Televiziya dünyasını və serialları yaxından izləyənlər bu vəziyyəti yaxşı bilir. Əvvəllər adı heç eşidilməyən və ya çox az tanınan biri bir serial sayəsində bir gecədə şöhrətin zirvəsinə yüksələ bilər. Başqa sözlə, bu insanlar bir möcüzənin qəhrəmanına çevrilirlər.
Adını yalnız bir serialla tanıdanların əksəriyyətinin şöhrəti də saman alovu kimi parlayıb sönür. Bununla belə, onların bəziləri bu sarsıntını yaxşı keçərək karyeralarını davam etdirməyi bacarırlar.
Onların arasında müəyyən mərhələyə çatana qədər kifayət qədər çətin proseslərdən keçənlər də az deyil.
Qaynarinfo xəbər verir ki, belə şəxslərdən biri də Natali İmbrulyadır.
Hazırda 51 yaşında olan İmbrulya "Neighbours" serialında oynadığı rolla şöhrət qazanıb. Avstraliyada müasir dövrün ən məşhur seriallarından biri hesab olunan bu ekran işi sayəsində o, bir anda parlaq ulduza çevrilmişdi.
Natali İmbrulya gənclik illərində Avstraliyada rol aldığı "Neighbours" serialı ilə ulduza çevrilmişdi. Hamı onun bu parıltısının heç vaxt sönməyəcəyini düşünürdü. Lakin belə olmadı. Natali İmbrulyanın 1992-ci ildə başlayan yüksəlişi iki il sonra, yəni serialdan ayrıldıqdan sonra sürətlə tərsinə çevrildi.

Roldan ayrıldıqdan sonra çətin günlər başladı
İmbrulya həmin çətin dövrü necə keçdiyini və o zaman nələr yaşadığını qonaq olduğu podkast proqramında danışıb.
Davina MakKollun hazırlayıb təqdim etdiyi "Big Again" proqramına qatılan Natali İmbrulya "Neighbours" serialından ayrıldıqdan sonra iş tapmaqda çətinlik çəkdiyini bildirib.
Serialdan ayrıldıqdan sonra musiqi fəaliyyətinə daha çox diqqət ayıran İmbrulya bu sahədə də uğur qazana bilmədiyini deyib.
Məhz həmin dövrdə həyatının ən çətin mərhələlərindən birini yaşayıb.
İş tapmaqda çətinlik çəkdi
Avstraliyada yayımlanan serialdan ayrıldıqdan sonra iş tapmaq ümidi ilə İngiltərəyə gedib.
Lakin orada da prodüserlər daha əvvəl başqa serialda diqqət çəkmiş birinə rol verməyə elə də həvəs göstərməyiblər. Natali İmbrulya iş tapmaqda böyük çətinlik çəkib.
Artıq onun nə pulu, nə işi, nə də iş tapmaq ümidi qalmışdı.

Qalaq-qalaq pul qazanarkən hər şey tükəndi
İmbrulya həmin dövrü proqramda belə xatırlayıb: “Bir neçə il ərzində "Neighbours" sayəsində çox məşhur idim. Tədbirlərə dəvət olunurdum, klublarda səhnəyə çıxırdım. Avtoqraf verirdim. Zərflərin içində qalaq-qalaq pullar gəlirdi. Amma sonradan hər şeyin asanlıqla qarşıma çıxmadığı dövrlər başladı".
İşsiz qaldığı müddətdə bir gün atası da ondan nə vaxt iş tapacağını soruşub. Bu sual İmbrulyanın qüruruna toxunub və o, atasına qışqıraraq etiraz edib. Atasının bu sualından çox utanmışdı. Digər tərəfdən isə atasının verdiyi həmin sual onun həyatını qaydaya salmasına da səbəb oldu.
Dostunun zirzəmisində yaşadı
İmbrulya maddi çətinlik çəkdiyi həmin dövrdə Londonda, Çelsidə bir dostunun malikanəsinin zirzəmisində yaşayırdı.
O, Davina MakKolla deyib: “Bu, çox qəribə idi. Böyük bir malikanədə yaşayırdım, amma yalnız zirzəmidə qalırdım. Pulum da yox idi".
Həmin vaxt İmbrulya yenidən iş tapmaq şansının olub-olmayacağı barədə çox düşünürdü. Aktyorluqla yanaşı müğənni və mahnı müəllifi də olan Natali İmbrulya sonradan karyerasını yenidən toparlamağı bacardı. O, qarşıdakı sentyabr ayında "Algorithm" adlı altıncı albomunu təqdim etməyə hazırlaşır.
Aydın
Şərhlər