"İrandakı bəzi anti-Azərbaycan siyasi dairələri yenə də öz köhnə ampulalarındadır. Həmin qüvvələr Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətlərinin heç bir halda qorunub saxlanmasında maraqlı deyillər. Hər fürsətdə çalışırlar ki, münasibətlərimizə xələl gətirsinlər".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov İran parlamentinin üzvü Əbülfəz Zöhrəvəndinin Azərbaycan əleyhinə səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Elman Nəsirov bildirib ki, onlar çirkin niyyətlərinə nail olmaq üçün də hər bir vasitəyə əl atırlar:
"İran parlamentinin deputatı Əbülfəz Zöhrəvəndin anti-Azərbaycan müsahibəsinə necə qiymət vermək olar? Burada o, İsrail və İran münasibətlərində yaranmış gərginlik fonunda rəsmi Bakını ittiham edir. Guya Azərbaycan İsrailin İrana qarşı hərbi əməliyyatlarında onunla əməkdaşlıq edir. Bu şəxs bir qədər də irəli gedib, Azərbaycanın cəzalandırılmasından bəhs edir. Azərbaycanın guya ağlını başına yığması üçün ona şillə vurmağın vacib olduğunu söyləyir. Yəni Azərbaycanı cəzalandırmaqla istiqamətində müəyyən planlarının olması ilə bağlı ismarıclar ünvanlayır. Bunlar keçmiş səfir və bugünkü diplomatın istifadə etdiyi yalan, iftira, təzyiq, təhdid dolu ifadələridir".
Elman Nəsirov qeyd edib ki, iranlı diplomat dediyi sözlərin məsuliyyətini daşımalıdır:
"Görünür, onun arxasında daha iri siyasi füqurlar dayanıb. Onlar bu şəxsin dililə Azərbaycana yönəlik çirkin niyyətlərini ortaya qoyurlar. Amma bilməlidirlər ki, Azərbaycan güclü dövlətdir, güclü lideri var. Onlar unutmasın ki, 2006-cı ilin aprelində Azərbaycan Prezidentinin ABŞ-a ilk rəsmi səfəri oldu. Bu dövrdə dünya mətbuatı ABŞ və müttəfiqlərinin İrana zərbələr endirəcəyi barədə məlumatlar yayırdı. İlham Əliyev isə ABŞ prezidenti Corc Buşla apardığı danışıqlarda və keçirilən brifinqdə bəyan etdi ki, Azərbaycan ərazisindən heç bir üçüncü dövlət İrana qarşı güc tətbiq edə bilməz. Buna Azərbaycan imkan verməyəcək. O zamandan 18 il keçir və Azərbaycan Prezidenti necə bəyanat veribsə, o cür də ona əməl edir. Sözü imzası qədər gücə malikdir. Əbülfəz Zöhrəvənd kimilərinin davranış tərzi bunun qarşılığında onun təşəkkürüdürmü? Deputat bildirir ki, Azərbaycanın xarici siyasətində qonşularla münasibətlər əsas prioritetdir".
Deputat hesab edir ki, İrandakı müəyyən siyasi dairələr Azərbaycana qarşı təhdid dolu ismarıclar göndərir:
"Bu cəhdlərin heç bir nəticəsi olmayacaq. Azərbaycan güclü dövlətdir. İran onu da unutmasın ki, bu ölkədə hər zaman Azərbaycanın haqq işini müdafiə edən 35 milyonluq soydaşımız da var".
Qeyd edək ki, İranla Azərbaycan arasında münasibətlərin artıq normallaşıb. Amma bu normallaşma deyəsən İrandakı bəzi dairələri narahat edir. Onlar hər fürsətdən istifadə edərək, Azərbaycana qarşı qərəzli, təhdid dolu fikirlər səsləndirir, rəsmi Tehranı Bakıya qarşı sərt addımlar atmağa çağırırlar. Belələrindən biri də İran parlamentinin deputatı Əbülfəz Zöhrəvəndidir. O, heç bir arqumentə söykənmədən iddia edib ki, guya Azərbaycan İrana qarşı mübarizədə İsrailə dəstək olur.
Rüfət Sultan
Şərhlər