasında əlaqələri inkişaf etdirmək əsas hədəfdir:
"Kommunikasiyaların açılması məsələsində ciddi anlaşma və irəliləyiş var. Ağbəndə qədər olan dəmir yolu buradan artıq İran ərazisi vasitəsilə keçəcək. Bu da münasibətlərin normallaşması yolunda ciddi addımdır. Münasibətlər normal şəkildə tənzimlənməsəydi bu cür strateji qərarlar da verilə bilməzdi. Belə qərar verilərkən, dolayısı ilə Ermənistana da mesaj verilib ki, Zəngəzur dəhlizinin açılmasına razılıq vermədikləri təqdirdə, Naxçıvanı İran vasitəsilə beynəlxalq kommunikasiya sisteminə çevirəcəyik və qazanan İrəvan deyil, İran olacaq”. 
Ekspert qeyd edib ki, bu kontekstdə Bakının da Tehrandan bəzi gözləntiləri var: 
"Azərbaycan dövlət maraqları kontekstində qonşu dövlətlə münasibətləri tənzimlənməsini itəyir. Ona görə də Azərbaycan İranla münasibətləri tənzimləməyə qərar verib. Bundan başqa, İranla Azərbaycan arasında iki su elektrik stansiyasının açılması da gündəmdədir. Düşünürəm ki, bu məsələ də həllini tapacaq. Eyni zamanda, Azərbaycandan İrana yeni iki körpünün salınması bağlı anlaşma da var. Ardıcıl olaraq baş verən bu hadisələr göstərir ki, hər iki hakimiyyətdə münasibətləri tənzimləmək yolunda ciddi siyasi iradə mövcuddur. İran da əslində bunda maraqlıdır. Çünki son zamanlar özünə dost və qardaş saydığı Ermənistanın nə qədər etibarsız olduğu göründü. İrəvan İrana düşmən olan bütün Qərb dünyasını Ermənistana gətirir. ABŞ-la birgə hərbi təlimlər də keçirirlər. Ona görə də İran ortaya iradə qoydu və Azərbaycan da bu prosesdən imtina etmədi”. 
Qeyd edək ki, İranın yol və şəhərsalma naziri Mehrdada Bəzrpaş Azərbaycanın da iştirakı ilə Tehranda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə (ŞCBND) üzv dövlətlərin iclasının keçiriləcəyini bildirib. O, İran-Azərbaycan-Rusiya üçtərəfli bəyanatını xatırladaraq, bu sazişi hərtərəfli, məqsədyönlü və gələcəyə hesablanmış bir model adlandırıb. 
Rüfət Sultan