Xəbər lenti

«Tələs, Zaur, tələs, vaxtımız azdır»... (FOTO)
Sənət11:21 21.10.2017

«Tələs, Zaur, tələs, vaxtımız azdır»... (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yəqin ki, sizə ən sevdiyiniz Azərbaycan filmlərinin adını yaz desək, onların arasında mütləq "Təhminə və Zaur" filmi də olacaq. Bu film haqqında deyilməli olan bütün sözlər artıq deyilib, bitib. Biz isə bu gün yeni çəkilən Azərbaycan komediya filmi - "Təhmin və Zaur"dan danışacağıq.

Qeyd edim ki, filmdə baş rolları Fərda Amin, Kəmalə Piriyeva və Elcan Rəsulov oynayır. Filmin rejissoru Zaur Mirzəzadə, ssenari müəllifləri Zaur Mirzəzadə və Nicat Dadaşov, aktyor-müğənni Cəmildir.

"Gənclik Mall"da yerləşən "Cinemaplus" kinoteatrında filmin qala gecəsinə dəvət alanların sırasında mən də var idim. Azərbaycanın məşhur simaları, jurnalistlər, hətta yazıçılarımızı da qonaqlar arasında görmək mümkün idi. Bir sirr açım sizə. Bu cür gecələri müşahidə edərək, nə qədər istəsəniz komediya çəkmək olar. Məsələn, suşi ilə foto çəkdirən xanımlar, fanatlarından bezmiş görünmək istəyən aktyor, bir-birinə gülümsəmək üçün özünü məcbur hiss edən çoxlu adam, özünü Hollivudda hiss edən gənc aktirisalar. Yəqin ki, vəziyyət haqqında az-çox təsəvvür yarada bildim.

Bütün bu qarışıqlığın içində aparıcı filmin rejissorunu və aktyorlarını səhnəyə dəvət edir. Və Kəmalə Piriyevanı görməyə gələn qonaqların arzusu ürəyində qalır. Aktirisa xaricdə olduğu üçün filmin təqdimatında iştirak edə bilmir.

Nəhayət, gözlənilən an gəlib çatır və film başlayır. Fərda Aminin canlandırdığı Zaur obrazı bizim Təhminənin Zaurundan çox fərqlənirdi. "Tənha Qadınlar"a istəklərinə uyğun ər tapmağa söz verən fırldaqçı və onu islah etmək üçün göndərilən Təhmin adında mələk. Elə mələk də bizim gözlədiyimiz ağ paltarlı zərif qanadları və sehirli çubuğu olan qəşəng qız deyildi. Elcan Rəsulovun ağarmış versiyasıdır. Yəni ki, Təhmin rolunu Elcan Rəsulov canlandırmışdı. Kəmalə Piriyeva isə varlı ailənin ərköyün qızı və Zauru ölümdən xilas edəcək Afəti oynayırdı. 7 gün ərzində yaşanan sevgi romanı Hollivud film qəlibinə yerləşdirilən milli zarafatların sintezindən ibarətdir. 

İndi oturub filmin süjet xəttini danışsam, sizin üçün marağı qalmayacaq. Ona görə də ya dostunuz, ya da sevgiliniz üçün bir bilet alıb, Sinemzadə studiyasının istehsalı olan filmi "Cinemaplus” kinoteatrlar şəbəkəsindən birində birgə izləsəniz daha maraqlı olar.

Lalə Niftaliyeva
Qaynarinfo.Az