Dünəndən vədələşdik ki, səhər tezdən işə birlikdə gedək. Onu iş yerinin qarşısında düşürdüm: - Sənə radioda qulaq asacam... - Oldu , axşam konsertə mütləq gələrsən. - Mütləq, görüşərik! Mədəniyyət evinin təşkilatçılığı ilə şəhərin parklarından birində konsert olacaqdı, o da qrupu ilə orada oxumalı idi. Onu oxuyarkən yalnız videolarda izləmişdim, odur ki, səbirsizliklə axşam konsertə gedib onu canlı dinləmək istəyirdim. Axşam konsertə xeyli gecikdim, amma çox bəyəndim. Konsert bitəndən sonra o, musiqiçi dostları ilə bir müddət deyib gülüb şəkil çəkdirdi, mən isə səbrlə kənardan müşahidə edib gözləyirdim. Onu bir az aralıda avtodayanacaqda gözlədiyimi yazdım. Bir azdan gəlib maşına əyləşdi. Biz şəhərin mərkəzinə sarı getdik. - Hə? Necə oxudum? - Çox əla, həm də mənimçün bir az qəribə idi, səni səhnədə birinci dəfə idi görürdüm, həm də çox gözəl görünürdün. - Çox sağ ol ki, gəlib dəstək oldun! Hə, hara gedirik? - Düzü bilmirəm, hündür bir yerə qalxaq, bir az siqaret çəkib söhbət edək. Teleqüllənin yanına. Ordan şəhər çox maraqlı görünür. Artıq hava qaralmışdı. Biz yuxarıya qalxanda orada bir neçə maşın var idi, adamlar bu hündür nöqtədən şəhəri seyr edir, üşaqlar qaçışır, sevgililər qucaqlaşır, gənc oğlan və qızlar zarafatlaşıb şəkil çəkdirirdilər. Biz azca aralıda dayanıb maşına söykənərək şəhərə baxıb siqaret çəkir, söhbət edirdik. Azca aralıda bir ev görünürdü, ikinci mərtəbənin eyvanı bizə sarı idi. Eyvanda duran bir nəfərin ağacların arasından bizə baxdığını gördüm, daha sonra o, eyvandan pilləkənlərlə enərək darvazaya sarı gəldi. Darvazadan çıxdıqda artıq onun məhz bizə sarı gəldiyinə şübhəm qalmadı. Burada xoşagəlməz bir halın baş verəcəyini anlayıb M-ə burdan getməyimizi təklif etdim. - Nə oldu ki?- deyə təəccüblə soruşdu - Heç, indi axmağın birinə fəlsəfə dərsi keçməyə halım yoxdur, gedək, - dedim. Biz təzəcə maşına əyləşmişdik ki, orta yaşlı bir kişi şüşəni döydü. Mən şüşəni aşağı endirdim: - Eşidirəm? O salamsız-kalamsız: - Qardaş, siz burdan getsəz yaxşıdır, - dedi - Nə olub ki? – deyə soruşdum - Burada ailə yaşayır, nə olacaq? - Yaşasın də, mane oluruq? - Sən məni başa düşmədin deyəsən. - Yox, başa düşmədim, ailə yaşayır yaşasın də, elə biz də ailəyik, hələ üstəlik evdə iki kürən, çil-çil, ekiz qızlarımız da var. M bunu eşitcək özünü saxlaya bilməyib gülməyə başladı. Orta yaşlı kişi ələ salındığını düşünüb əsəbi halda dedi: - İndi mən bir fit versəm, səni maşınınla birlikdə dərəyə aşıracaqlar, cəhənnəm olun burdan!! - Gəl gedək, baş qoşma ona, xahiş edirəm, - deyə M mənim qolumdan tutdu. Heç nə demədən motoru işə saldım, maşını geri verib oradan uzaqlaşdıq. Fikirləşdim ki, mağara insanı ilə mübahısə etmək, hələ dava etməyi demirəm, ən banal məğlubiyyətdir. - Aman Allah, bu ölkə nə vaxt düzələcək? - Yadından çıxart, boş şeydir. Sənə bir şey göstərmək istəyirdim, bu axmaq imkan vermədi, yaxşısı odur gedək dəniz kənarına. - Bu gün şənbə günüdür bilirsən? İndi dəniz kənarında iynə atmağa yer yoxdur, həm də bilirsən də kontingent... - Hə, düz deyirsən, həm də o istiqamətdə bir tıxaç var gəl görəsən. Yaxşı sakit bir yer tanıyıram, bəyənəcəksən, ora gedək. Duz gölünün sahilində bir ferma var idi, yoldan bir xeyli aralı. Hərdən işə gedəndə səhər-səhər onun yanında dayanıb təmiz hava alır, termosda gətirdiyim qəhvəni içib yoluma davam edərdim. Bura çatanda artıq hava tam qaranlıq idi, biz magistral yoldan torpaq yola dönüb fermadan bir qədər aralıda təpənin arxasında dayandıq. Bura həqiqətən də çox sakitlik idi. Gölün o biri sahilində üzüm sahələri və onun yaxınlığında isə bir restoran vardı, restoranın işıqları və ay göldə əks olurdu. Mən aya baxdım, onun üçdə biri işıqlı idi, bu da onun üzərindəki kraterləri müşahidə etmək üşün çox əlverişli idi. - Bura çox sakitlikdir, - deyən M gündən saralmış otların üstündə əyləşdi və gülərək əlavə etdi - Hə, mənə nə göstərəcəkdin? - İndi görəcəksən, – deyib baqajdan neviliri götürdüm və onun yanına gəldim. O təəcüblə mənim bu cihazı necə quraşdırmağıma baxır və səbirsizliklə, “bu nədir?”, “nə üçündür?” deyə suallar yağdırırdı. Cihazı aya sarı istiqamətləndirmək bir o qədər də asan olmadı, çünki ay üfüqə nisbətdə 50-60 dərəcə hündürlükdə idi. Bunun üçün cihazın bir ayağını maksimum qısaldıb, digər ikisini isə maksimum uzatmalı oldum. Cihazı fokuslayıb nəticəni aldıqdan sonra onun yanında oturub: - Hazırdır, baxa bilərsən, - dedim. O balaca uşaq kimi sevinir, heyrətlə aya baxırdı: - Birinci dəfədir ayı bu qədər yaxından görürəm, çox gözəldir.. - Sən ki televiziyada işləmısən, heç ağlına gəlməyib kamera ilə baxmaq? Kameranın böyütmə imkanı bundan da yaxşıdır. - Yox, görünür bizim operatorlarımız sənin qədər romantik deyillər, – deyə gülümsədi - Bu romantika yox, astronomiyadır. Biz yenə otların üstündə oturub söhbət edirdik. Təpənin arxasından maşın işiğı göründü, təpəni aşıb bizə sarı gəlirdi. Mən ayağa qalxıb maşınıma sarı getdım. Maşında bir tək sürücü idi, maşından düşmədən “ axşamınız xeyir”, dedi. - Axşamınız xeyir! - Qardaş, belə pis çxmasın, siz burda nə edirsiz? - Siz kimsiniz ki? –deyə cavab verdim. - Bura qorunan ərazidir, mən də buranın mühafizəçisiyəm. - Narahat olmayın, biz oğru deyilik, sadəcə havamızı dəyişirik. - Sadəcə maşın işığını gördüm, ona görə gəldim. Burdan gecələr duz oğurlayırlar hərdən. Mənim işim budur. Görürəm ki, oğruya oxşamırsız. Sağolun, narahat etdim,- deyib maşını sürüb getdi. Mən M-in yanına qayıdıb, “buranın oxranıdır”, deyib əyləşdim. - Hə, eşitdim,- deyərək başını mənim çiynimə söykədi.- Burdan heç getmək istəmirəm, çox sakitlikdir. Maşın bizdən bir xeyli aralaşdı, amma sahildə dayanıb şübhəli şəkildə gah irəli, gah geri gedir, bir müddət dayandıqdan sonra isə sürüb getdi. Mən bu qonağın heç də xoş məramının olmadığını hiss etdim. Buradan da uzaqlaşmağı düşündüm. Amma içimdə yersiz bir prinsipiallıq baş qaldırdı və bunun nə ilə nəticələnəcəyini gözləməyə qərar verdim. Biz otların üstündə oturub müxtəlif mövzularda söhbət edir, deyib gülür, vaxtımızı keçirirdik. Heç 20 dəqiqə belə keçmədi ki, təpənin arxasından yenə maşın işıqları göründü, bu bir “pickup” idi, o bizə tərəf gəlirdi. Yerimdən qalxıb maşına tərəf getdim, M-ə isə öz maşınımıza gedib oturmağı xahış etdim. Bu dəfə maşında iki nəfər var idi, sürücü və onun yanında polis formalı 30 yaşlarında bir oğlan. O maşından düşüb mənə sarı gəldi: - Axşamınız xeyir! - Axşamlniz xüyir! O mənə, masınıma və daha sonra nevilirə baxıb soruşdu: - Qardaş, siz burda nə edirsiz? - Siz kimsiniz ki? – deyə cavab verdim. - Gözün zəif görür? Görmürsən polisəm?- kobud tonla cavab verdi. - Görürəm polissiniz. Hansı rayondan? - Elə buralardan!- yenə kobud tonla cavab verdi və əlavə etdi- Sizin sənədlərinizi olar? - Olar, amma siz öncə öz sənədinizi təqdim edin, – dedim, amma onunla çox da mübahisə etmək fikrində deyildim, çünki biz ən azından yoldan 500 metr aralı, kimsəsiz bir yerdə idik, bunların polis olub-olmaması məlum deyildi, düzü istərdim doğrudan da polis olsunlar. O cibindən vəsiqəsini çıxarıb mənə göstərdi, mən ona ötəri baxdım, düşündüm ki, bununla qanun dilində danışmaq fayda verməyəcək, çünki o buraya heç də cinayətkar axtarmağa gəlməyib. - Çox gözəl! – dedim – Problem nədədir? - Problem yoxdur hələ ki. Amma mən sizin və xanımın sənədlərinə baxmalıyam... - Siz mənim sənədimə baxa bilərsiz, problem deyil, amma xanıma yaxın belə durmayacaqsınız. - Necə yəni? Mənə kim təminat verə bilər ki, sabah burda bir qadın meyidi aşkarlanmayacaq? - Qulaq as, cavan oğlan, belə gözəl bir varlığı heç Çikatilonun da əli gəlməz öldürsün, -deyə gülümsədim. - Kimin? Cikatello kimdi? - Çox məhşur bir qatil və manyak. O bir balaca gülümsəyib, dərhal da ciddi görkəm alıb dedi: - Sizin və xanımın sənədlərinə baxmalıyam, sənədləri təqdim edin! - Mən sizə dedim axı, xanım tanınmış adamdır, nə söhbətiniz var mənimlə həlll edək. - Tanınmış adamdır deyirsiz? Müğənnidir?- o çox maraqla soruşdu. Mən gülümsədim. Elədir, o həm də oxuyur, amma sözsüz ki, onun müğənni anlayışı başqa idi. Bir anlıq M-i toyda oxuyan bir müğənni təsəvvür etdim. - Tanınmış dedikdə mütləq müğənni olmalıdır? Xeyr, müğənni deyil. İndi mən sizə sənədimi göstərəcəm və siz bizi rahat buraxacaqsınız. - Xeyr, bununla iş bitmir, mən mütləq bölməyə xəbər verməliyəm, – deyib cibindən telefonunu çıxarıb harasa zəng etmək niyyətində olduğunu nümayiş etdirdi. - Hara istəyirsiz zəng edin, ikincisi də telefonla yox, ratsiya ilə xəbər verməlisiniz, üstəlik də gəldiyiniz maşın heç polis maşını da deyil. Olsun, indi siz bölməyə, mən isə öz dostlarıma zəng edəcəm, görək nə olur? - Kimə zəng edəcəksiniz ki? – o bir qədər də ciddiləşdi. - Məsələn, xüsusi mühafizə mayoruna və ya çox yüksək vəzifəli polis polkovnikinə, nə fərqi var? Polis oğlan bir qədər duruxub cavab verdi: - Müəllim, bilirsiz, bu mənim işimdir, mən yoxlamalıyam, kimə istəyirsiz zəng vurun, mən vəzifəmi yerinə yetirirəm... Mən onun sözünü yarımçıq kəsib maşına sarı getdim. - Nə olub? Nə istəyirlər onlar?- deyə M soruşdu, onun çox həyəcanlı olduğunu hiss etdim. - Heç nə. İndi həll edərəm, narahat olma. - Mən hər şeyi eşitdim, lazımdırsa jurnalist vəsiqəmi göstərim. - Lazım deyil, o sənə bir addım belə yaxınlaşarsa, onu peşiman edərəm. Mən belə şeylər barədə çox eşitmişəm, nəsə qopartmaq istəyir görünür, - deyib vəsiqəmi götürüb polisə yaxınlaşdım. - Buyurun, bu da mənim vəsiqəm O vəsiqəmi o üz bu üzə çevirib baxdı, harada yaşadığımı, nə işlə məşğul olduğumu soruşdu, həqiqətən də bir qədər utanaraq, sanki zorla, bir vicdan əzabı çəkərək dedi: - Müəllim, bəs siz evli adamsız... Mən onun sözünü yarımşıq kəsdim: - Hə cavan oğlan, burda çox böyük səhv etdin, görürəm bu “işlərdə” təcrübən çox azdır, sənin bu hərəkətin şantaj adlanır. Amma mən səni başa düşürəm. Bura cinayət axtarış tədbirləri görməyə gəlməmisən, gəlmisən ki 5-10 manat qopardasan.. - Yox, elə deyil,- bu dəfə o mənim sözümü kəsdi. - Elə deyil? Elə deyilsə zəng et, qoy post-patrul yollasınlar, yoxsa özüm 102-yə zəng edəcəm, ya da lazımlı adamlara zəng vurub məsələni başqa cürə həll edəcəm, bu da sənə sərf etməyəcək. - Müəllim, belə söhbət lazım deyil,- dedi və nə deyəcəyini bilməyib baxışını nevilirə yönəltdi: - Bəs bu cihaz nədir belə? - Bu nevilirdir, dedim axı, tikinti mühəndisiyəm. - Bəs burda nə edirsiz onunla? - Ayın kraterlərinə baxırıq,- gülümsəyərək dedim. - Krater nədir? - Bilmirsən krater nədir? Görünür coğrafiya müəllimin zəif olub. - Yadımda deyil. - Yəni, belə deyək, ayın üstündəki dağlar, - mən onun qolundan tutub əlavə etdim.- Baxmaq istəyirsən? Gəl gedək. - Hə, yəqin çox maraqlıdır. Biz burada mübahisə edərkən ay artıq bir neçə dərəcə qərbə, bir az da aşağı hərəkət etmişdi. Cihazı yenidən tənzimləyib fokusladım. Ay həqiqətən çox gözəl idi: - Gəl bura,- dedim, – bax. O çox maraq və heyrətlə aya baxırdı: -Müəllim, vallah birinci dəfədir görürəm, əladır! Bir anlığa universitetin kiçik rəsədxanasındaki təqribən 3 metrlik teleskopu xatırladım. Bu cavan oğlanın hələ heç nə görmədiyini fikirləşdim. - Mamedov, tez bura gəl, – deyərək o maşındakı sürücünü səslədi. Sürücü də gəlib baxdı, onlar birinci dəfə ayı bu qədər yaxından gördüklərinə uşaq kimi sevinirdilər. Daha sonra polis oğlan ciddi görkəm alıb mənə dedi: - Hə müəllim, çox sağolun, amma mən yenə də bölməyə xəbər verməliyəm. - Sizə dedim, necə istəyirsiz, amma bir şey deyim, əynindəki bu formanı çalış kirləndirmə, görürəm yaxşı oğlansan, çünki bu formada səngərdə döyüşən insanlarımız olub. Səni başa düşürəm. Yəqin ki maaşın 300 manatdan bir az çox olar. Çətindir. - Düz deyirsiz, müəllim, çox çətindir. Üzürlü sayın, biz burdan gedirik, amma sizə də burdan getməyi məsləhət görürəm. - Çox sağ ol, amma bir xahışım var.. - Bəli, buyurun! - İçki içənsən? - Hə, hərdən. - Siqaret necə? Çəkirsən? - Hə, - gülümsəyərək. - Onda sənə bir şey verəcəm, halal xoşun olsun, bu rüşvət deyil. Sadəcə sənin bir vicdanlı insan olduğun üçündür. Dostlarım mənə Moskvadan yaxşı bir araq, bir blok da “Marlboro” gətiriblər,- deyib onun cavabını gözləmədən maşına tərəf getdim. Baqajdan polietilen torbaya qoyulmuş arağı və siqareti gətirib ona uzatdım: - Al götür, yeyib-içib yorğunluğunu çıxart. O bir az tərəddüd edirmiş kimi, “ Müəllim vallah, lazım deyil” dedi Mən israr etdim. O torbanı alıb sürücüyə verdi və dedi: - Müəllim, siz yaxşı adamsız! - Sən də şox yaxşı oğlansan, yaxşı da polissən! Hər ikisi mənimlə əl tutub vidalaşdılar, maşına əyləşib çıxıb getdilər. Mən cihazı yığışdırıb baqaja qoydum, maşına oturub motoru işə saldım. M diqqətlə mənə baxırdı. Mən də ona. - Səni sevirəm! – dedim - Bilirəm. Gedək burdan, - deyərək gülümsədi - Hə, gedirik. - Bu ölkədən...