Xəbər lenti

Tehran Bakı ilə razılaşmalı olacaq - Politoloq
Siyasət12:12 31.10.2022

Tehran Bakı ilə razılaşmalı olacaq - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Nazirlər regionda son zamanlar yaranmış vəziyyət, o cümlədən ikitərəfli əməkdaşlığa dair mövzular üzrə fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. 
Bildiyimiz son zamanlar kimi, İran Azərbaycana münasibətdə xoşagəlməz addımlar atır. Tehran guya Azərbaycanın Ermənistanın İranla sərhədini ələ keçirə biləcəyini bəhanə edərək, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxış edir. Bu yaxınlara qədər isə İran Azərbaycanla sərhəddə geniş miqyaslı hərbi təlimlər keçirdi. 
Politoloq Elşən Mirzəoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, İran və Azərbaycan XİN rəhbərlərinin telefon danışığı Soçidə Bakı, Moskva və İrəvan arasında olacaq üçtərəfli görüş fonunda tərəflər arasında müşahidə edilən gərginliyin müəyyən dərəcədə səngiməsinə xidmət edəcək: 
"Hazırda İranın mövqeyində Azərbaycanın maraqlarına cavab verməyən tendensiya müşahidə edilir. Bu da İranın 10 noyabr bəyanatının şərtlərinə münasibətidir. Yəni, Tehran dolayısı ilə İrəvanı bu öhdəliklərdən yerinə yetirməkdən boyun qaçırmağa dəvət edir. Laçın dəhlizi istifadəyə verildikdən dərhal sonra Azərbaycanla Naxçıvan arasında quru yolun təmin edilməsi məqsədilə birbaşa dəhlizin açılması nəzərdə tutulurdu. Bu dəhlizə də müqavilənin şərtlərində olduğu kimi Rusiya sərhədçiləri nəzarət etməlidirlər. Böyük ehtimalla İranı müqavilədə qane etməyən variant da məhz İran-Ermənistan sərhədinə rus sərhədçilərinin nəzarət etməsi ehtimalı ilə bağlıdır. Çünki bu halda İran hakimiyyətinə təsiri olan ölkənin narkotik dəllaları Əfqanıstandan İran vasitəsilə narkotiklərin Avropaya daşınmasında problemlə üzləşəcəklər. 
Tehran Paşinyanın Qərblə bağlı olduğunu bilməmiş deyil. Paşinyanın Ermənistanda möhkəmlənməsi dolayısı ilə İranın marağına cavab verməməlidir. Çünki belə olan halda ABŞ və Avropa Birliyi birbaşa İranla sərhədə çıxacaq. Bu da ola bilsin ki, Qərbin İrana münasibətdə sanksiyaları yumşalda biləcəyi mövqeyindən irəli gəlir. Bu günlərdə İranın sabiq xarici işlər naziri Zəfəri bəyan etdi ki, ABŞ ölkəsindəki hadisələrə müdaxilə etməzsə, yeni bir türk dövlətinin yaranmasının şahidi ola bilərik. Bu da açıq şəkildə Tehranın Vaşinqtona olan mesajı idi. Deməli, İran ilk baxışda Qərbin regiona gəlişində maraqlı deyil. Amma istisna deyil ki, İranda baş verən hadisələrin tamam başqa istiqamətə yönəlməsinin qarşısını almaq üçün Tehran Qərblə əməkdaşlığa getsin və sanksiyaların yumşaldılmasına nail olsun. 
Bu mənada iki qonşu ölkənin xarici işlər nazirləri arasında baş tutan telefon danışığı bu gün olacaq Soçi razılaşmasından sonra müəyyən mənada İran-Azərbaycan münasibətlərində müşahidə olunan gərginliyin səngiməsinə xidmət edə bilər. İnanıram ki, İran burada da Soçi razılaşmasının şərtlərindən çıxış edəcək və konkret mövqe sərgiləyəcək”. 
Rüfət Sultan