Xəbər lenti

Tele-vizyon və ya...
Sənət11:48 15.05.2020

Tele-vizyon və ya...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazim Şərbətov
Keçən dəfə tematik kanallardan yazmışdım. Dost-tanış həmişə irad bildirdi ki, ay Nazim, niyə ad çəkmirsən? Mən fikir bildirəndə kimisə və ya hansısa qurumu "vurmaq” üçün eləmirəm. İllərlə təcrübə qazandığım sahə ilə bağlı düşüncələrimi bölüşürəm. Kənardan baxıb müşahidə və analiz etməyə yetərincə zamanım və marağım da var.
Ölkədə yayımlanan bütün kanallarda dostlarım var, verilişlərdə çalışan yüzlərlə tanıdığım əməkdaş əməkhaqqı alır. Biz proqramı tənqid edəndə, bunu verilişin bağlanması üçün etmirik, qüsurları göstəririk ki, düzəlsin. Efirdə çalışan adam işə aludə olduğundan müəyyən nöqsanları görə bilmir. Bu da normaldır, gündəlik efir, qonaq, mövzu – bunlar asan gəlməsin sizə. 
Demək istədiyim odur ki, hamının bir ağızdan eyni (beldən aşağı) mövzuları ekrana (evlərə) daşımağı bu mövzuların gələcəkdə cəmiyyət üçün adiləşməyinə gətirib çıxaracaq. Kriminal, zorakılıq, şiddət, seksual tərkibli xəbər başlıqları zamanla cəmiyyətdə sıradan bir hadisəyə çevriləcək. İctimai qınaq azalacaq. Təhlükənin fərqində deyilik, amma qapıdadır. 
Bu fikirləri yazarkən yadıma Ejen İoneskonun "Kərgədanlar” əsəri düşür. Kütlə daima yuxuda olan kərgədan kimidir. Şəhərdə anidən peyda olan kərgədanlar, əvvəlcə tək-tək gözə dəysə də, sonradan sürətlə sayları artır. İnsanlar əvvəlcə qorxsalar da, sonradan şəhərdə kərgədanları görmək adiləşir. Cəmiyyətin kərgədanlaşması da hansısa kütlə ideologiyasına qurban getməsini əks etdirir...
Gəlin efir saatlarını qarşı-qarşıya qoyaq, baxaq, eyni saatda hansı məzmunda verilişlər var.
Eyni məzmunlu və əksər hallarda da eyni "ekspert”lərlə verilişlər çoxluq təşkil edir.
Başa düşürəm, bölgələrdə yaşayan saf, probleminin həllini TV-də görən zəif xarakterli insanı efirə çıxardıb tənqid atəşinə tutmaq, mövzu edib müzakirə predmetinə çevirmək daha asandır. Mövzunu bu şəkildə deyil, daha faydalı formatda işləmək olar axı. Bunun üçün istedadlı işçiləriniz də var. İndi deyəcəksiniz ki, ekspert yoxdur, hər qonaq danışa bilmir, lazım olan qonaq bəzən başqa verilişdə olur. Bunun da həlli yolları var, yetər ki, hər kanal özünə müəyyən tematika seçib fəaliyyət göstərsin. Dünya televiziya standartlarına cavab verməsə də, tv kanallarımızın bu istiqamətdə işləməyin vaxtı çoxdan çatıb.
Məsələn, Xəzər Tv çox gözəl seriallar yayımlayır, gündəlik serial təcrübəsini də milli tv arenasına ilk dəfə elə Xəzər Tv gətirdi. Kanal Türkiyənin Atv kanalı kimi serial kanalı ola bilər, bu istiqamətdə ixtisaslaşa bilər.
ATV kanalı şou-əyləncə (Toyxana yox) kanalı olarsa (bu, onlarda daha yaxşı alınır), ARB kanalı sosial tok-şou tematikasını seçərsə, daha çox uğur qazanar.
Lider Tv artıq tematik kanal olmağa doğru gedir, siyasi verilişləri bunu deməyə əsas verir.
Space Tv film kanalı olsun, filmlərlə bağlı verilişlər etmək üçün fikrimcə, yaxşı ekspertləri də cəlb edə bilərlər (Hind filmlərini nəzərdə tutmuram ;))
Digər kanallarımız onsuz da tematik kanallardır – ARB24, Real TV, CBC Sport, MuzTv və s.
AzTv və İtv-ni bu kateqoiyaya daxil etmək doğru olmaz.
Qeyd edim ki, tematik kanal efir saatının çox hissəsini seçdiyi mövzuya uyğun edərək, geri qalan saatları digər formatlarda proqramlar yayımlaya bilir.