Siyasət 16:16 17.08.2023

Tehran səfirliyimizin açılmasını istəyir: Bakı nə qərar verəcək?

"Tehran rejimi Azərbaycan səfirliyinin bərpasında maraqlıdırsa, öncə baş vermiş terror aktına obyektiv qiymət verməlidir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında  siyasi şərhçi Vüqar Zifəroğlu İran XİN rəhbəri Hüseyn Əmin Abdullahianın Tehranın Azərbaycan səfirliyinin bərpasında israrlı olduğu barədə fikirlərini şərh edərkən deyib.

Həmsöhbətimiz qeyd edib ki, İranın bu məsələdə israr etməsi anlaşılandır: 

"Azərbaycan Cənubi Qafqazda kifayət qədər ciddi strateji mövqeyə malik ölkədir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın mövqeyi geosiyasi, geoiqtisadi baxımından kifayət qədər güclənib. Ölkəmiz böyük dərəcədə müsbət imicə malikdir. Bu mənada, İran Azərbaycanla münasibətlərinə müəyyən korrektlər etmək məcburiyyətindədir. İran XİN rəhbərinin israrı da məhz bundan irəli gəlir”. 

Ekspert bildirib ki, Abdullahianın açıqlamalarına diqqət yetirdikdə, burada müəyyən paradoksların olduğunu müşahidə edirik: 

"Onun ölkəsinin səfirliyin təhlükəsizliyini təmin etməli olduğunu qəbul etməsi aydın məsələdir. Beynəlxalq hüquqdan gələn öhdəlikdir. Beynəlxalq hüquqdan irəli gələn öhdəliyə görə, hər bir ölkə digər ölkələrin ərazisində yerləşən səfirliklərinin təhlükəsizliyini birmənalı şəkildə təmin etməlidir. İran XİN rəhbərinin bu öhdəliyi dilə gətirməsi indiki məqamda münasibətlərin yumşaldılması, onun müsbət məcraya getməsi üçün irəli sürülən fikir olsa da, Tehran səfirliyin təhlükəsizliyini zamanında etməli idi”. 

Şərhçi hesab edir ki, İrandakı Azərbaycan səfirliyinə dəfələrlə bu sayaq təhdidlər olub. Həmsöhbətimizə görə, bu bəyanatla Abdullahian məsələyə hələ də obyektiv baxış sərgiləmədiyini ortaya qoyur:

"Abdullahian baş verən terror hücumunu yenə də hansısa şəxsi zəminə bağlayır. "Əlimizdə olan, faktoloji və istintaq materialları birmənalı şəkildə onu göstərir ki, səfirliyimizə edilən hücum əvvəlcədən planlaşdırılan terror hadisəsi olub. Ona görə də həmin olayın hər hansısa bir şəkildə şəxsi zəminlə əlaqələndirilməsi baş verən hadisəyə obyektiv baxış deyil. İran Azərbaycan səfirliyinin bərpasında həqiqətən də maraqlıdırsa, ilk növbədə həmin terror aktına obyektiv qiymət verməlidir. Hansısa qeyri-müəyyənlikdən danışmaq, şəxsi zəminlə əlaqələndirmək doğru yanaşma deyil”. 

Qeyd edək ki, İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahian media nümayəndələrilə görüşündə diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin məsuliyyətinin ev sahibi ölkənin üzərinə düşdüyünü qəbul etdiklərini bildirib.  "Azərbaycan Respublikasının İrandakı səfirliyində baş vermiş insidentdə bir çox qeyri-müəyyənliklər olub. Bu, şəxsi qisas xarakteri daşısa da, diplomatik  nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinin məsuliyyətinin ev sahibinin üzərinə düşdüyünü qəbul edirik. Bundan başqa, bütün dövlətlər diplomatik məkanların və şəxslərin qorunmasına cavabdehdirlər, lakin müasir dünyada belə hadisələr heç də bir ölkənin səfirliyinin bağlanmasına səbəb ola bilməz. Ümid edirik ki, tezliklə bu işlə bağlı məhkəmə qərarı veriləcək. Bizim məhkəmə müstəqildir. Məhkəmənin hökmündən və İranla Azərbaycan arasında əlaqələrin bərpasına maneə aradan qaldırıldıqdan sonra növbəti addımlar atılacaq”, - XİN rəhbəri qeyd edib. 

Rüfət Sultan