İranda səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb. Nazir iki ölkə prezidentlərinin Aşqabaddakı sammit çərçivəsində görüşündə əldə edilən razılıq və verilən tapşırıqlara əsasən Tehranda öz həmkarı ilə faydalı danışıqlar apardğını bildirib. Ceyhun Bayramov həmçinin iranlı həmkarı Hüseyn Əmir Abdollahyanla danışıqlar aparıb. Bildirildiyinə görə, səfər çərçivəsində maraq doğuran geniş spektrli məsələlər müzakirə edilib.
Hüseyn Əmir Abdollahyan Türkiyə, Azərbaycan və İran XİN rəhbərləri arasında üçtərəfli görüşün olacağını da diqqətə çatdırıb. Bir sözlə, son zamanlar İranla Azərbaycan arasında əməkdaşlıq genişlənir.
Bu görüşlər fonunda Tehranla Bakı arasında münasibətlərdə olan gərginlik aradan qalxacaqmı?
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Üzeyir Şəfiyev son proseslər çərçivəsində İranın Azərbaycanın uzatdığı əməkdaşlıq əlini sıxacağına ümid etdiyini bildirib:
"Azərbaycan mehriban qonşuluq siyasətinə sadiqdir. Azərbaycanın bölgədə yaratdığı yeni reallıq yaxın və uzaq qonşularla qarşılıqlı faydalı əməkdaşlığa hesablanıb. Bakı İranla da mehriban qonşuluq münasibətlərinə sadiqdir. Azərbaycan dəfələrlə bunu öz əməlilə sübut edib. Azərbaycan münaqişəli münasibətləri qarşılıqlı iqtisadi əməkdaşlıq münasibətlərinə transfer etmək istəyir. Təəssüflər olsun ki, digər dövlət tərəfindən buna hələlik adekvat münasibət sərgilənməyib. 44 günlük savaş gedişində Bakı ilə Tehran münasibətlərində bir qədər sərin münasibətlər yarandı. Lakin dövlət rəhbərlərinin görüşündən sonra bu münasibnətlər bir qədər tənzimləndi. Bakı ilə Tehran Zəngəzur dəhlizinə alternativ yaradılması ilə bağlı müqavilə də imzaladı. Hesab edirəm ki, İran qonşu dövlət kimi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşacaq. Təklif etdiyimiz layihələri, platformaları dəstəkləyəcək”.
Həmsöhbətimiz Azərbaycan Türkiyə tandeminin regionda yeni siyasi konfiqurasiya formalaşdırması fonunda İrandan da bunu gözlədiklərini dedi:
"Bu konfiqurasiya regionda sülhün bərqərar olmasına hesablanıb. İrandan da bunu gözləyirik. Tehran mövcud reallıqla barışmalıdır. Çünki belə əməkdaşlıqda fayda var. Türkiyənin ölkəmizə münasibətdə etdiyini İrandan da gözləyirik. Hər halda Azərbaycan rəhbərinin apardığı uğurlu diplomatik siyasət nəticəsində Bakı ilə Tehran münasibətlərində də xeyli irəliləyişlər var. Güman edirəm ki, İran Azərbaycanın uzatdığı əməkdaşlıq əlini sıxacaq və regionda sülh və əməkdaşlıq əlaqələri daha da genişlənəcək”.
Rüfət Sultan
Şərhlər