Bakı Şəhəri üzrə Təhsil İdarəsi "STONE CONSTRUCTİON” QSC ilə bağlanmış satınalma müqaviləsinə aydınlıq gətirib.
Qurumun nətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, www.etender.gov.az portalında müqavilənin məbləği ilə bağlı yalnışlıq olub:
"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrinə zəruri hallarda içməli suyun və yaranan çirkab suların nəqliyyat vasitəsi ilə daşınması xidmətlərinin satın alınması ilə əlaqədar bir sıra kütləvi informasiya vasitələrində gedən yanlış məlumatlar həqiqəti əks etdirmir.
Belə ki, müvafiq xidmətlərin satın alınması ilə əlaqədar təkliflər sorğusu üsulu ilə satınalma prosesi keçirilmiş və nəticələr haqqında tender komissiyasının yekun protokoluna əsasən "STONE CONSTRUCTİON” Qapalı Səhmdar Cəmiyyəti qalib elan edilib. Həmin təşkilatla 20 oktyabr 2021-ci il tarixində satınalma müqaviləsi bağlanıb. "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən keçirilmiş satınalmanın yekununda bağlanmış satınalma müqaviləsi www.etender.gov.az internet saytında müvafiq bölmədə dərc olunur. Belə ki, satınalma müqaviləsi portala yerləşdirilən zaman müqavilənin məbləği təqdim olunmuş 45 176,30 (qırx beş min yüz yetmiş altı manat otuz qəpik) manat əvəzinə 4 517 630 (dörd milyon beş yüz on yeddi min altı yüz otuz manat) manat kimi dərc olunub, portalda baş vermiş texniki xəta səbəbindən müvafiq məbləğ düzgün ifadə edilməyib".